Etibarsız ittihamlar və hüquqsuz iddialar: ABŞ Konqresi niyə susmur? - TƏHLİL

Bir qrup ermənipərəst ABŞ konqresmeninin iyulun 23-də bu ölkənin dövlət katibi Marko Rubiyoya ünvanladığı qərəzli, birtərəfli və əsassız müraciət “Ağ ev”in sülh çağırışlarına zidd olmaqla yanaşı, regionda separatçılığı təşviq edən destruktiv addım kimi dəyərləndirilə bilər. Azərbaycan və Ermənistanın sülhə yaxınlaşdıqları bir dövrdə edilən bu iftira xarakterli müraciət göstərir ki, ABŞ Konqresində müəyyən destruktiv dairələr Cənubi Qafqazda sülh və sabitliyin deyil, revanşizmin, separatizmin və etnik qarşıdurmanın tərəfdarıdır.
Bu müraciət bölgədə sülh prosesinə, beynəlxalq hüququn aliliyinə qarşı yönəlmiş ikili standartların təzahürüdür. Müraciəti imzalayan konqresmenlər uzun illərdir ki, erməni lobbisi ilə yaxın əlaqələri, ölkəmizə qarşı qərəzli mövqe və çıxışları ilə tanınırlar. Bu riyakar siyasi təşəbbüs mahiyyətcə Ermənistandakı revanşist və separatçı qüvvələrə təsəlli verməyə, erməni diasporunun dəstəyini qazanmağa xidmət edir. Qondarma müraciətdə rəsmi İrəvanın belə səsləndirmədiyi ifrat qərəzli fikirlərin yer alması deməyə əsas verir ki, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması təşəbbüsləri ABŞ-nin müəyyən qüvvələrini ciddi narahat edir. “Ermənilərin Qarabağa kollektiv və ləyaqətli qayıdışının təmini” kimi absurd iddia da mahiyyətcə Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisində separatçılığın “dirçəlməsinə” zəmin hazırlamaq məqsədi daşıyır.
Azərbaycanın suverenliyinə açıq müdaxilə xarakteri daşıyan qərəzli müraciət ölkəmizdə haqlı narazılıqla qarşılanıb. Sözügedən sənədin müəlliflərinin əksəriyyəti uzun illərdir ki, ermənipərəst mövqeyi ilə tanınan, separatçı düşüncə tərzini təşviq edən, regionda dayanıqlı sülhə mane olan konqresmenlərdir. Məktubun məzmunu tarixi və hüquqi reallıqlara, eyni zamanda, hazırkı sülh gündəliyinin mahiyyətinə tamamilə ziddir.
Ölkəmizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri beynəlxalq hüquq çərçivəsində aparılıb, yalnız legitim hədəflər sıradan çıxarılıb, yerli əhaliyə hansısa ziyan dəyməyib. Əməliyyat nəticəsində Ermənistanın 30 ilə yaxın müddətdə formalaşdırdığı, qanunsuz fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna son qoyulub, dövlət suverenliyimiz tam şəkildə bərpa olunub. Rəsmi Bakı lokal əməliyyatlardan əvvəl və dərhal sonra bölgədəki erməniəsilli əhalinin təhlükəsizliyini, sosial rifahını və vətəndaşlıq hüquqlarını təmin etməyə hazır olduğunu bəyan edib. Bu da bəyan edilib ki, erməni əsilli şəxslər Azərbaycan vətəndaşlığını qəbul edərək, bütün hüquq və azadlıqlardan istifadə edə bilərlər. Lakin bölgədəki əhali Ermənistanın təzyiqi, manipulyativ təbliğatı və separatçı dairələrin təsiri ilə könüllü şəkildə Qarabağı tərk edib, sonrakı aylarda geri qayıtmaq istəməyib. Bu səbəbdən “etnik təmizləmə” kimi əsassız ittihamların heç bir hüquqi və faktiki əsası yoxdur. Bunu Qarabağ bölgəsinə səfər edən BMT-nin müşahidə missiyası da təsdiqləyib.
Ermənipərəst konqresmenlər bu müraciətlə həm də ABŞ-nin rəsmi dövlət siyasətinə, o cümlədən Prezident Donald Trampın regionda sülhə töhfə verən yanaşmasına zidd davranış sərgiləyiblər. Tramp son çıxışlarında razılıqla bildirib ki, “Azərbaycan və Ermənistan indi sülhə daha yaxındır”.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) həmin qərəzli müraciətə cavab olaraq ABŞ-nin dövlət katibi Marko Rubiyoya ünvanladıqları məktubda bir sıra mühüm məqamları nəzərə çatdırıblar. Haqlı olaraq qeyd olunub ki, konqresmenlərin bu cür riyakar çağırışlar Azərbaycan cəmiyyətində qəzəb doğurur və sülh quruculuğu prosesinə zərbə vurur. Məktubda xüsusən də Bayden-Blinken dönəminin bəzi təmsilçilərinin D.Tramp Administrasiyasının sülh səylərinə qarşı açıq kampaniya apardıqları vurğulanıb.
Korrupsiya və rüşvət qalmaqalına görə məhkum olunmuş senator Bob Menendez, Prezident Donald Trampın qatı tənqidçilərindən olan senator Adam Şiff, Frank Peloni, Nancy Pelosi və digərlərinin ölkəmizə qarşı qərəzli mövqe tutmaları, əslində, təəccüblü deyil. Bu konqresmenlər uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini dəstəkləyib, ağır müharibə cinayətlərinə göz yumublar. Əgər onlar həqiqətən də ədalətin tərəfində olsaydılar, ilk növbədə, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının – Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın geriyədönüş hüququnu gündəmə gətirərdilər.
Yeri gəlmişkən bildirək ki, 2025-ci il mayın 21-də Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” adlı beynəlxalq konfransa ünvanladığı müraciət və konfransın yekun sənədi artıq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayılıb. Bu, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi çərçivədə tanınmasının bariz nümunəsidir və Qərbi Azərbaycan məsələsinin qlobal miqyasda hüquqi-siyasi status qazandığını sübut edir.
Konqresmenlərin müraciətində yer alan “Erməni xristian mədəni irsinin məhv edilməsi” iddiası da ifrat qərəzin, ağ yalanın təzahürüdür. Azərbaycanın aidiyyəti qurumları, o cümlədən Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərdə bütün tarixi, dini və mədəni abidələrin, o cümlədən erməni kilsələrinin qorunması, bərpası istiqamətində addımlar atır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində təklif etdiyi sülh təşəbbüsləri dünya birliyi tərəfindən dəstəklənir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətni üzərində razılaşma əldə olunub və danışıqlar intensiv şəkildə davam etdirilir. İki ölkənin liderinin Əbu-Dabidə keçirilən son görüşü isə bu prosesin real nəticələrə yaxın olduğunu göstərib.
ABŞ rəsmiləri, eləcə də Dövlət katibi Marko Rubiyo dəfələrlə bəyan ediblər ki, regionda davamlı sülhün tərəfdarıdırlar. Belə olan təqdirdə, konqresmenlərin müraciəti yalnız müsbət dinamikanı pozmağa, süni gərginlik yaratmağa xidmət edir. Bu destruktiv fəaliyyət həmçinin, ABŞ və Azərbaycan siyasi münasibətlərinə xələl gətirmək cəhdidir. Fəqət, bu cür mənasız cəhdlər nə Azərbaycanın suveren iradəsini dəyişə, nə də regionda sülh prosesinin qarşısını ala bilər. Rəsmi Bakı Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün səylərini davam etdirməkdə israrlıdır.
MTM Analitik Qrupu