5 ildə satışlar 59% artdı – Azərbaycan bazarında nə baş verir? - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2025-ci ilin eyni dövründə ölkədə pərakəndə ticarət dövriyyəsinin həcmi 52,9% və ya 10,26 milyard artaraq 29,64 milyard manata çatıb. Ötən ilin birinci yarısında bu məbləğin 27,25 milyard manata bərabər olduğunu nəzərə alsaq, deyə bilərik ki, 2025-ci ilin birinci yarımilində ölkədə pərakəndə ticarət dövriyyəsi 8,8% artıb.
Qeyd edək ki, Azərbaycanda pərkəndə ticarət dövriyyəsi ilə bağlı göstəricilər son 5 ilin birinci yarımilində artımla müşahidə olunub.
Son 5 ildə pərakəndə ticarət dövriyyəsində ərzaq və qeyri-ərzaq məhsullarının göstəricilərinə baxsaq, görərik ki, hər iki kateqoriya üzrə daim artım qeydə alınıb.
Rəsmi rəqəmlərə əsasən, ölkədə pərakəndə ticarət üzrə əsas payı ərzaq məhsullarının satışı təşkil edir.
Son olaraq 2025-ci ilin birinci yarısında ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsinin həcmi 14,97 milyard manat olub ki, bu da ötən ili eyni dövrü ilə müqayisədə 8,6% və ya 1,19 milyard manat çoxdur.
Xatırladaq ki, son 5 ilin birinci yarımilində Azərbaycanda ərzaq məhsulları üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 59,3% və ya 5,57 milyard manat artıb.
Qeyri-ərzaq məhsullarına gəlincə, cari ilin birinci yarısında bu kateqoriya üzrə artım ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% və ya 1,17 milyard manat olub və dövriyyə 13,38 milyard manata çatıb. 2021-ci ilin birinci yarısı ilə müqayisə etdikdə, 2025-ci ilin yanvar-iyun aylarında qeyri-ərzaq məhsullarının pərakəndə ticarət dövriyyəsinin həcmi 49,6% və ya 4,43 milyard manat artıb.
Aparılan təhlil göstərir ki, son 5 ildə içki və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi hər il davamlı olaraq artıb. Cari ilin yanvar-iyun aylarında bu kateqoriya üzrə pərakəndə ticarət dövriyyəsi 1,3 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% və ya 0,04 milyard manat artım deməkdir.
2021-ci ilin eyni dövrü ilə müqayisədə isə içki və tütün məmulatlarının pərakəndə ticarət həcmi 24,2% və ya 0,25 milyard manat artıb.
Cari ilin ilk yarısında ölkədə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% və ya 37,1 manat artaraq 482,8 manata çatıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu məbləğ 49,6% və ya 160,1 manat artıb.
Ərzaq, içki və tütün məmulatları üzrə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi cari ilin birinci yarısında 264,9 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% və ya 19 manat çox deməkdir. 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 52,4% və ya 91,1 manat artım qeydə alınıb.
2025-ci ilin yanvar-iyun aylarında qeyri-ərzaq məhsulları üzrə adambaşına düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% və ya 18,1 manat artıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 46,3% və ya 69 manat artaraq 217,9 manata çatıb.
Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika komitələrinin rəsmi rəqəmlərini təhlil etdikdə məlum olur ki, cari ilin yanvar-mart aylarında Cənubi Qafqazda ən çox pərakəndə ticarət dövriyyəsi Azərbaycanda (8,58 milyard dollar) olub. Bu məbləğ Gürcüstanda 2,28 milyard dollar, Ermənistanda isə 1,07 milyard dollar təşkil edib.
Azərbaycan adambaşına düşən pərakəndə ticarət dövriyyəsinə görə də ilk sırada yer alıb. Bu məbləğ ilk 3 ayda 279,6 dollar təşkil edib. Gürcüstan 205,2 dollar ilə ikinci sırada qərarlaşıb. Sonuncu sırada isə 117 dollar ilə Ermənistan yer alıb.