Tehran nüvə proqramının daim dinc xarakter daşıyacağına zəmanət verməyə hazırdır

Tehran nüvə proqramının daim dinc xarakterdaşıyacağına zəmanət verməyə hazırdır və bunun müqabilində sanksiyaların ləğvini gözləyir.
Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “FoxNews” telekanalına verdiyi müsahibədə bildirib. İslam Respublikasının xarici işlər nazirindən İranın danışıqlar masasına qayıtmaq üçün hansı güzəştlərə hazır olduğu soruşulduqda, o belə cavab verib:
“Biz nüvə proqramımızın dinc xarakter daşıdığına və onun hər zaman dinc qalacağına zəmanət verə bilərik. Bunun əvəzində isə sanksiyaların ləğvini gözləyirik”.
Eyni müsahibədə nazir son həftələr ərzində ölkəni silkələyən etiraz aksiyalarının xaricdən idarə olunan “terrorçu ünsürlər” tərəfindən təşkil edildiyini iddia edib. Onun sözlərinə görə, bu qruplar polis və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edərək onlara atəş açıblar.
“Onlar polis əməkdaşlarını diri-diri yandırır, başlarını kəsir, həm polisləri, həm də mülki şəxsləri güllələyirdilər. Nəticədə artıq üç gündür ki, biz faktiki olaraq etirazçılarla deyil, terrorçularla mübarizə aparırıq”, - deyə Əraqçi qeyd edib.
İran XİN rəhbərinin sözlərinə görə, bu “terrorçuların”əsas məqsədi ABŞ-ni münaqişəyə cəlb etmək olub. Əraqçi baş verənlərdə İsraili ittiham edərək, bunun İsrailin planının bir hissəsi olduğunu bildirib.