Bu gün

ABŞ Azərbaycanın yanında: Vaşinqtondan sülhə dəstək siqnalı - TƏHLİL

Azərbaycanın Ermənistana təklif etdiyi sülh gündəliyinin və aparılan birbaşa dialoqun səmərəli olması vasitəçilik təşəbbüsləri ilə çıxış edən fövqəlgüc dövlətləri tərəfindən etiraf olunur. ABŞ Prezidenti Donald Trampın NATO Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında “Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə uğurla və birdəfəlik həll olunacağına” dair verdiyi bəyanat bu mənada mühüm mesaj kimi dəyərləndirilə bilər. ABŞ liderinin bu nikbin yanaşması rəsmi Vaşinqtonun regiona marağının və Cənubi Qafqazın təhlükəsizlik sistemində daha fəal rol oynamaq niyyətinin təzahürüdür.

Nəzərə almaq lazımdır ki, ABŞ Prezidenti bu açıqlamanı həm də Ermənistan və Azərbaycan liderlərinin Dubay görüşündən sonra səsləndirilib. Bu məqam onu deməyə əsas verir ki, Vaşinqton danışıqlar prosesinin real dinamikasını izləyir, tərəflər arasında əldə olunan razılaşmalara qlobal güc mərkəzi kimi dəstəyini ifadə etməyə çalışır. ABŞ-nin yeni Administrasiyasının aparılan danışıqlara açıq dəstəyi bir neçə mühüm amillə izah oluna bilər. Əvvəla, Cənubi Qafqaz regionu bu ölkə üçün enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri və geosiyasi balansın təmini baxımından vacib əhəmiyyət daşıyır. Azərbaycan ABŞ ilə strateji müttəfiqlik münasibətində olan Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, TANAP, TAP və digər qlobal layihələrin lokomotividir. Ölkəmiz yaxın perspektivdə Avropanın mavi yanacaq təminatında da vacib rol oynamaq əzmindədir.

Ermənistanla Azərbaycan arasında gərginliyin hökm sürməsi, sülhün əldə edilməməsi regionun sabitliyini pozmaqla yanaşı, Qərbin iqtisadi maraqlarını təhlükə altına alır. ABŞ Prezidentinin məlum bəyanatı həm də bu maraqları təmin etməyə yönəlmiş ismarıc kimi qiymətləndirilə bilər. Donald Tramp Administrasiyası dövründə ABŞ-nin xarici siyasətinə xas olan iqtisadi praqmatizm və təhlükəsizlik məsələlərinə xüsusi yanaşma yenidən özünü qabarıq göstərir. ABŞ artıq klassik vasitəçilik formatından daha çox konkret nəticələrə yönəlmiş diplomatiya xətti yürüdür.

ABŞ-nin yeni Administrasiyasının son zamanlar münaqişə ilə bağlı diplomatik səylərini artırması da bunun əyani təzahürüdür. Ermənistan və Azərbaycana göndərilən xüsusi nümayəndələr, aparılan danışıqlar, dövlət katibliyi səviyyəsində verilən bəyanatlar bu istiqamətdə səylərin intensivləşməsindən xəbər verir. Ermənistanın sarsıdıcı hərbi-siyasi məğlubiyyətdən sonra belə sülh danışıqlarını uzatmaq yolu tutması Tramp Administrasiyası tərəfindən narahatlıqla qarşılanır. Bunun Cənubi Qafqazın inkişafına ciddi maneə olduğunu, Rusiyanın geosiyasi təsir cəhdlərinə rəvac verdiyini yaxşı başa düşən ABŞ rəsmiləri Ermənistana dolayı mesajlar verir və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini nəzərə alırlar. Ağ evin münaqişənin həllində maraqlı olmasının əsas geosiyasi səbəblərindən biri də regionda Rusiyanın azalan təsir imkanlarını daha da məhdudlaşdırmaqdır. Cənubi Qafqaz regionu Vaşinqtonun qlobal enerji və nəqliyyat strategiyasında önəmli həlqədir.

Belə görünür ki, rəsmi Vaşinqton Qarabağdakı qanunsuz rejimin süqutundan sonra regionda formalaşan yeni reallıqları qəbul etməklə yanaşı, sülh üçün yaranmış əlverişli fürsətin adekvat dəyərləndirilməsində maraqlıdır. Lakin yekun sülh sazişnin imzalanmasının sırf Ermənistanın müəyyən məsələlərdə nümayiş etdirdiyi destruktiv və ədalətsiz mövqeyi üzündən uzanması da ABŞ-nin yeni Administrasiyasına yaxşı məlumdur. Yekun sülh sazişinin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı ərazi iddialarına, habelə keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyması son dərəcə vacibdir.

Zəngəzur Dəhlizinin açılması da ABŞ üçün prioritet məsələlərdən biridir. Bu dəhliz qlobal logistikada yeni yollar açaraq, Vaşinqtonun Avrasiya siyasətində yeni imkanlar yarada bilər. Bu mənada, D.Tramp Administrasiyasının Zəngəzur Dəhlizinə xüsusi maraq göstərmasi təsadüfi deyil. ABŞ-nin ölkənin Türkiyədəki səfiri Tom Barrakın Nyu-Yorkda jurnalistlərə açıqlamasında səsləndirdiyi fikirləri bu baxımdan xüsusi maraq doğurur. Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir. Bu açıqlamadan aydın görünür ki, ABŞ regionda tərəflərin uzunmüdətli iqtisadi-siyasi maraqlarının təmini üçün konkret mexanizmlər axtarır.

Antiterror tədbirlərindən sonra ABŞ-nin Cənubi Qafqazda regionunda formalaşmış geosiyasi reallığa münasibətində ziddiyyətli və xoşagəlməz meyillərə rast gəlinsə də, bu ölkənin yeni Administrasiyası son aylarda bölgədə sabitlik tərəfdarı olduğunu nümayiş etdirməyə, Azərbaycanın etimadını itirməməyə cəhd göstərir. Rəsmi Vaşinqton bölgədə dayanıqlı sülh və sabitliyi yalnız münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli və region dövlətlərinin suverenliyinə hörmət əsasında mümkün hesab edir.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?