Tədqiqat: Yeni müalicələr ağciyər xərçəngi ilə mübarizə aparmağa kömək edə bilər

Həkimlər ağciyər xərçənginin cərrahi yolla çıxarıla bilməyəcəyini söyləyəndə bu, ölüm hökmü kimi səslənir. Amma yeni araşdırmalar göstərir ki, bəzi xəstələr üçün standart dərmanlar və yeni immun terapiyanın kombinasiyası əslində bu mürəkkəb şişləri kifayət qədər kiçildə bilər və onları cərrahi müdaxilə ilə kəsib götürmək olar.
Təhlil.az xəbər verir ki, Dana-Farber Xərçəng İnstitutunun Nyu-Yorkdakı Memorial Sloan-Ketterinq Mərkəzi və Romadakı Xərçəng Mərkəzi ilə birgə apardığı araşdırmada ağciyər xərçənginin 3-cü mərhələsində olan 112 nəfər iştirak edib. Bu xəstələrə şişlərinin çox böyük olduğu və ya onların çıxarılmasının çox riskli olduğu bildirilib. Onlara kimyaterapiya təyin edilib və PD-1 və ya PD-L1-i bloklayan bir dərman verilib. Bu müalicədən sonra həkimlər dörd xəstədən üçünün nəhayət əməliyyat oluna biləcəyini müəyyən ediblər. Əməliyyat olunanların üçdə birində isə sonradan heç bir xərçəng əlaməti müşahidə edilməyib.
Qeyd olunmalıdır ki, 3-cü mərhələdə olan ağciyər xərçəngini müalicə etmək çox çətindir.