24 iyul

Rusiyanın anti-Azərbaycan kampaniyası və qarayaxma siyasəti - ŞƏRH

Rusiyanın erməniəsilli politoloqu Semyon Baqdasarovun "Zəngəzur Dəhlizi" və ya "Tramp körpüsü" adlandırdığı layihə ilə bağlı sərsəm açıqlamaları, bir daha Kreml tərəfdarı dairələrin Cənubi Qafqazdakı proseslərə qərəzli və təxribatçı yanaşmasını ortaya qoyur. Baqdasarovun iddiaları, həm ABŞ-nin regiondakı niyyətləri, həm də Rusiya və Azərbaycan münasibətləri barədə həqiqətdən uzaq təsəvvürlər yaratmağa xidmət edir. Bu cür çıxışlar, Vladimir Solovyov və onun kimi Rusiya hakimiyyətinin qarayaxma kampaniyasında iştirak edən digər şəxslərin apardığı təbliğatın bir hissəsidir.

Baqdasarovun iddialarına görə, ABŞ prezidenti guya Ermənistan və Azərbaycan arasında "möcüzə"vi sülh sazişinə nail olmaqla Nobel Sülh Mükafatına "iddia edir". Bu cür absurd bəyanatlar, regionda sülh prosesini dəstəkləyən beynəlxalq aktorların səylərini aşağılamaq və onları yalnız şəxsi maraq güdməkdə ittiham etmək məqsədi daşıyır. Unutmaq olmaz ki, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması, ilk növbədə region xalqlarının təhlükəsizliyi və inkişafı üçün vacibdir.

Baqdasarovun "ABŞ həm logistikanı, həm də Syunikdəki mühüm əhəmiyyət kəsb edən faydalı qazıntıları (dünya molibden ehtiyatının 7%-i, uran ehtiyatının 2%-i) nəzarətə götürmək istəyir" iddiası isə tamamilə əsassızdır. Zəngəzur Dəhlizi Azərbaycanın suveren ərazisindən başlayan və beynəlxalq nəqliyyat marşrutu kimi böyük potensialı olan bir layihədir. Hər hansı bir xarici dövlətin və ya şirkətin dəhlizə "nəzarət etməsi" barədə iddialar, dəhlizin beynəlxalq əhəmiyyətini azaltmağa və ona qarşı əsassız şübhələr yaratmağa hesablanmış təxribatdır. Zəngəzurdakı yeraltı sərvətlərə gəldikdə isə, bu, Ermənistanın suveren sərvətidir və bu ərazilərə hər hansı bir xarici dövlətin birbaşa nəzarət etmək niyyəti, beynəlxalq hüquqa ziddir. ABŞ və ya digər Qərb ölkələri yalnız şəffaf investisiya layihələrində iştirak edə bilərlər.

Baqdasarovun diqqəti "Şuşa Forumunda" iştirak edən Rusiya vətəndaşlarına, xüsusilə siyasi analitik Sergey Markov və Rusiyanın ən böyük informasiya holdinqinin baş direktor müavininə (Mixail Qusmanı nəzərdə tutur) yönəltməsi, onların Azərbaycan Prezidentinin ünvanına "komplimentlər yağdırmasını" nın tənqid etməsi, Rusiya daxilindəki müəyyən dairələrin Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməməsindən irəli gəlir.

Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını müdafiə edən və müstəqil siyasət yürüdən bir liderdir. Onun çıxışları və addımları tamamilə Azərbaycanın suverenliyindən və ərazi bütövlüyündən irəli gəlir. Rusiya rəsmilərinin və ya ictimai xadimlərinin Azərbaycan liderini təbrik etməsi və ya onun siyasətini yüksək qiymətləndirməsi, heç bir halda "demarş" kimi şərh edilə bilməz. Bu, yalnız rəsmi Moskvada və ya Kremlyönümlü dairələrdə Azərbaycanın müstəqil mövqeyinin narahatlıq yaratdığının göstəricisidir.

Baqdasarovun "Azərbaycan zindanlarında Rusiyalı jurnalistlərin işgəncə görməsi" ilə bağlı iddiaları isə tamamilə yalan və böhtandır. Bu cür əsassız ittihamlar, Vladimir Solovyov kimi Kreml təbliğatçılarının apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Onlar Azərbaycana qarşı düşmənçilik toxumları səpmək və bölgədəki sülh prosesini pozmaq məqsədilə dezinformasiya yayırlar. Azərbaycan hüquqi dövlətdir və hər hansı bir şəxsin saxlanılması və ya məhkum edilməsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Bu, jurnalist statusundan asılı olmayaraq hər kəsə şamil olunur.

Semyon Baqdasarovun Zəngəzur Dəhlizi və ABŞ-nin regiondakı rolu barədə sərsəm bəyanatları, əslində, Rusiyanın Cənubi Qafqazda öz ənənəvi təsirini itirmək qorxusunu və Azərbaycanın artan regional nüfuzunu qəbul edə bilməməsini əks etdirir. Vladimir Solovyov və digər Rusiya təbliğatçılarının da fəal iştirak etdiyi bu qarayaxma kampaniyası, sülh prosesini pozmağa, regionda gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq arenadakı müstəqil siyasətini gözdən salmağa yönəlmiş növbəti təxribat cəhdidir. Azərbaycan isə öz növbəsində beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren maraqlarını müdafiə etməyə davam edəcək. Necə deyərlər: it hürər, karvan keçər!

Azadxan Axundov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?