İsrail və Suriya Parisdə hansı məqamlarda razılaşdı?

ABŞ-nin vasitəçiliyi ilə Parisdə keçirilən danışıqlarda Suriya Dürzi icmasının yaşadığı Əs-Süveydə bölgəsi və ətraf ərazilərlə bağlı mühüm razılaşmalar əldə olunub. Təhlil.az xəbər verir ki, məlumatı Suriyada İnsan Hüquqlarının Müşahidəsi Mərkəzi (SOHR) yayıb.
Razılaşmada bir sıra məqamlara toxunulub. Əs-Süveydə ilə bağlı razılaşmaların icrasına ABŞ tərəfi nəzarət edəcək. Bu, bölgədə gərginliyin qarşısını almaq üçün beynəlxalq zəmanət sayılır. Qəbilə və təhlükəsizlik qüvvələri Dürzi kəndlərindən uzaqlaşdırılacaq. Daxili yoxlamalar dürzilərə həvalə olunacaq: Dürzi birləşmələri kəndlərdə Dəməşq hökuməti və qəbilə qüvvələrinin mövcudluğunu yoxlayacaq və onların qalıb-qalmamasını nəzarətdə saxlayacaq. Əs-Süveydə sakinlərindən ibarət yerli şuralar yaradılacaq və əhaliyə xidmətləri bu şuralar göstərəcək. Tərəflər razılaşıb ki, pozuntuların sənədləşdirilməsi üçün komissiya yaradılacaq. Həmin komissiya öz hesabatlarını birbaşa ABŞ-yə təqdim edəcək. Kuneytra və Dəra bölgələri silahsızlaşdırılacaq. Burada yalnız yerli sakinlərdən ibarət yüngül silahlı təhlükəsizlik komitələri fəaliyyət göstərəcək.
Bununla belə, Suriya hökumətinə müəyyən qadağalar tətbiq ediləcək. Dəməşq rejiminə bağlı heç bir qurum və təşkilat Əs-Süveydəyə daxil ola bilməz. Lakin BMT təşkilatlarına bu bölgəyə giriş icazəli olacaq.
Bu razılaşma Suriya daxilində yerli idarəçiliyin gücləndirilməsi, kənar silahlı təsirlərin neytrallaşdırılması və beynəlxalq müşahidənin artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. İsrailin və ABŞ-nin bu prosesdəki rolu bölgədə yeni güc balansının formalaşmasına işarə edir.