Bu gün

Rusiya və Ukrayna liderləri Türkiyədə görüşə hazırlaşır

Ukrayna və Rusiya prezidentlərinin, Volodimir Zelenski və Vladimir Putinin Türkiyə ərazisində görüş keçirməsi ilə bağlı razılıq əldə olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “NTV” telekanalına müsahibəsində məlumat verib.

Nazirin sözlərinə görə, razılıq İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu çərçivəsində müzakirə olunub.

“Prinsip etibarilə liderlərin sammitinin Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunub. Burada danışıqlar aparan nümayəndə heyətlərinin rolu böyükdür”, – deyə Fidan bildirib.

O qeyd edib ki, tərəflər kompromis axtarışına meyil göstərirlər və hazırkı dinamika qorunarsa, “ara razılaşmanın əldə olunması mümkündür”.

“Biz bu məsələni daha təmkinli şəkildə müzakirə etdikcə, hər iki tərəfdə görüşə hazırlığın olduğunu görürük”, – deyə nazirin sözlərini Milliyet qəzeti sitat gətirib.

Hakan Fidan hesab edir ki, tərəflər eyni ruhda davam etsələr, aralıq razılaşma mümkün olacaq. Onun sözlərinə görə, Ankara bu məqsədlə lazımi mühitin yaradılması üçün çalışır.

Xatırladaq ki, iyulun 24-də İstanbulda Rusiya və Ukrayna arasında keçirilən üçüncü raund danışıqlarının əvvəlində Hakan Fidan vasitəçilərin məqsədinin tərəfləri memorandumlardan irəli gələn məqamlar üzrə nəticəyönlü məsləhətləşmələrə sövq etmək olduğunu vurğulamışdı.

“Əsas məqsəd atəşkəslə bağlı yol xəritəsinin formalaşmasına töhfə verməkdir”, – deyə o əlavə edib və Türkiyənin əsir mübadiləsi prosesinə daha sistemli yanaşma təqdim etməyə hazır olduğunu bildirib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?