Azərbaycan–İtaliya münasibətləri: enerji tərəfdaşlığından strateji müttəfiqliyə doğru - MƏQALƏ

Azərbaycanın Avropada mühüm rolu, mövqeyi ilə seçilən İtaliya ilə münasibətlərində müşahidə edilən hazırkı dinamik inkişaf son onillikləri əhatə edən ardıcıl siyasi dialoq, institusional əməkdaşlıq və konkret iqtisadi nəticələr fonunda mümkün olub. Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyasının bu günlərdə Bakıda keçirilmiş VI iclası ikitərəfli əlaqələrin inkişafı üçün ciddi siyasi iradənin və potensialın mövcudluğunu bir daha təsdiq edib.
İclas çərçivəsində səsləndirilən rəqəmlər, təqdim olunan layihələr və imzalanan sənədlər göstərir ki, tərəflər ikitərəfli münasibətləri uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevirməyi hədəfləyirlər. Birgə Komissiyanın son iclası fonunda bir daha təsdiqlənib ki, ölkələrimiz arasında əlaqələr yalnız enerji resurlarının ixracı amili üzərində qurulmayaraq, daha geniş spektri əhatə edir. Hazırda İtaliya Azərbaycan nefti və qazının Avropada ən böyük idxalçısı olsa da, yeni istiqamətlər – sənaye, investisiya, nəqliyyat, yaşıl enerji, ticarət, logistika, texnologiya, hərbi-texniki və humanitar sahələr üzrə geniş əməkdaşlıq çevrəsi formalaşdırılıb. İclas zamanı imzalanan, 2026-2027-ci illəri əhatə edən Birgə Fəaliyyət Planı 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutur və bu da münasibətlərin sistemli şəkildə inkişafını təsdiqləyir.
İtaliya bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, ölkəmizin ümumi ticarət dövriyyəsinin təxminən 25 faizi, ixracının 46,7 faizi bu ölkənin payına düşür. 2025-ci ildə İtaliya təkcə SOCAR vasitəsilə 10,34 milyon ton neft və ümumilikdə 9,5 milyard kubmetr qazla təchiz edilib. İndiyədək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 45,4 milyard kubmetr təbii qaz nəql olunub. Azərbaycandan Avropaya idxal olunan təbii qazın 38 faizinin alıcısının məhz İtaliya olması da diqqətçəkici məqamdır.
Bu göstəricilər Azərbaycan–İtaliya enerji əməkdaşlığının sabit və strateji xarakter aldığını təsdiqləyir. Bununla yanaşı, Birgə Komissiyanın son iclasında xüsusi vurğulanan məqamlardan biri də tərəfdaşlığın gələcəyinin yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmamasıdır. Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, Mərkəzi Asiya-Azərbaycan marşrutu kimi perspektiv layihələr Avropanın elektrik enerjisi ilə təchizatını asanlaşdıracaq. İtaliyanın “CESI SpA” şirkəti ölkəmizin təşəbbüsü ilə reallaşacaq bu yaşıl enerji dəhlizləri layihələrinin texniki-iqtisadi əsaslandırmalarının hazırlanmasında məsləhətçi tərəfdaşdır. 2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək yaşıl enerji dəhlizi İtaliyanın Avropa enerji bazarında alternativ və dayanıqlı mənbələrə çıxışına imkanı yaradacaq.
Qarşılıqlı sərmayə qoyuluşları iqtisadi əlaqələrin dərinləşməsi baxımından mühüm əhəmiyyətə malikdir. İndiyədək Azərbaycandan İtaliyaya 342 milyon dollar, İtaliyadan isə Azərbaycana 805 milyon dollar məbləğində investisiya qoyulub. Hazırda Dövlət Neft Fondunun İtaliyadakı investisiya portfelinin bazar dəyəri 2,8 milyard dollar təşkil edir. Bu rəqəmlər tərəflərin bir-birinə yalnız ticarət tərəfdaşı kimi deyil, eyni zamanda etibarlı investisiya məkanı kimi yanaşdıqlarını göstərir. Təsadüfi deyil ki, iclasda sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair ayrıca sazişin imzalanmasının vacibliyi vurğulanıb.
