Dünən

Qafqazın iqtisadi lokomotivi: Azərbaycan xarici ticarətdə ilk sırada

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin birinci yarımilində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 12,1% və ya 2,63 milyard dollar artaraq 24,4 milyard dollara çatıb. Artımın əsas səbəbi idxal həcminin artması ilə bağlıdır.

Aparılan təhlil zamanı məlum oldub ki, son 5 ilin ən yüksək idxal göstəricisi də cari ilin birinci yarımilində qeydə alınıb. Daha dəqiq desək, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ölkələrdən idxal etdiyi məhsulların ümumi həcmi 11,52 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 29,9% və ya 2,65 milyard dollar çoxdur. Son ildəki artımın əsas səbəbi qiymətli daşların, xüsusilə də qızıl idxalının kəskin şəkildə artması ilə əlaqələndirilir.

İxrac həcmi ilə bağlı göstəricilərdə fərqli mənzərəyə rast gəlmək mümkündür. Belə ki, 2025-ci ilin birinci yarımilində ixrac həcmi ilə bağlı rəqəmlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% və ya 0,02 milyard manat azalaraq 12,88 milyard dollara enib.

Qeyd edək ki, son 3 ilin ilk yarımilinə diqqət etsək, ixrac həcmi ilə bağlı göstəricilərin davamlı şəkildə azaldığını görə bilərik. Buna səbəb neft və qaz məhsullarının, əsasən də təbii qazın qiymətinin son illərdə kəskin dəyişməsidir.

Rəsmi rəqəmlər göstərir ki, aparılan ixrac və idxal əməliyyatları nəticəsində son 5 ilin hər birinin birinci yarımilində müsbət saldo qeydə alınıb. Lakin, idxal həcminin son 3 ildə artması və paralel olaraq ixrac həcminin azalması fonunda saldo həcmi müsbət olsa da, kəskin şəkildə azalmaqdadır.

Son olaraq 2025-ci ilin birinci yarımilinin nəticələrinə əsasən, ölkəmizin xarici ticarət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 66,4% və ya 2,68 milyard manat azalaraq 1,36 milyard dollar olub. Qeyd edək ki, ötən ilin birinci rübündə bu rəqəm 4,03 milyard dollara bərabər idi.

Məlumat üçün bildirək ki, müsbət saldonun ən yüksək olduğu dövr 2022-ci ilin birinci yarımilinə təsadüf edir. Həmin dövrdə xarici ticarət saldosunun həcmi 12,12 milyard dollar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac etdiyi məhsulların böyük hissəsi Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilib. Bu dövrdə Aİ ölkələrinə 9,04 milyard dollar həcmində məhsul ixrac olunub ki, bu da ümumi ixracın 70,19%-ni təşkil edir. Xatırladaq ki, bu rəqəmlərin yüksək olmasına təsir edən əsas amil başda İtaliya olmaqla bir çox Aİ ölkələrinin Azərbaycandan xam neft və təbii qaz idxal etməsidir.

2025-ci ilin birinci yarımilində ixracın 0,86 milyard dollarlıq hissəsi və ya 6,66%-i Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə göndərilib. MDB ölkələri arasında Azərbaycandan ən çox məhsul idxal edən ölkə isə Rusiya (0,59 milyard dollar) olub.

İxracın 23,15%-ni təşkil edən 2,98 milyard dollar həcmində məhsul başda qardaş Türkiyə olmaqla (1,72 milyard dollar) digər dünya ölkələrinə göndərilib.

Cari ilin ilk 6 ayında ölkəmizə idxal olunan məhsulların 26,25%-i (3,02 milyard dollar) MDB ölkələrindən, 12,35%-i (1,42 milyard dollar) isə Aİ ölkələrindən gətirilib. MDB ölkələri üzrə ən çox məhsul idxal etdiyimiz ölkə Rusiya (1,93 milyard dollar), Aİ ölkələri üzrə isə Almaniya (0,45 milyard dollar) olub.

Digər ölkələrdən isə 7,07 milyard dollar həcmində məhsul idxal olunub ki, bu da ümumi idxalın 61,4 %-ni təşkil edib. Onlar arasında məhsulunu daha çox idxal etdiyimiz ölkə Çin (2,04 milyard dollar) olub.

Cari ilin birinci yarımilində ixrac olunun məhsulların 49,77%-ni və ya 6,41 milyard dollarını xam neft təşkil edib. İkinci sırada isə 4,54 milyard dollar ilə (35,27%) təbii qaz ixracı yer alıb. Bundan əlavə xarici ölkələrə 0,17 milyard dollar həcmində digər neft-qaz məhsulları ixrac olunub. Ümumilikdə deyə bilərik ki, bu dövrdə qeydə alınan ixracın 86,38%-ni və ya 11,12 milyard dollarını neft və qaz məhsulları tutub.

Qalan 13,62% həcmində 1,75 milyard dollarlıq ixracı isə qeyri-neft-qaz məhsulları təşkil edib. Qeyri-neft-qaz məhsulları üzrə əsas ixrac olunan məhsul 0,42 milyard dollar ilə meyvə-tərəvəz olub.

İdxal olunan məhsullar arasında isə ilk sırada 1,69 milyard dollar ilə “maşın, mexanizm, elektrik aparatları, avadanlıq və onun hissələri” kateqoriyası yer alır. Bu kateqoriya üzrə idxal olunan məhsullar ümumi idxalın 14,68%-ni təşkil edib.

İkinci sırada isə 1,28 milyard dollar həcmində idxal ilə “qida məhsulları” yer alır. I yarımildə idxal olunan qida məhsullarının həcmi ümumi idxalın 11,1%-nə bərabər olub.

İlk üçlüyü isə idxalın 10,53%-ni təşkil edən “nəqliyyat vasitələri və onların hissələri” kateqoriyası yer alıb. Bu kateqoriya üzrə ölkəmizə ilk 6 ayda 1,21 milyard dollar həcmində məhsul idxal olunub.

Əlavə məlumat üçün qeyd edək ki, bu dövrdə Azərbaycana 0,96 milyard dollar dəyərində 51 727 avtomobil idxal olunub və bu avtomobillərin 47 199 ədədini (0,87 milyard dollar) minik avtomobilləri təşkil edir.

Cənubi Qafqaz ölkələrinin Dövlət Gömrük Komitəsinin, Gürcüstanın Dövlət Statistika Komitəsinin və Ermənistanın mətbuat orqanlarının (statistika komitəsinə istinad) internet səhifələrindən əldə olunmuş xarici ticarət göstəricilərinə əsasən, cari ilin birinci yarımilində Cənubi Qafqazda xarici ticarət dövriyyəsi ən yüksək olan ölkə Azərbaycan olub. Bu dövrdə xarici ticarət dövriyyəsi Azərbaycanda 24,4 milyard dollar, Gürcüstanda 11,9 milyard dollar, Ermənistanda isə 9,7 milyard dollar olub.

İxrac və idxal göstəricilərinə ayrı-ayrılıqda baxdıqda isə burada yalnız Azərbaycanın ixrac həcminin idxal həcmini üstələdiyini görə bilərik. Yəni Cənubi Qafqazda xarici ticarət saldosu müsbət olan ölkə yalnız Azərbaycandır (1,4 milyard dollar). Gürcüstanda bu göstərici -5,5 milyard dollar, Ermənistanda isə -2,1 milyard dollar təşkil edib.

 

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?