Ermənistanın investisiya mühiti təhlükədə - Yatırımlar azalır - TƏHLİL

Ermənistanda baş verən siyasi proseslər ölkə iqtisadiyyatına ciddi təsir göstərir. Baş nazir Nikol Paşinyanın uğursuz xarici siyasəti ölkənin ixracında da xeyli geriləmə ilə müşahidə olunur. Eyni zamanda, Samvel Karapetyanın həbsi, “Ermənistan Elektrik Şəbəkəsi”nin milliləşdirilməsi, “Tashir” şirkətlər qrupunun biznes strukturlarının ləğvi də ciddi çətinliklər yaradır. Minlərlə iş yerinin bağlanması ilə yanaşı, digər zərər və problemlər də üzə çıxıb.
Hakim partiyanın açıqlamalarında iqtisadiyyatda heç bir problem olmadığı, iqtisadi artım yarandığı səslənsə də, real mənzərə tam başqa reallıqları ortaya qoyur. Hakimiyyət problemləri həll etmək əvəzinə daha böyük problemlər yaradıb. Son illər biznes mühitinin tapdalanması, əsas sahələrin məmurların əlində toplanması, mülkiyyət hüququnun heçə sayılması kimi məsələlər iqtisadiyyatın investisiya cəlbediciliyini əsaslı şəkildə məhv edib. Təəccüblü deyil ki, Ermənistan iqtisadiyyatına sərmayələrin cəlb edilməsi demək olar ki, dayandırılıb.
Rəsmi məlumatlara görə, cari ilin birinci rübündə real iqtisadiyyata birbaşa xarici investisiyaların axını cəmi 5,7 milyard dram, yəni təxminən 15 milyon dollar təşkil edib. Bu, iqtisadiyyatın və biznes mühitinin real vəziyyətini göstərən biabırçılıqdır. Düzdür, Ermənistan ölkə olaraq, investisiya cəlbediciliyi məsələsində maraqlı ölkə olmayıb. Amma son illərdə baş verənlər faciəvi reallığı ortaya qoyur. 2 il əvvəlin eyni dövründə real iqtisadiyyata xalis xarici investisiya axını 33 milyard dram olub. Yəni, 2 il ərzində artım yox, azalma, özü də demək olar ki, 6 dəfə azalma müşahidə olunub.
Bu rəqəmləri və baş verənləri nəzərə alsaq, yaxın vaxtlarda daha biabırçı reallıqların ortaya çıxacağını əminliklə söyləmək olar. Eyni zamanda, investisiyaların xaricə axmasını da müşahidə etmək olar. Tezliklə Ermənistan iqtisadiyyatının problemləri daha da dərinləşəcək. Qısacası, siyasi problemlər tədricən iqtisadi sferaya keçir. Biznes həm ölkə daxilində, həm də xaricdə problemlərlə üzləşir. Uzun müddətdir ki, brend istehsalçıları Gürcüstanda ixrac zamanı maneələrlə qarşılaşdıqları, tranzit yükləri keyfiyyət yoxlamasından keçirməyə məcbur edildikləri barədə həyəcan təbili çalırlar. Konyak istehsalçıları ilə bağlı problemlər həllini tapmasa da, səlahiyyətlilər ixrac edilən ölkə və ya ölkələrlə münasibətlərini düzgün qura bilmədiyi üçün çiçəkçilər də problemlərlə üzləşib, məhsullarını sata bilmirlər. Çıxılmaz vəziyyətdə qalan biznes sahiblərinə təsir edən də budur: məhsulu satıb xərclərini ödəyəcəkləri ümidi ilə kredit götürüb, istixanalar tikib, güllər yetişdiriblər. Məhsulu sata bilmirlər, tullayırlar, kredit faizləri də günü-gündən artır.
Hakimiyyət ancaq daxildə qarışıqlıq yaradır, kənarda elementar məsələləri həll edə bilmir. Hər addımda biznes üçün lazımsız problemlər və çətinliklər yaranır. Ölkə rəhbərliyi hər dəfə öz səriştəsizliyini nümayiş etdirir, insanlar isə fərdi vasitələrlə problemlərini həll etməyə çalışırlar.
Gürcüstan bir tərəfdən ixracatçı və idxalçılara təzyiq və lazımsız əngəl yaradır, digər tərəfdən isə Rusiya bazarında çətinliklər artır. Məsuliyyətsiz hakimiyyətin geosiyasi oyunlarına və oriyentasiyalarının dəyişməsinə cavab olaraq Rusiyanın yüksək rütbəli məmurlarından biri bu yaxınlarda ölkəsinin Ermənistan iqtisadiyyatına münasibətinin dəyişdiyini açıqladı. Rusiya prezidenti, həmçinin qanunvericiliyə dəyişikliklər vasitəsilə başqa ölkələrdən malların idxalı üçün verilən uyğunluq sertifikatlarının qanuniliyinə dair tələblərin sərtləşdirilməsini tapşırıb.
Çətin ki, erməni mallarının ixracı bu sərtləşdirmə tədbirlərindən yayınsın və bu, Ermənistan iqtisadiyyatına növbəti zərbə olacaq.
Hikmət Həsənov