“Made in İtaly” brendinin ölkəmizdə geniş təmsil olunması, aviasiya və nəqliyyat sahəsində əlaqələrin intensivləşməsi, qarşılıqlı uçuşların sayının artması, turizm axınının yüksəlməsi münasibətlərin çoxşaxəli xarakter aldığını təsdiqləyən məqamlardır. Birgə Komissiyanın 6-cı iclasında bu sahələr üzrə koordinasiyanın gücləndirilməsi və biznes forumlarının təşkili xüsusi əhəmiyyət kəsb edən istiqamətlər kimi önə çəkilib. Yaxın perspektivdə iki ölkənin biznes qurumlarının iştirakı ilə Azərbaycan-İtaliya biznes forumunun təşkili planlaşdırılır.
Azad edilmiş ərazilər üzrə əməkdaşlıq ikitərəfli gündəlikdə yer alan mühüm istiqamətlərdəndir. Qarabağ və Şərqi Zəngəzurda 10 min meqavatdan artıq günəş və külək enerjisi potensialının mövcudluğu bu əraziləri regional “yaşıl enerji mərkəzi”nə çevirmək imkanı yaradır. İtaliyanın “Ansaldo Energia” şirkəti azad edilmiş ərazilərdə yarımstansiyaların qurulmasında, enerji infrastrukturunun bərpasında yaxından iştirakı tərəfdaşlığın praktiki nəticələr verdiyini göstərir. Bu əməkdaşlıq həm də ölkəmizin azad edilmiş ərazilərin bərpası və yenidənqurulması prosesində Avropa texnologiyalarına, təcrübəsinə açıq olduğunu nümayiş etdirir.
Rəsmi Roma Azərbaycanın Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya istiqamətində etibarlı logistika və enerji körpüsü rolunu yüksək dəyərləndirir. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın tranzit imkanları ilə İtaliyanın Aralıq dənizi hövzəsindəki logistika potensialının uzlaşdırılması Avropa üçün alternativ ticarət marşrutları yarada bilər. Bu mənada, İtaliya ölkəmiz üçün Avropa İttifaqında 500 milyon istehlakçını əhatə edən bazara çıxış qapılarından biri kimi qiymətləndirilir.
Strateji tərəfdaşlığın mühüm komponentlərindən biri də hərbi və hərbi-texniki əməkdaşlıqdır. Bu sahədə əlaqələrin genişlənməsi göstərir ki, tərəflər təhlükəsizlik məsələlərinə qarşılıqlı etimad müstəvisində yanaşırlar. Müdafiə sənayesi məhsullarının tədarükü, hərbi nəqliyyat vasitələrinin alınması üzrə əməkdaşlıq, texniki xidmət və təlim sahəsində təcrübə mübadiləsi ikitərəfli münasibətləri daha da möhkəmləndirir.
Xüsusi qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərdə siyasi baxımdan heç zaman ciddi fikir ayrılıqları, ziddiyyətlər olmayıb. İtaliya rəsmi Bakının sülh gündəliyini açıq şəkildə dəstəkləyir, Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasını vacib hesab edir. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Hökumətlərarası Komissiyasının altıncı iclasında bəyan edib ki, Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Vaşinqton sammiti tarixi hadisədir və Cənubi Qafqazdakı vəziyyətə müsbət təsir göstərib.
Azərbaycan-İtaliya Birgə Hökumətlərarası Komissiyasının VI iclası münasibətlərin strateji səviyyəyə yüksəldiyini konkret faktlarla əsasında təsdiqləyib. Avropanın aparıcı ölkələrindən olan İtaliyanın Azərbaycanın strateji tərəfdaşına çevrilməsi, münasibətlərin müttəfiqlik istiqamətində inkişafı ölkəmizin bu geosiyasi arealda nüfuz və mövqelərini daha da gücləndirir.
MTM Analitik Qrupu