Paşinyanın Moskva səfəri: Duz-çörək mərasimi, yoxsa ikili oyunun davamı? - ŞƏRH

Bir müddət əvvələ nəzər salsaq görərik ki, 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindən sonra Ermənistanın regional rolu zəiflədi. Paşinyan administrasiyası bu zəifliyi Qərblə daha sıx əməkdaşlıqla kompensasiya etməyə çalışdı. ABŞ və Avropa İttifaqı ilə siyasi və hərbi təmaslar artırıldı, Ermənistanda Avropa müşahidə missiyaları yerləşdirildi, Fransa ilə təhlükəsizlik sahəsində sazişlər imzalandı. Bu gedişlər, təbii ki, Moskva tərəfindən xəyanət kimi qiymətləndirildi. Rusiya Ermənistanın KTMT üzvü olduğunu, öz təhlükəsizlik sistemində ona yer verdiyini əsas gətirərək Paşinyanı “siyasi xəttindən dönməkdə” ittiham etdi. Qərbdə isə bu xətt islahatçı və demokratik olaraq təqdim edildi. Bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri həm İrəvan, həm də Moskva üçün simvolik və strateji əhəmiyyət daşıyır. Paşinyanın Kremlə doğru bu addımı uzun müddətdir ki, gərginləşən Ermənistan-Rusiya münasibətlərini yumşaltmaq və yeni geosiyasi düzəndə balanslı mövqe axtarışının təzahürü kimi qiymətləndirilə bilər. Onun düz-çörəklə qarşılanması rus protokol dilində “hörmətli, amma şərtli qəbul” ifadəsini daşıyır. İlk növbədə onu deyə bilərik ki, Nikol Paşinyanın Rusiyaya bu səfəri Qərblə yaxınlaşmanın yaratdığı riskləri balanslaşdırmağa xidmət edir. Ermənistan hələ də Rusiyadan iqtisadi və enerji baxımından asılıdır. ABŞ və Avropa İttifaqı ilə əlaqələrin dərinləşməsi Moskvanı daha da aqressiv addımlar atmağa vadar edə bilər. Bu səfər Moskvanı sakitləşdirmək və “biz sizi tam itirməmişik” mesajı vermək cəhdidir. Digər tərəfdən Nikol Paşinyan bu addımı ilə regional təhlükəsizlik boşluqlarını doldurmağa çalışır. KTMT ilə münasibətlərin gərgin olduğu, Ermənistanın özünü “qorunmamış” hiss etdiyi bir dönəmdə Paşinyan Rusiyanın Qafqaz siyasətində özünə minimal da olsa yer saxlamağa çalışır. Bundan əlavə, o, daxili auditoriyaya balanslı siyasət göstərmək istəyir. Çünki erməni cəmiyyəti tam şəkildə Qərbyönlü deyil. Xüsusilə yaşlı nəsil və rusdilli dairələr Moskva ilə münasibətlərin pozulmasından narahatdır. Paşinyan həmin təbəqələrin narazılığını azaltmaq üçün bu səfər vasitəsilə “biz hər iki tərəflə işləyirik” imici yaratmaq istəyir.
Səfərin gündəliyində KTMT ilə bağlı məsələlərin müzakirəsi də var. Ermənistan KTMT-nin 2022-ci ildə sərhəddəki gərginlik zamanı hərbi yardım göstərməməsindən narazıdır. Bu səbəbdən Paşinyan təşkilatın sammitlərini boykot etmişdi. Lakin indiki şəraitdə bu münasibətləri tam qoparmaq Ermənistan üçün ciddi risklər yarada bilər. Heç şübhəsiz ki, Paşinyanın bütün manevrlərinə baxmayaraq, ABŞ və Avropa İttifaqı bu səfəri diqqətlə izləyir. Qərb dairələri Ermənistanın demokratik seçimini və anti-Rusiya xəttini gücləndirməyə çalışdığı bir zamanda bu cür geri dönüşlərdən narahatdır. Əgər Paşinyan Moskva ilə yaxınlaşmanı praktik siyasətə çevirsə bu, Qərbin yardımlarını və siyasi dəstəyini zəiflədəcək. Lakin hazırkı vəziyyətdə Qərb bu səfəri “təhlükəsiz məsafədən balans qurmaq cəhdi” kimi qəbul edir.
Ermənistanın son illərdəki xarici siyasəti olduqca ziddiyyətlidir. Paşinyan gah Brüsseldə, gah da Moskvada görünür. Bu dəyişkənliyin əsas səbəbi ölkənin geosiyasi reallıqları ilə bağlıdır. Onun güvənə biləcəyi yeganə müttəfiq ya Qərb, ya da Rusiyadır. Hər iki tərəf də Ermənistanı öz maraqları naminə istifadə edir. Paşinyan bu vəziyyətdən maksimum siyasi dividendlər qazanmaq üçün “çoxvektorlu siyasət” yürütməyə çalışır. Ancaq bu siyasət çox zaman ardıcıl olmur və Ermənistanı daha da zəiflədir. Ona görə də Paşinyanın Moskvaya səfəri müvəqqəti “isti münasibətlər” yaratmaq üçün atılmış addımdır. Lakin bu səfər Rusiya-Ermənistan münasibətlərində əsaslı dönüş nöqtəsi deyil. Qərblə yaxınlaşma və Rusiya ilə gərginlik Ermənistan üçün balanslaşdırılması çətin ikili oyundur. Paşinyan bu oyunda hələlik hər iki tərəfi razı salmağa çalışır, amma bunu nə qədər davam etdirə biləcəyi qeyri-müəyyəndir. Görünən odur ki, bu səfər həm Ermənistanda, həm də bölgədə yeni vəziyyət yaratmayacaq. Bu, sadəcə, gərginliyi müvəqqəti yumşaltmaq üçün istifadə olunan diplomatik “duz-çörək” mərasimidir. Hamı bilir ki, diplomatiyada bəzən ən sərt təzyiqlər məhz bu mərasimlərdən sonra gəlir.
MTM Analitik Qrupu