Dünən

Erkən nikaha şərait yaradan valideynlər, obyekt sahibləri, din xadimləri məsuliyyətə cəlb olunacaq

Erkən nikaha şərait yaradan valideynlər, obyekt sahibləri, həmçinin din xadimi məsuliyyətə cəlb olunacaq. Təhlil.az xəbər verir ki, Bunu DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərin təşkili şöbəsinin rəis müavini Polis polkovnik leytenantı İmran Əliyev, “Erkən nikah və fəsadları: maarifləndirici tədbirlər silsiləsi” adlı konfransda çıxış edərkən bildirib. O qeyd edib ki, erkən nikah faktı ilə üzləşən şəxslər 102 xidməti-zəng mərkəzi, e-polis tədbiqi, sosial şəbəkələr və poçt xidməti vasitəsilə, eləcə də 116 və 111 qaynar xətt üzərindən polisə məlumat verə bilərlər.

Suraxanı rayonu, Heydər Əliyev mərkəzində təşkil olunan konfransda rayon icra hakimiyyətinin nümayəndləri, Daxili İşlər Nazirliyinin əməkdaşları, təhsil işçiləri, rayonun uğur qazanan gəncləri, idmançılar və tibb işçiləri iştirak ediblər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, eləcə də “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin təşəbbüsü ilə keçirilən layihədə təşkilatın sədri Lalə Azərtaş da çıxış edib. O qeyd edib ki, bəzi kəndlərdə orta məktəblərin 9-cu sinifində qız uşaqları çox az saydadır:

“Apardığımız araşdırma göstərir ki, buna səbəb həmin qızların ya nişanlanması, ya da ərə verilməsidir. Cəmiyyət bu problemə qarşı birgə mübarizə aparmalıdır.”, – deyə sədr bildirib.

Suraxanı RİH başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi psixoloqu Vəfa Qüdrətli isə bildirib ki, erkən nikah uşaqlığın əldən alınması deməkdir. Mütəxəssis qeyd edib ki, bu səbəbdən də qızların özlərini tanımadan ərə verilməsi sonradan böyük problemlərlə nəticələnir.

“Aparılan mübarizə tədbirlərinə baxmayaraq erkən nikah faktları yenə qeydə alınır”. Bu fikirləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüqiqi-təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə qeyd edib. O bildirib ki, bir çox hallarda erkən nikaha məruz qalan qız sonradan məişət zoraklığı ilə üzləşir, daha sonra isə insan alverinin qurbanına çevrilir.

Məsələnin bioloji tərəfinə diqqət çəkən cərrah, mama-ginekoloq Yeganə Əliyeva erkən yaşda ərə verilən qızların hamiləlik vaxtı və sonra üzləşdikləri problemlərdən bəhs edib. O bildirib ki, erkən yaşda ailə quran qızların orqanizmi tam formalaşmadığından hamiləliyi normal keçirə bilmir və erkən doğuş baş verir. Bu da bir çox hallarda ana və ya körpənin ölümü ilə nəticələnir.

Sonda erkən nikaha məcbur edilən 12 yaşlı qızın müsahibəsi təqdim olunub.

Babək Zeynal

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?