Bu gün

Samvel Karapetyan müxalifəti Paşinyana qarşı birləşdirmək istəyir - ŞƏRH

Ermənistanın daxili siyasi mühitində dalğalanmalar ciddi şəkildə davam edir. Baş nazir Nikol Paşinyanla Apostol Kilsəsi arasındakı qarşıdurma bütün siyasi qüvvələri və müxalifəti canlanmağa təhrik edib. Eyni zamanda Rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyanın həbsindən sonra müxalifət də hökumət üçün yolun sonunun göründüyünə inanır. Hətta iş o həddə çatıb ki, Qarabağ ermənilərini belə hökumətə qarşı aksiyaya təşviq etmək mümkün olub. Əsasən kilsə və diasporun koordinasiyası ilə etiraz aksiyaları keçirilir, eyni zamanda, Kreml ilə razılaşdırılaraq müəyyən addımlar atılır.

Hadisələrin gedşatı göstərir ki, Paşinyanın Samvel Karapetyanı siyasi səbəblərə görə həbs etməsi heç də təsadüfi deyil. İş adamı dünən həbsxanadan yeni məktub göndərib. Məktubda Karapetyan yeni siyasi vahidin formalaşmasından danışıb. O, iyulun 4-də küçələrə onun göstərişi ilə çıxanlara təşəkkürünü bildirib və qeyd edib ki, xalqın gücünə arxayındır, hakimiyyətin qorxusunu artıq görür. Bu fikirlər də bir daha sübut edir ki, Karapetyanın göstərişi ilə növbəti mitinq və etiraz aksiyaları keçiriləcək. Erməni mediasının analizi isə göstərir ki, müxtəlif müxalifət partiyaları ilə ciddi danışıqlar aparılır, görüşlər keçirilir. Ehtimal etmək olar ki, bir sıra siyasi partiya və qüvvələr bu siyasi vahid ətrafında birləşməyi artıq nəzərdən keçirir.

Karapetyanın müraciətindən də anlaşılır ki, hakimiyyətdən narazı olan ən kiçik qrupları belə sıralarında görmək niyyətindədir. Təbii ki, erməni xislətinə xas olan tezislər yenidən dövriyyəyə buraxılıb və Ermənistan üçün Azərbaycan və Türkiyənin real təhlükə olduğu, ölkənin tezliklə türkləşəcəyi barədə cəfəng fikirlərlə cəmiyyətdə qorxu yaratmaq hədəfi də əsas məqsədlərdən biridir.

Təbii ki, ilk olaraq, Respublika partiyasının bu sıraya qoşulacağını ehtimal etmək olar. Çünki artıq Eduard Şarmazanov bu barədə açıqlama verərək, Karapetyanın mübarizəsinə qoşulacaqlarının anonsunu verib: “Partiya heç bir ambisiya olmadan bu hakimiyyətin devrilməsinə yönəlmiş vicdanlı mübarizəyə qoşulmağa hazırdır”.

Paralel olaraq söyləmək lazımdır ki, müxalifət deputatı Aqvan Vardanyan da Karapetyanın fikrini dəstəkləyib, hətta mitinqdə iştirak da edib.

Müxalif düşərgədə isə bu tip açıqlamalar məsələni seçkidən əvvəl həll etmək, baş naziri və hökuməti devirmək kimi qəbul edilib. Eyni zamanda siyasətçi Harut Sasunyan da açıqlama verərək, iş adamının addımını alqışladığını bildirib. Onun fikrinə görə, ideoloji fərqlərdən asılı olmayaraq, hakimiyyətin yürütdüyü siyasətlə razılaşmayan hər kəsin daxil olacağı ümumerməni qurumu yaradılmalıdır. Sasunyan ümid edir ki, Karapetyanın həbsi və müraciətləri xalq hərəkatına çevrilə bilər. Buna görə də siyasətçi öz növbəsində xalqa müraciət edərək, hər kəsi Samvel Karapetyanın arxasınca getməyə, onun ətrafında birləşməyə çağırıb.

Maraqlıdır ki, bu tip açıqlamalar bir daha sübut edir ki, siyasi fəaliyyətə başlayacağı barədə hökumətdə məlumat olduğu üçün Karapetyan həbs edilib. Paşinyan siyasi fiqurun seçki ərəfəsində səhnəyə çıxmasının qarşısını almaq üçün bu addımı atıb.

Görünən odur ki, yay və payız aylarında erməni siyasi mühitində ciddi dəyişiklər gözlənilir.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?