23 may

Diplomatlar hücum altında: Vaşinqtonda diplomatik təhlükəsizliyin tənəzzülü - TƏHLİL

Vaşinqtonda iki israilli diplomatın amansızcasına qətlə yetirilməsi, ABŞ ərazisində diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqları yenidən gündəmə gətirdi. Dünyanın ən çox qorunan paytaxtlarından biri hesab edilən Vaşinqtonda son illərdə xarici rəsmi şəxslərə qarşı baş verən siyasi motivli zorakılıqlar bu sistemin ciddi çatışmazlıqlarını üzə çıxarır.

2025-ci il mayın 21-də İsrail səfirliyinin əməkdaşları Yaron Lischinsky və Sarah Milgrim, paytaxtdakı Yəhudi Muzeyinin qarşısında diplomatik tədbirdən sonra odlu silahla qətlə yetirilib. Hadisəni törədən Elias Rodriguez saxlanılarkən anti-İsrail şüarları səsləndirdiyindən, bu cinayət, nifrət zəminində törədilən terror aktı kimi araşdırılmağa başlanmışdır. Gənc diplomatların həyatına son qoyan bu faciə, beynəlxalq ictimaiyyətdə ABŞ-nin diplomatik təhlükəsizliyi təmin etmək qabiliyyətinə olan inamı sarsıtdı.

2022-ci ildə Azərbaycanın Vaşinqtondakı səfirliyinə məxsus avtomobil odlu silahla atəşə tutulmuşdu. Xoşbəxtlikdən xəsarət alan olmasa da, bu hadisə Azərbaycanın ABŞ-dəkı diplomatik nümayəndəliyinə qarşı yönəlmiş açıq hücum kimi qiymətləndirildi. Bu cinayətə görə hələ də heç kim məsuliyyətə cəlb olunmayıb, işin nəticəsiz qalması isə ABŞ-də kiçik dövlətlərin nümayəndəliklərinə münasibətdə təhlükəsizlik sisteminin zəifliyini göstərir.

Bu hadisələr arasında aydın paralellər var. Milliyyətindən asılı olmayaraq, diplomatlar ABŞ ərazisində hədəfə çevrilirlər. Bu, təkcə hüquq-mühafizə orqanlarının zəifliyi deyil, həm də ev sahibi ölkə olaraq ABŞ-ın Vyana Konvensiyası ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin pozulmasıdır. Diplomatiyanın mərkəzi hesab edilən Vaşinqtonun artıq təhlükəsiz zona kimi qəbul olunmaması ciddi bir xəbərdarlıqdır.

Azərbaycan da daxil olmaqla, bir çox ölkələr ABŞ-yə müraciət edərək öz diplomatlarının qorunmasını tələb etmişdir. Lakin bu çağırışlar çox zaman sadəcə bəyanatlar səviyyəsində cavablandırılır.

Vaşinqtonda baş verən bu qətl hadisəsi ilə bağlı beynəlxalq səviyyədə qınaqlar artmaqdadır. Azərbaycanın Xarici İşlər Nazirliyi də bu hücumu “qəddar və namərd” adlandıraraq, İsrailə başsağlığı vermiş və diplomatik təhlükəsizliyin təmin olunmasına çağırış etmişdir. Bu kontekstdə 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücum da xatırlanmalıdır. Həmin hücum nəticəsində Azərbaycanın səfirliyinin təhlükəsizlik rəisi həlak olmuşdu.

Bu hadisə ABŞ ərazisində baş verməsə də, azərbaycanlı diplomatlara qarşı artan hücumlar silsiləsinə aiddir. Münaqişəli regionlarda belə hallar bəzən gözlənilsə də, sülh və əməkdaşlıq məkanı hesab edilən ölkələrdə bu tip zorakılıqlar qəbuledilməzdir.

ABŞ artıq təkcə başsağlığı verməklə kifayətlənməməlidir. O, bütün ölkələrin diplomatlarına bərabər və effektiv təhlükəsizlik təminatı verməlidir. Əks halda, səfirliklər dialoq və diplomatiya məkanından nifrətin və hücumların hədəfinə çevriləcək.

Təhlil Analitik Qrupu   

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?