Bu gün

Tramp marşrutu Cənubi Qafqazdakı güc balansını iqtisadi maraqlara dəyişəcək - TƏHLİL

Cənubi Qafqazda uzun illərdir davam edən geosiyasi qarşıdurmalar, nəqliyyat blokadaları və qarşılıqlı etimadsızlıq mühiti regionun qlobal iqtisadi və siyasi sistemə inteqrasiyasını əngəlləyən əsas faktorlar olub. Son aylarda gündəmə gələn və artıq rəsmi çərçivə sənədi ilə təsdiqlənən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi isə bu tarixi dalanı aşmağa yönəlmiş ən ciddi təşəbbüslərdən biri kimi qiymətləndirilir. Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda ABŞ və Avropa İttifaqı səfirlərinin iştirakı ilə keçirdiyi konfransda səsləndirdiyi açıqlamalar layihənin siyasi mahiyyətini və beynəlxalq çəkisini açıq şəkildə ortaya qoyur. Paşinyanın sözlərinə görə, TRIPP-in reallaşdırılması üçün işlənib hazırlanmış formul təkcə Ermənistan və Amerikanı deyil, eyni zamanda, Azərbaycanı da “tam qane edir”. Bu ifadə təsadüfi deyil və bir neçə mühüm məqamı ehtiva edir. Paşinyanın açıqlamaları Ermənistanın regional siyasətində ciddi diskurs dəyişikliklərinin baş verdiyini göstərir. Uzun illər kommunikasiya xətlərinin açılması məsələsində qeyri-müəyyən, bəzən isə açıq şəkildə destruktiv mövqe tutan İrəvan indi ilk dəfə olaraq Azərbaycanın maraqlarının “tam təmin edildiyini” açıq şəkildə etiraf edir. Bu, təkcə diplomatik jest deyil, həm də Ermənistanın mövcud regional və qlobal reallıqları qəbul etməyə məcbur qaldığının göstəricisidir.

Ermənistan üçün TRIPP marşrutu bir tərəfdən iqtisadi blokadadan çıxış imkanı, digər tərəfdən isə Qərblə münasibətlərin institusionallaşdırılması vasitəsidir. Paşinyanın Donald Trampın bu layihədə “şəxsən maraqlı olmasını” xüsusi vurğulaması isə layihənin sırf regional təşəbbüs olmadığını, Amerikanın strateji baxışının bir hissəsi kimi formalaşdığını göstərir. Belə ki, “Tramp Marşrutu”nun adının birbaşa ABŞ prezidentinin adı ilə assosiasiya olunması diplomatiyada nadir hallardandır və bu, layihəyə verilən siyasi zəmanətin səviyyəsini göstərir. ABŞ üçün bu təşəbbüs Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması, Rusiyanın və qismən də İranın regional təsir imkanlarının balanslaşdırılması, Avropa-Asiya ticarət yollarının şaxələndirilməsi kimi strateji məqsədlərə xidmət edir. Digər tərəfdən, biz onu da görürük ki, ABŞ bu prosesi yalnız təşviq etmir, həm də konkret icra mexanizmləri formalaşdırır.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyi isə məsələyə daha praqmatik və nəticəyönümlü yanaşmanı ortaya qoyur. Açıqlamada vurğulanan əsas məqam Azərbaycanın dəyişməz prioritetidir: ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması. TRIPP layihəsi bu baxımdan Azərbaycan üçün yalnız tranzit marşrutu deyil, həm də suveren hüquqların reallaşdırılması mexanizmi, 10 noyabr 2020-ci ildən sonrakı razılaşmaların faktiki icrası, regionda iqtisadi liderlik mövqeyinin möhkəmləndirilməsi, Türkiyə ilə birbaşa və təhlükəsiz quru bağlantısının təmin edilməsi deməkdir. Azərbaycan tərəfinin açıqlamasında Ermənistanın “üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi” ifadəsinin xüsusi vurğulanması isə İrəvanın bundan sonra manevr imkanlarının xeyli məhdudlaşdığını göstərir. Bu, siyasi məsuliyyətin artıq sənədlərlə və beynəlxalq zəmanətlərlə möhkəmləndirildiyini nümayiş etdirir.

Paşinyanın “regionun artıq daha təhlükəsiz mühiti təmsil etməsi” barədə fikirləri müəyyən mənada reallığın siyasi interpretasiyasıdır. Əslində, təhlükəsizliyin artması hələ potensial xarakter daşıyır və bu, birbaşa TRIPP-in icra mərhələsindən asılı olacaq. Lakin danılmaz faktdır ki, kommunikasiya xətlərinin açılması müharibə risklərini azaldan ən effektiv mexanizmlərdən biridir. Bu layihə uğurla icra olunarsa, Cənubi Qafqazda sülh ilk dəfə olaraq yalnız siyasi bəyanatlara deyil, real iqtisadi qarşılıqlı asılılığa söykənmiş olacaq. Buradan görünür ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi Cənubi Qafqaz üçün sadəcə yeni yol xəritəsi deyil, yeni siyasi fəlsəfə təklif edir. Bu fəlsəfənin mərkəzində güc balansı, iqtisadi maraqlar və beynəlxalq zəmanətlər dayanır. Ermənistanın ritorikasındakı dəyişiklik və Azərbaycanın prinsipial, lakin konstruktiv mövqeyi göstərir ki, region tarixi transformasiya mərhələsinə daxil olur.

MTM Analitik Qrupu

SORĞU

Yeni il bayramı

Bayram günlərini harada keçirməyə üstünlük verirsiniz?