Bakıda 66 min manatlıq vakansiya elan edildi

Beynəlxalq Əmək Təşkilatı (BƏT) Bakıda “Senior Project Administrative Assistant” (Baş layihə üzrə inzibati assistent) vəzifəsinə vakansiya elan edib.
Təhlil.az xəbər verir ki, təşkilatın məlumatına əsasən, vakansiya əmək təhlükəsizliyi, əməyin mühafizəsi və əmək müfəttişliyi sistemlərinin gücləndirilməsinə yönəlmiş Azərbaycan və Qazaxıstan üzrə layihə çərçivəsindədir.
İşə qəbul ediləcək şəxsin layihənin inzibati, əməliyyat və logistika işlərini həyata keçirməsi, tədbirlərin təşkili, sənədləşmə, ezamiyyətlərin planlaşdırılması, büdcə və ödənişlərin izlənməsi, hesabatların hazırlanması kimi vəzifələri yerinə yetirməsi nəzərdə tutulur.
Vəzifə üzrə illik əməkhaqqı 66 181 manat təşkil edir. İş müddəti 2027-ci il fevralın 1-dən etibarən 16 həftə olaraq göstərilib.
Namizədlərdən orta təhsil və müvafiq inzibati sahədə formal təlim, ən azı 6 il artan məsuliyyətlə inzibati iş təcrübəsi, həmçinin rəhbərlik təcrübəsi tələb olunur. İngilis və Azərbaycan dillərini mükəmməl bilmək vacibdir. Rus dili biliyi üstünlük hesab edilir.
Namizəd Microsoft Word, Excel, PowerPoint proqramlarından istifadə etməyi, sənədləşmə, maliyyə, satınalma və inzibati prosedurları bilməyi, yüksək iş yükü və vaxt məhdudiyyəti şəraitində işləməyi bacarmalıdır.
Vakansiyaya müraciət üçün son tarix 11 dekabr 2026-cı ildir. Müraciətlər BƏT-in rəsmi işə qəbul portalı vasitəsilə qəbul olunur. Xarici namizədlərin Azərbaycanda qanuni yaşayış statusu və işləmək icazəsi olmalıdır.