Fransadan xəbərdarlıq: Yaxın beş ildə Avropanın göbəyində müharibə gözlənilir

Rusiyanın artan təhlükəsi səbəbindən 2030-cu ilə qədər Avropanın mərkəzində genişmiqyaslı, yüksək intensivlikli müharibə başlaya bilər. Təhlil.az xəbər verir ki, bu barədə Fransanın yenilənmiş Milli Strateji İcmalında (RNS 2025) deyilir.
Sənəddə qeyd edilir ki, hərbi qarşıdurma Fransa ərazisindən kənarda baş verəcək, lakin Paris buna cəlb oluna bilər.
Eyni zamanda, Fransa üçün “ən böyük təhlükə mənbəyi olan” Rusiya son illər Avropa ölkələrinə qarşı “düşmənçilik və təxribat xarakterli hərəkətlərin” sayını kəskin şəkildə artırıb. Xüsusən də, icmalda göstərildiyi kimi, Moskva casusluq və kiberhücumları gücləndirib, seçkilərə müdaxilə etməyə cəhd edir, ictimai rəyə təsir göstərməyə və Ukraynaya dəstəyi zəiflətməyə çalışır.
Sənəddə vurğulanır ki, Avropa öz ərazisində mümkün hərbi münaqişəyə hazırlaşmalıdır. Fransa və digər Avropa ölkələri “özlərini daha yaxşı müdafiə etməli və qitədə Rusiyanın istənilən yeni təcavüzünün qarşısını almalıdırlar”. Bu məqsədlə Avropaya müdafiə qabiliyyətini gücləndirmək üçün zəruri olan “strateji oyanış” təklif olunur.
Milli Strateji İcmal Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyi tərəfindən hazırlanır. Sənəd Parisin göstərilən müddət üçün müdafiə strategiyasını müəyyən edir. Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron ölkənin müdafiə büdcəsinin 2027-ci ilə qədər 2017-ci illə müqayisədə "ikiqat" artacağını açıqlamışdı. O, payızda 2024-2030-cu illər üçün hərbi proqramlaşdırma haqqında qanunun “yenilənməsini” təqdim edəcəyinə söz verib. Onun sözlərinə görə, düzəlişlər 2026-cı ildə müdafiə üçün əlavə 3,5 milyard, bir ildən sonra isə daha 3 milyard avronun ayrılmasını nəzərdə tutur. Makron avropalıların indi öz təhlükəsizliklərini təmin etməli olduqlarını vurğulayaraq, 1945-ci ildən bəri azadlığın bu qədər təhdid edilmədiyini əlavə edib.