Dünən

Ermənistanda süni intellekt fabriki: texnoloji tərəqqi, yoxsa rəqəmsal asılılıq? - ŞƏRH

Qərbin, xüsusən də ABŞ-nin Ermənistana sınaq meydançası kimi baxması artıq sirr deyil. Bu ölkədə təkcə Ştatların 6-dan çox biolaboratoriyası mövcuddur. Zaman-zaman ortaya çıxan kütləvi yoluxma halları da məhz bununla əlaqəlidir. Paralel olaraq, hələ sınaqdan keçməmiş modul tipli Atom Elektrik Stansiyasının Ermənistan ərazisində quraşdırılması da danışıqlar predmetidir. Bu da göstərir ki, erməni dövləti Qərb üçün sadəcə müəyyən işləri həyata keçirmək üçün meydançadır. Cari ilin iyun ayında Avropada “Viva Technology” startap və texnologiya konfransı çərçivəsində Ermənistanda təxminən 500 milyon dollar dəyərində meqa investisiya layihəsi təqdim edilib. Bildirilir ki, regionda süni intellekt həlləri ilə işləyən ən güclü superkompüter və məlumatların emalı mərkəzi Ermənistan hökuməti, NVİDİA, “Firebird” və “Team Group” ilə əməkdaşlıq çərçivəsində qurulacaq. Ermənistan hökumətinin dəstəyi ilə, texnoloji yenilikləri sürətləndirmək və bölgədə qabaqcıl AI infrastrukturlarını tətbiq etmək üçün “Firebird” 2026-cı ildə minlərlə “NVIDIA Blackwell” qrafik prosessoru ilə təchiz edilmiş, 100 meqavatdan çox miqyası genişləndirmək qabiliyyətinə malik məlumat mərkəzini işə salmağı planlaşdırır. Ermənistan Respublikasının tanınmış yerli və beynəlxalq İT və texnologiya şirkətləri ilə bu strateji tərəfdaşlığı ölkə üçün etibarlı texnoloji gələcəyin qurulmasında həlledici rol oynayacaq.

Bu, medalyonun görünən üzü, rəsmi açıqlama və geniş ictimaiyyətə təqdim edilən məlumatdır. Bəs görəsən, bu 500 milyonluq layihənin arxasında hansı oyunlar dayanır, hansı planlar icra edilir? Bu infrastrukturun sahibi və ona nəzarət edən kimdir? Layihə çərçivəsində saxlanılan və emal edilən məlumatlara kimin girişi olacaq? Süni intellektin strateji nəzarət vasitəsi olduğu bir dövrdə istənilən tərəfdaşlıq, xüsusən də belə genişmiqyaslı tərəfdaşlıq ciddi hüquqi və siyasi çərçivə tələb edir. Bu günə qədər hüquqi öhdəliklər və ya yerli nəzarət mexanizmləri haqqında dəqiq söz yoxdur. NVIDIA-nın bölgəyə girişi təkcə bazarla bağlı deyil. Bu addım, xüsusən də Ermənistanın texnoloji infrastrukturunda ABŞ-nin meydana çıxması kontekstində geosiyasi gediş kimi qiymətləndirilməlidir. Süni intellekt infrastrukturu heç bir halda neytral mühit deyil, siyasi təsir üçün potensial platformadır. Bəs uzunmüddətli perspektivdə oyunun qaydalarını kim müəyyən edir? Əgər layihə yerli imkanların real artımına gətirib çıxarmadan ixrac və görüntü effektləri ilə məhdudlaşırsa, o zaman Ermənistan süni intellekt mühitinin subyekti deyil, digər alqoritmlər üçün elektrik enerjisi və işçi qüvvəsi tədarükçüsü olaraq qalmaq riski daşıyır.

Bu faktlar bir daha sübut edir ki, sözügedən layihə sadəcə siyasi təsir platformasıdır. Bu maliyyə ilə Qərb Ermənistanı özündən asılı vəziyyətə salmaq niyyətini güdür. Bunun səbəbi isə sadədir. Rəqəmsallaşan dünyada yeni rəqəmsal asılı ölkə yeni platforma, Rusiyaya qarşı yeni cəbhə deməkdir.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?