Dünən

Yeni gömrük razılaşması: kim kimə güzəşt etdi? - TƏHLİL

ABŞ Prezidenti Donald Trampla Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında Şotlandiyada baş tutan görüş aylardır davam edən gömrük mübahisəsinə son qoymaq baxımından mühüm addım oldu. Görüşün nəticəsində tərəflər arasında ticarət sazişi imzalanıb və bu, qlobal iqtisadi münasibətlərdə ABŞ və Avropa İttifaqı əməkdaşlığında yeni mərhələ kimi xarakterizə olunur.

Qeyd edək ki, Tramp hakimiyyətə gələndən sonra Amerika ilə Avropa İttifaqı arasında bir neçə dəfə gömrük rüsumları üzərində fikir ayrılığı yaşanıb. Xüsusilə avtomobil, kənd təsərrüfatı və texnoloji məhsullar üzrə idxal-ixrac balansındakı fərqlər Trampı gömrük rüsumlarını artırmağa təşviq edib. Çünki ABŞ prezidenti uzun müddətdir Avropa ölkələrinin ticarət sahəsində ədalətsiz üstünlüklər qazandığını iddia edir və ölkəsinin bu rəqabətdə daha əlverişli mövqe qazanmalı olduğunu vurğulayırdı. Hələ 2020-ci illərin əvvəllərindən başlayaraq Tramp administrasiyası tərəfindən idxal olunan Avropa məhsullarına əlavə tariflər tətbiq olunmağa başlanmış, bu isə xüsusilə Almaniya, Fransa və İtaliya kimi aparıcı Avropa İttifaqı ölkələrinin iqtisadi dairələrində narazılıq yaratmışdı. Avropa İttifaqı bu addımı Dünya Ticarət Təşkilatının prinsiplərinə zidd sayırdı və qarşılıqlı cavab tədbirləri ilə hədələyirdi. Bu gərgin fon mübahisənin danışıqlar yolu ilə həllini çətinləşdirirdi.

Donald Tramp və Ursula fon der Lyayenin Şotlandiyadakı görüşü bu mürəkkəb vəziyyətdə dönüş nöqtəsi oldu. Hərçənd razılaşmanın detalları hələlik ictimaiyyətə açıqlanmayıb, ancaq məlumdur ki, ticarət sazişi imzalanıb və bununla bağlı əsas məsələ, yəni gömrük tarifləri razılaşdırılıb. Tramp mətbuat konfransında bildirib ki, Avropa İttifaqından Amerikaya idxal edilən mallara tətbiq ediləcək gömrük rüsumu ən azı 15 faiz olacaq. Bu isə əvvəlki dövrlərlə müqayisədə daha sərt bir yanaşma deməkdir. Xüsusilə də Trampın görüşdən əvvəl bu tarifi 15 faizdən aşağı salmaq niyyətində olmadığını bəyan etməsi və bu mövqedə qalması onun iqtisadi siyasətdə ardıcıl və barışmaz mövqeyini bir daha göstərir.

Razılaşmanın mahiyyəti onun mümkün nəticələri barədə də fikir yürütməyə imkan verir. Belə ki, bu, Avropa ixracatçıları üçün müəyyən çətinliklər yaradacaq. Çünki yeni rüsumlar Avropa İttifaqı ölkələrindən Amerikaya məhsul ixrac edən şirkətlər üçün əlavə xərc deməkdir. Xüsusilə Almaniyanın avtomobil sənayesi, Fransanın kənd təsərrüfatı məhsulları və İtaliyanın lüks istehsalçıları bu qərardan ciddi şəkildə təsirlənə bilər. Yeni razılaşma istehlakçılara da təsirsiz ötüşməyəcək. Çox güman ki, Amerika istehlakçıları Avropa məhsullarının qiymətlərində artım hiss edəcəklər. Bu, inflyasiyaya təzyiq göstərə bilər, lakin Tramp administrasiyası yerli istehsalın stimullaşdırılması ilə bunun qarşısını almağı planlaşdırır. Razılaşmanın siyasi təsirlərinə gəlincə, deyə bilərik ki, ticarət sazişi hər iki tərəf üçün müvəqqəti siyasi uğur sayıla bilər. Tramp bunu “Amerika üçün ədalətli ticarət” kimi, Ursula fon der Lyayen isə “gərginliyi azaltmaq” və “Avropa İttifaqının iqtisadi maraqlarını qorumaq” kimi təqdim etməyə çalışacaq. Lakin nəzərə almalıyıq ki, bu razılaşma özlüyündə yeni danışıqların əsasını qoyur. Detalları açıqlanmasa da, bu razılaşma uzunmüddətli ticarət strategiyasının yalnız başlanğıcı ola bilər. Avropa İttifaqının gələcəkdə bu tariflərə qarşı Dünya Ticarət Təşkilatında hüquqi prosedurlar başladacağı və ya öz rüsum siyasətində dəyişikliklərə gedəcəyi istisna olunmur. Bütün bunlardan çıxış edərək qeyd edə bilərik ki, Tramp və fon der Lyayenin Şotlandiyadakı görüşü yalnız ikitərəfli ticarət razılaşması deyil, həm də iqtisadi güclər arasında dəyişən balansın ifadəsi kimi dəyərləndirilə bilər. Amerika iqtisadi suverenliyini qorumaq və balanssız ticarət rejimlərinə qarşı tədbir görmək siyasətini davam etdirir. Avropa İttifaqı isə bu yeni reallığa uyğunlaşmaq və iqtisadi maraqlarını qorumaq üçün çevik və strateji yanaşma sərgiləməyə məcburdur.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?