Mahir Emreli “Nürnberq”dən ayrıldı

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniya səyahətinin ilk mərhələsini tamamladı.
Təhlil.az xəbər verir ki, 27 yaşlı hücumçu II Bundesliqa təmsilçisi “Nürnberq” ilə yollarını ayırıb. Öz vida mesajında isə yalnız futbola yox, xəyallara, duyğulara və minnətdarlığa toxunub.
Mahir Emreli instaqram paylaşımında "Nürnberq"i sadəcə klub yox, həyatının bir parçası adlandırıb. “Avropanın ən tarixi klublarından birində oynamaq qürurdur. Amma uşaqlıq arzumu reallaşdıran Miroslav Kloze ilə çalışmaq imkanını heç nə ilə müqayisə edə bilmərəm,” – deyə Emreli yazıb.
Forvard alman azarkeşlərini də unutmayıb: “Bu formanı ürəyimdə daşıdım. Arxamda siz vardınız – əziz azarkeşlər! Səsləriniz, alqışlarınız mənimlə qalır.”
Qeyd edək ki, Emreli bu mövsüm “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda isə 1 dəfə rəqib qapısını dəqiq nişan alıb. Lakin müqaviləsi yenilənməyib.