14 may

Gülərin Bakıya səfəri: PKK sonrası təhlükəsizlik gündəliyi - TƏHLİL

PKK-nın özünü buraxması fonunda baş verən hadisələr regionun təhlükəsizlik mənzərəsini əsaslı şəkildə dəyişməkdədir. Belə bir dönüş nöqtəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü təkcə rəsmi təmas deyil, həm də yeni geosiyasi düzənin konturlarını müəyyən edən strateji mesaj idi.

Azərbaycan Prezidenti İlham Əliyev PKK-nın ləğvini “tarixi hadisə” kimi dəyərləndirərək bu uğurun Türkiyənin güclü dövlət iradəsi, peşəkar ordusu və xalq-vətəndaş həmrəyliyi nəticəsində əldə edildiyini xüsusi vurğuladı. Bu bəyanat həm də göstərdi ki, Bakı Ankaranın regional təhlükəsizlik sahəsindəki nailiyyətlərini özünün də geosiyasi maraqları çərçivəsində qiymətləndirir və dəstəkləyir.

Gülərin Bakıya səfəri Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının sadəcə ikitərəfli deyil, bölgə üçün yeni təhlükəsizlik platformasına çevrildiyini göstərdi. Səfər çərçivəsində tərəflər yalnız hərbi-texniki məsələləri deyil, həm də Cənubi Qafqazda və Yaxın Şərqdə sabitlik strategiyalarını müzakirə etdilər. Bu, bir daha təsdiqləyir ki, iki ölkə arasında münasibətlər sadəcə qardaşlıqla məhdudlaşmır, konkret və praktiki strateji məqsədlərə əsaslanır.

PKK-nın silahlı mübarizədən imtinası Türkiyənin daxili təhlükəsizliyinə mühüm töhfə verdiyi kimi, Ankaranın sərhədlərdənkənar proseslərə daha çox resurs ayırmasına da yol açır. Bu kontekstdə Gülərin Azərbaycana səfəri, bir növ, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni fazaya keçid mesajı idi. Artıq Ankara bu bölgələrdə daha aktiv rol oynamaq, Azərbaycanın da daxil olduğu yeni təhlükəsizlik arxitekturasında aparıcı aktor kimi çıxış etmək niyyətindədir.

Səfər həm də 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin reallaşma mərhələsinə keçdiyini göstərdi. Birgə hərbi təlimlər, silah istehsalı və texnoloji mübadilə sahəsində əməkdaşlığın güclənməsi iki ölkənin təhlükəsizlik strategiyalarını daha sıx şəkildə əlaqələndirməsinə şərait yaradır. Bu isə regionda yeni güc balansı deməkdir.

Nəticə etibarilə, Yaşar Gülərin Azərbaycana səfəri yalnız PKK-nın süqutu ilə eyni vaxta düşdüyü üçün deyil, həm də bu hadisənin yaratdığı strateji fürsətlərin maksimum dərəcədə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ankara və Bakı bu fürsəti yalnız regional təhlükəsizliyi deyil, eyni zamanda bölgənin inkişaf perspektivlərini təmin etmək üçün də istifadə etməyə hazır görünür. Bu səfər göstərdi ki, Türkiyə və Azərbaycan birgə addımlamaqla regionda yalnız sabitlik və sülhü deyil, həm də strateji iradəni formalaşdıran əsas aktorlardır.

TƏHLİL ANALİTİK QRUP