Toğrul İsmayıl: "Kənar müdaxilə olmasa, Bakı və İrəvan tezliklə sülh sazişi imzalaya bilər" - AÇIQLAMA

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülhün bərqərar olunması baxımından ciddi əhəmiyyət daşıyır.
Bu barədə tehlil.az-a açıqlamasında Kahramanmaraşın Sütçu İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix və iqtisad elmləri doktoru, professor Toğrul İsmayıl bildirib.
Professorun fikrincə, bu görüşün əsas fərqi vasitəçilərsiz baş tutması və tərəflərin öz təşəbbüsü ilə gerçəkləşməsi ilə bağlıdır:
“Hər diplomatik təmasda dolayı yollarla da olsa vasitəçilər iştirak edir. Amma Əbu-Dabi görüşü bu baxımdan simvolik və önəmli idi. Azərbaycan diplomatik baxımdan çox aydın və sabit mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin məsələ ilə bağlı qəti və ardıcıl çıxışları danışıqlar prosesinin irəliləməsində həlledici rol oynayıb”.
Ekspert, eyni zamanda qeyd edir ki, bu yaxınlaşmada Türkiyənin dəstəyi və iştirakı da diqqətdən kənarda qalmamalıdır:
“Paşinyanın İstanbulda Ərdoğanla görüşməsi və daha sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı göstərir ki, regiondakı məsələlər artıq region ölkələrinin özləri tərəfindən həll olunur. Xarici təsirlərin minimum olduğu bu format real nəticələr üçün daha əlverişlidir”.
Toğrul İsmayıl bildirib ki, Əbu-Dabi görüşü sülh müqaviləsinə doğru konkret addımların atıldığını göstərir:
“Kənardan təzyiq və müdaxilə olmasa, bu proses yaxın zamanda real nəticə verə bilər. Zəngəzur dəhlizi də daxil olmaqla, bir çox məsələ artıq praktiki həll mərhələsindədir”.
Rasim Babayev