Fransa BMT qətnamələrini heçə sayır - ŞƏRH

Son illər Ermənistanın böyük bacısı obrazına bürünən Fransa, xüsusən də Makron hökuməti Azərbaycana qarşı çirkin oyunlardan əl çəkmək niyyətində deyil. Rəsmi Bakının Fransa koloniyalarından əziyyət çəkən ada dövlətlərinin haqlı səsini dəstəkləməsi, konfranslara ev sahibliyi etməsi, fransız casus şəbəkəsini ifşa edərək həbsə göndərməsi Azərbaycanın nəinki regionda, hətta dünyada da söz sahibi olmasından, xarici siyasətini düzgün qurmasından xəbər verir. Bir neçə gün əvvəl Bakıda fransız casuslarına qarşı keçirilən növbəti məhkəmə prosesi Parisdə təşvişə səbəb olub. Bu səbəbdən də Fransa Parlamenti hökuməti və Avropa İttifaqını (Aİ) Azərbaycana qarşı təzyiqi artırmağa çağıran bir qətnamə yayıb.
Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye və həmin dostluq qrupunun sədr müavini Aleksandr Martenin bu qətnamənin müəllifləri olduğu üzə çıxıb. Şübhəsiz ki, belə absurd və mənasız qətnamə yaymaq üçün sözügedən şəxslər erməni diasporu tərəfindən yaxşı bəxşiş alıblar. Sirr deyil ki, erməni diasporu zaman-zaman bu yola baş vurur və bir sıra ölkələrdə parlamentariləri rüşvətlə Azərbaycana qarşı haqsız və mənasız, heç bir əsası olmayan qətnamələr qəbul etməyə şirnikləndirir.
Qətnamədə qeyd olunur ki, Fransa – Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi – regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır.
Qətnamədə Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların-red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı bu mənada əsassız iftira da irəli sürülüb.
Göründüyü kimi, ada dövlətlərindən getdikcə əli çıxan, Afrikadakı koloniyalarını itirən Fransa gözünü Ermənistana dikib. Əslində strateji tərəfdaşlıq dedikdə erməni dövlətinin ərazisini Rusiyaya qarşı plasdarm kimi istifadə etmək nəzərdə tutulur. Təbii ki, Fransanın bütün bəyanatları, dostluq-qardaşlıq, təhlükəsizlik və inkişaf prinsipləri sadəcə söz yığınından ibarətdir. Bunu iki ölkə arasında getdikcə azalan ticarət dövriyyəsi də sübut edir.
İkinci məsələ isə Bakıda mühakimə olunan erməni terrorçuları ilə bağlıdır. Avropanın siyasi mərkəzi kimi tanınan Fransanın belə absurd ittiham irəli sürməsi ya savadsızlıqdan irəli gəlir, ya da özlərinin dəstəklədikləri qanunları heçə saymaqdan.
Məsələ burasındadır ki, Bakıda mühakimə olunan separatçılar Azərbaycan ərazisində, yəni Qarabağda uzun illər qeyri-qanuni fəaliyyət göstərib, qondarma dövlət qurub və terror fəaliyyəti ilə məşğul olublar. Öz ərazisində baş verən hansısa cinayət elə Azərbaycan məhkəmələrində mühakimə olunmalıdır. Bu, beynəlxalq hüququn tələbidir. Eyni zamanda BMT qətnamələri ilə yanaşı elə Fransanın özü də Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyıb. Belə olduğu halda, Fransa parlamentinin absurd qətnamə qəbul etməsi, Aİ-ni Azərbaycana qarşı təzyiqə səsləməsi quyruq acısından başqa bir şey deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Fransa parlamentinin bu qətnaməsinin heç bir hüquqi təsiri yoxdur. Bu, sadəcə Makron hökumətinin Ermənistan cəmiyyətində daxili auditoriya üçün hesablanmış bir addımıdır.
Hikmət Həsənov