İran dialoqa qayıtsa, “Avropa üçlüyü” sanksiyalara möhlət verəcək

İran nüvə proqramı ətrafında yaranmış böhranı həll etmək üçün ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə dialoqu bərpa etməyə razılıq verərsə, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) Tehrana sanksiyalarla bağlı möhlət verməyə hazırdır. Təhlil.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bir neçə ay gecikmə nəzərdə tutulur və onun müddəaları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsindən asılıdır. Güzəştlərin şərtləri ABŞ ilə danışıqlar və MAQATE müfəttişləri ilə əməkdaşlıq olmalıdır. Detallar barədə əlavə məlumat verilmir.
Qeyd edək ki, iyulun 21-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün “Avropa üçlüyü” ölkələri ilə danışıqların yeni mərhələsinin iyulun 25-də İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcəyini açıqlayıb.