2025-ci ilin sosial portreti: daha az narazılıq, daha çox sakitlik - SORĞU NƏTİCƏLƏRİ

2025-ci ildə cəmiyyətdə ümumi əhval-ruhiyyənin daha sakit və müsbət istiqamətdə dəyişdiyi müşahidə olunur.
Təhlil.az xəbər verir ki, bu nəticə Media Təhlil Mərkəzinin (MTM) 2022, 2023 və 2025-ci illərdə vətəndaşlar arasında keçirdiyi sorğuların müqayisəli təhlilinə əsaslanır.
Sorğu nəticələri göstərir ki, Yeni il ərəfəsində aparılan qiymətləndirmələrdə müsbət dinamika formalaşıb. Belə ki, 2022-ci ilin dekabrında respondentlərin 43,6 faizi ili uğursuz hesab etdiyi halda, 2025-ci ildə bu göstərici 24,4 faizə enib. Eyni zamanda, ili uğurlu qiymətləndirənlərin payı 16,9 faizdən 22,8 faizə yüksəlib. Respondentlərin 52,8 faizi isə ili “nə yaxşı, nə də pis” kimi dəyərləndirib ki, bu da cəmiyyətin hadisələrə daha balanslı və realist yanaşmağa başladığını göstərir.
Yeni il bayramlarının keçirilmə forması da bu sabitləşən əhval-ruhiyyəni əks etdirir. Sorğuda iştirak edənlərin 85 faizi bayram günlərini evdə keçirməyə üstünlük verdiyini bildirib. Restoranlarda, regionlarda və ya xarici səfərlərlə bayramı qeyd edənlərin payı isə nisbətən aşağıdır. Evdə qeyd etmə rahatlıq, ailə mühiti və istirahət imkanı ilə əlaqələndirilir və getdikcə daha şüurlu seçim kimi formalaşır.
Sorğu nəticələrinə görə, Yeni il bayramının mənəvi dəyəri də əvvəlki illərlə müqayisədə fərqli şəkildə qavranılır. Respondentlərin 25 faizi bu günü çox əhəmiyyətli hesab etdiyini, 57 faizi isə Yeni ili əsasən yaxınları ilə birlikdə olmaq üçün qeyd etdiyini bildirib. Bu yanaşma Yeni ilin daha çox ailəvi və sosial dəyər daşıyan gün kimi qəbul edildiyini, yüksək və emosional gözləntilərdən isə tədricən uzaqlaşıldığını göstərir.
Ümumilikdə, sorğunun nəticələri cəmiyyətdə emosional fonun daha sabit, baxışların isə daha müsbət və realist xarakter aldığını ortaya qoyur. İnsanlar ili daha az neqativ qiymətləndirir, sakit və tanış mühitlərə üstünlük verir və gündəlik rahatlıqla ailə dəyərlərini əsas prioritet kimi ön plana çəkirlər.
