Emilbek Juraev: "Mərkəzi Asiya və Azərbaycan birlikdə daha güclü regional aktordur" - AÇIQLAMA

"Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün qarşılıqlı yaxınlaşma zərurəti düzgün və müsbət hadisədir. Məqsəd Bakının Mərkəzi Asiya regionuna vahid bir məkan kimi inteqrasiyasını təmin etməkdir".
Bu fikirləri barədə təhlil.az saytına açıqlamasında qırğızıstanlı politoloq, siyasi elmlər doktoru, “Crossroads-Central Asia” Analitik Mərkəzinin eksperti Emilbek Juraev deyib.
O bildirib ki, tərəflər arasında əməliyyat və işçi səviyyəsində olan məsələlər zamanla işlənəcək və müəyyən dəyişikliklərə məruz qala bilər, lakin seçilmiş siyasi vektor düzgün və məqsədyönlüdür.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyanın ayrılmaz hissəsi kimi qəbul ediləcək və regionu əhatə edən məsələlərin müzakirəsində iştirak edəcək:
"Bu, həm regiondaxili əməkdaşlıq, həm də Mərkəzi Asiya ölkələrinin digər regionlarla əməkdaşlığı ilə bağlı mövzuları əhatə edir. Orta Dəhliz və Avrasiya qitəsi boyunca müxtəlif qarşılıqlı əlaqə xətləri ilə bağlı çoxsaylı müzakirələr aparılır. Bu proseslərin mərkəzində Mərkəzi Asiya və Xəzər hövzəsi dayanır və Azərbaycan müxtəlif istiqamətlər üzrə mühüm logistika və nəqliyyat habına çevrilir".
Politoloq söyləyib ki, əsas suallardan biri bu layihələrin geosiyasi güc balansında ciddi dəyişikliklər baş verdiyi təqdirdə necə davam edəcəyidir.
O, xüsusilə İranın siyasətində və Tehranın müxtəlif beynəlxalq oyunçularla münasibətlərində mümkün dəyişiklikləri, eləcə də Rusiya–Ukrayna münaqişəsinin həlli və Moskva üzərindən sanksiyaların götürülməsi ehtimalını vurğulayıb.
E.Juraevin fikrincə, məsələ Mərkəzi Asiyanın Rusiya və İran üzərindən keçən bütün yük və logistika axınlarını tam şəkildə üzərinə götürməsi deyil.
O deyib ki, əvvəlki dövrlərdə region ölkələri arasında qarşılıqlı əlaqələr zəif olub, Mərkəzi Asiya ciddi regional oyunçu kimi qəbul edilməyib və dənizə çıxışın olmaması tez-tez məhdudlaşdırıcı amil kimi göstərilib:
"Hazırda isə bu mənzərə köklü şəkildə dəyişir. Bu baxımdan Mərkəzi Asiya və Azərbaycan arasında məsləhətləşmə xarakterli əməkdaşlıq platformasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu platforma ümumi regional gündəliyin koordinasiyası və təşviqi, təkcə Çinlə deyil, eyni zamanda digər potensial regionlarla əlaqələrin gücləndirilməsi baxımından vacibdir".
Ekspert qeyd edib ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan birgə, dayanıqlı əməkdaşlıq platformaları formalaşdırmalıdır.
"Çünki qarşıdakı dövrdə çağırışlar artacaq istər iqtisadi, istər ekoloji, istərsə də təhlükəsizlik sahələrində. Bu kontekstdə Azərbaycan yaxın və orta perspektivdə son dərəcə mühüm geosiyasi aktor kimi çıxış edir".
Rasim Babayev