Bu gün

“Facebook” taxtdan düşdü: Azərbaycan sosial mediada “Instagramı” seçdi - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) “Statcounter” Qlobal Statistika platformasının açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Instagram” olub. Platformanın ölkə üzrə istifadə payı 34,33 faiz təşkil edib.

İkinci yerdə 25,53 faiz göstərici ilə “Facebook” qərarlaşıb. Ən çox istifadə edilən sosial şəbəkələrin ilk üçlüyünü 18,68 faiz payla “YouTube” tamamlayıb.

Təhlilə əsasən, “Pinterest” istifadə payına görə 10,34 faizlə dördüncü, “X” (köhnə adı ilə Twitter) isə 7,18 faizlə beşinci yerdə qərarlaşıb.

Qalan 3,93 faiz pay isə “LinkedIn”, “Reddit” və digər sosial şəbəkələrin hesabına düşür.

Bu göstəricilər Azərbaycanda sosial media istifadə vərdişlərinin əsas istiqamətlərini və platformalar üzrə mövcud rəqabət balansını əks etdirir.

Son beş il ərzində Azərbaycanda “Instagram”, “Facebook” və “YouTube” ən çox istifadə olunan sosial şəbəkələr kimi qeydə alınıb. 2025-ci ildə bu platformalar istifadə payına görə ilk üçlüyü formalaşdırıb.

Açıqlanan rəsmi məlumatlara əsasən, “Instagram” 34,33 faiz, “Facebook” 25,53 faiz, “YouTube” isə 18,68 faiz göstərici ilə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıb. Digər sosial şəbəkələrin istifadəsi ilə bağlı göstərici 21,46 faizə bərabər olub.

2024-cü ilin statistik göstəricilərinə də baxsaq, oxşar tendensiyanın davam etdiyini görərik. Həmin il “Instagram” 35,33 faiz ilə birinci, “Facebook” 24,93 faiz ilə ikinci, “YouTube” isə 16,98 faiz ilə üçüncü yeri tutub.

Aparılan statistik təhlil göstərir ki, “Instagram” sosial şəbəkəsinin istifadə payı 2023-cü ildən etibarən digər platformaları geridə qoyaraq lider mövqeyə yüksəlib.

Belə ki, 2021-ci ildə sosial şəbəkələr arasında lider mövqedə 33,74 faiz göstərici ilə “Facebook” qərarlaşıb. Həmin il “YouTube” 19,1 faizlə ikinci, “Instagram” isə 13,85 faiz istifadə payı ilə üçüncü yerdə olub.

2022-ci ildə də oxşar mənzərə müşahidə edilib. “Facebook” 31,34 faizlə birinci, “YouTube” 23,73 faizlə ikinci yeri tutub. “Instagram” isə əvvəlki illə müqayisədə artım nümayiş etdirərək 18,45 faiz payla üçüncü pillədə qərarlaşıb.

2023-cü ildən etibarən isə sosial şəbəkələr üzrə balans dəyişib. Həmin il “Instagram” 36,16 faiz göstərici ilə ilk dəfə lider mövqeyə yüksəlib. “Facebook” 23,89 faizlə ikinci, “YouTube” isə 13,62 faizlə üçüncü yerdə qərarlaşıb.

Bu göstəricilər Azərbaycanda sosial media istifadəsində “Instagram”ın payının illər üzrə davamlı artdığını və 2023-cü ildən etibarən dominant platformaya çevrildiyini təsdiqləyir.

Aparılan təhlil zamanı məlum olub ki, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan internet brauzeri “Google Chrome” olub. Brauzerin ölkə üzrə istifadə payı 80,86 faiz təşkil edib. Qalan 19,14 faiz isə digər internet brauzerlərinin payına düşür. Bu kateqoriyaya əsasən “Safari”, “Samsung Internet”, “Opera”, “Microsoft Edge”, “Yandex Browser”, “Mozilla Firefox” və digər brauzerlər daxildir.

Son beş ilin göstəricilərinin müqayisəli təhlili də “Google Chrome”un Azərbaycanda davamlı lider mövqeyini qoruduğunu göstərir. Belə ki, 2021-ci ildə brauzerin istifadə payı 77,89 faiz, 2022-ci ildə isə 76,66 faiz olub. 2023-cü ildə bu göstərici 77,31 faiz, 2024-cü ildə isə 78,48 faiz səviyyəsində qeydə alınıb.

Məlumatlar göstərir ki, son illər ərzində “Google Chrome” Azərbaycanda internet brauzerləri arasında stabil və üstün mövqeyini saxlayaraq bazarın əsas payına nəzarət edir.

Aparılan statistik təhlilə əsasən, 2025-ci ildə Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkə “Instagram” olub. Platformanın istifadə payı 34,33 faiz təşkil edib. İkinci yerdə 25,53 faizlik göstərici ilə “Facebook”, üçüncü yerdə isə 18,68 faiz payla “YouTube” qərarlaşıb.

Gürcüstan üzrə göstəricilər isə fərqli mənzərə ortaya qoyur. Bu ölkədə sosial şəbəkələr arasında “Facebook” açıq üstünlük nümayiş etdirir və 66,75 faiz istifadə payı ilə birinci yerdə qərarlaşır. “Instagram” 9,48 faizlə ikinci, “X” (Twitter) isə 6,58 faizlə üçüncü sırada yer alır. “YouTube”un izlənmə payı isə 5,46 faiz təşkil edir.

Ermənistanda da ən çox istifadə olunan sosial şəbəkə “Facebook” olub. Platforma 32,94 faiz istifadə payı ilə ilk sırada qərarlaşıb. İkinci yerdə 25,29 faizlə “Pinterest”, üçüncü yerdə isə 12,28 faizlə “Instagram” yer alır. “YouTube”un bu ölkədə istifadə payı isə cəmi 5,34 faiz səviyyəsində qeydə alınıb.

Müqayisəli təhlil göstərir ki, Azərbaycan, Gürcüstan və Ermənistanın sosial şəbəkə istifadə vərdişləri ciddi şəkildə fərqlənir və hər üç ölkədə lider platformalar üzrə üstünlüklər müxtəlifdir.

 

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?