ABŞ və Rusiya arasında söz savaşı

ABŞ və Rusiya arasında münasibətlər korlanmağa doğru gedir. Təhlil.az xəbər verir ki, bunu tərəflərin son günlərdə səsləndirdikləri bəyanatlardan da sezmək mümkündür. ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynada nizamlanma razılaşması olmadığı halda Rusiyanın ticarət tərəfdaşlarına 100% rüsum tətbiq etmək niyyətindədir. Bu plan isə Rusiyadan neft, qaz və digər enerji resurslarının alıcılarına təsir edəcək.
Paralel olaraq Ağ evin başçısı Rusiya lideri Vladimir Putinlə bağlı məyus olduğunu bildirib:
“Çox məyusam. Amma hələ üstündən xətt çəkməmişəm. Biz yaxşı söhbət edirik. Mən deyirəm ki, biz deyəsən, problemin həllinə yaxınıq, bu da yaxşı xəbərdir. Sonra Putin Kiyevə zərbə endirərək, binaları dağıdır. Dörd dəfə onunla razılaşdığımı düşünmüşəm. Sonra evə qayıdıram, xəbərlərdən öyrənirəm ki, Rusiya Silahlı Qüvvələri Ukraynada doğum evini və ya hansısa yaşayış binasını vurub. Mən də öz-özümə deyirəm ki, lənət şeytana, bu nədir axı”?
Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev bildirib ki, Rusiya Trampın Kremlə dekorativ ultimatumunu görməyib:
“Tramp Kremlə teatr ultimatumu verib. Bütün dünya titrəyərək nəticələri gözləyir. Döyüşkən Avropa məyus oldu. Amma bu, Rusiyanı qəti narahat etmir”.