Avropadan İlon Maska qarşı yeni addım

Birləşmiş Krallıq, Norveç və Ukrayna Aİ-nin IRIS2 təhlükəsiz peyk şəbəkəsinə qoşula bilər.
Təhlil.az xəbər verir ki, bu barədə "Euractiv" portalına Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius məlumat verib.
O bildirib ki, bu peyk ABŞ-nin Starlink peykinə alternativ olaraq nəzərdə tutulub.
Andrius Kubilius Aİ-yə daxil olmayan ölkələrin Avropa proqramına qoşulma ehtimalı ilə bağlı suala cavabında “Mən buna qarşı olmazdım” deyə cavab verib.
Portal qeyd edir ki, Norveç Avropa Komissiyası ilə bu mövzuda danışıqların yekunlaşdığını elan edən İslandiyanın ardınca artıq şəbəkəyə qoşulmaq üzrə müzakirələrə başlayıb.
Hələlik London və Kiyevdən rəsmi təklif olmayıb.
IRIS2 proqramı, digər məsələlərlə yanaşı, amerikalı sahibkar İlon Maskın Space X şirkəti ilə rəqabət aparmağa yönəlib.
Euractiv xatırladır ki, Ukrayna silahlı qarşıdurma zamanı Amerika şirkətinin telekommunikasiya xidmətlərinə çox güvənmişdi ki, bu da “Avropada “Starlink”in kosmik telekommunikasiya bazarında dominantlıq səviyyəsi ilə bağlı narahatlığı” artırıb.
IRIS2-nin 2030-cu ildən sonra istismara verilməsi planlaşdırılır. 10,6 milyard avro dəyərində olan proqrama təxminən 280 peyk daxil olacaq.