Bu gün

Amerika Zəngəzur dəhlizinə nəzarət etmək istəyir? - TƏHLİL

Amerikanın Türkiyədəki səfiri Tom Barrakın “Zəngəzur dəhlizinə 100 illik nəzarəti biz götürək” təklifi Cənubi Qafqazda geosiyasi mənzərəni yenidən formalaşdıra biləcək sensasion çağırış kimi dəyərləndirilir. O, bildirib ki, Bakı və İrəvan arasında dəhlizin formatı ilə bağlı ciddi fikir ayrılıqları var və bu səbəbdən ABŞ öz üzərinə beynəlxalq nəzarətçi rolu götürməyə hazırdır. Məsələyə Türkiyə Prezident Administrasiyasının “məlumatımız yoxdur” açıqlaması isə ya diplomatik ehtiyatkarlığın, ya da prosesin tam olaraq Ankara ilə razılaşdırılmadığının göstəricisi kimi qəbul olunur. Bəs bu təklif nə dərəcədə realdır və əgər reallaşarsa, region üçün hansı nəticələri doğura bilər?

ABŞ üçün Zəngəzur dəhlizi yalnız regional nəqliyyat arteriyası deyil, həm də İranın şimalda izolə olunması, Çin-Rusiya-İran quru bağlantısının kəsilməsi,
Avropa ilə Asiya arasında nəqliyyat təhlükəsizliyinin təmin edilməsi və Türkiyə-Azərbaycan-Gürcüstan üçbucağının stabilləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Vaşinqton bu dəhlizi nəzarətə götürməklə həm Mərkəzi Asiyaya çıxış əldə edə, həm də Avrasiya geosiyasətində daha güclü oyunçuya çevrilə bilər. Ən əsası isə ABŞ bu dəhliz vasitəsilə Cənubi Qafqazda Rusiyanın və İranın təsirini balanslaşdırmağa nail olmaq istəyir. Ona görə də Tom Barrakın təklifi hansısa real strateji planın təzahürü də ola bilər. Çünki ABŞ faktiki olaraq tərəflər arasındakı sülh prosesində, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif mərhələlərində aktiv iştirak edib. Vaşinqton Kosovo, Bosniya və Suriya ərazilərində olduğu kimi sülhməramlı və ya monitorinq mexanizminin qurulması təcrübəsinə malikdir. Lakin dəhliz ideyası Azərbaycanın əsas suveren təşəbbüsüdür və onun beynəlxalq nəzarətə təhvil verilməsi bir çox sahədə narahatlıq doğura bilər. Paşinyan hökuməti isə Rusiyanın regiondan uzaqlaşdırılması üçün Qərbin rolunu artırmaq istəyir. ABŞ-nin nəzarətçi rolu İrəvan üçün təhlükəsizlik zəmanəti də ola bilər.

Rəsmi Ankara bu bəyanatdan xəbərsiz olduğunu bildirib. Əslində, Türkiyə özü də Zəngəzur dəhlizi vasitəsilə Türk Dövlətləri Təşkilatını birləşdirməyə və Mərkəzi Asiyaya çıxışı təmin etməyə çalışır. Amerikanın prosesə daxil olması Türkiyə üçün həm fürsət, həm də riskdir. Çünki Vaşinqtonla eyni bölgədə paralel işləmək NATO tərəfdaşlığını gücləndirsə də, maraqlar toqquşa bilər. Çox güman ki, Kreml bu təklifi özünün Cənubi Qafqazdan sıxışdırılma cəhdi kimi qiymətləndirəcək. Moskva artıq Qarabağda sülhməramlı kontingentini itirib, indi də nəqliyyat dəhlizinin Amerika nəzarətinə keçməsi Rusiyanın bölgədəki son dayaq nöqtəsini zəiflədəcək. Tehran Zəngəzur dəhlizinə qarşı ən sərt mövqe tutan ölkədir. Amerikanın burada nəzarəti əlinə alması İran üçün strateji təhlükədir və bu, regionda onun daha aqressiv reaksiyasına səbəb ola bilər.

Bir məqam da vurğulanmalıdır ki, Amerikanın dəhlizə nəzarəti qısa müddətli sabitlik və hərbi toqquşmalardan yayınma üçün texniki baxımdan faydalı ola bilər. Belə ki, dəhliz ətrafında neytral nəzarət toqquşma risklərini azaldar, regionda Qərb investisiyaları və infrastruktur layihələri artar, Azərbaycanın tranzit rolu güclənə bilər. Ancaq uzunmüddətli perspektivdə bu, böyük güclər arasında nüfuz savaşını daha da qızışdıra, Cənubi Qafqazı “ikinci Ukrayna”ya çevirə bilər. Regionun həssas etnik və siyasi balansı fonunda belə xarici nəzarət mexanizmi həm də suverenlik, iqtisadi müstəqillik və daxili sabitlik üçün təhlükəlidir.

Tom Barrakın təklifi ilk baxışdan sülhə xidmət etsə də, əslində bölgənin geosiyasi mənzərəsini dəyişə biləcək riskli və həssas təşəbbüsdür. Düzdür, ABŞ üçün bu, strateji qazanclara aparan körpü ola bilər, amma Azərbaycan və Ermənistan üçün bu, suverenlik, regional balans və təhlükəsizlik dilemması yaradar. Hələlik çoxsaylı suallar var və onların demək olar ki, heç biri cavablandırılmayıb. Lakin bir məsələ dəqiqdir ki, artıq Zəngəzur dəhlizi sadəcə yol deyil, bu, böyük güclərin iradəsinin, regionun gələcəyinin və Cənubi Qafqazdakı sülhün test meydanıdır.

MTM Analitik Qrupu 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?