Bu gün

Ermənistan-KTMT: passiv iştirak, aktiv məsafə... - TƏHLİL

Ermənistanın Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son sammitinə qatılmaması, rəsmi İrəvanın Rusiya rəhbərliyi altında fəaliyyət göstərən təhlükəsizlik blokundan addım-addım uzaqlaşmasının daha bir nümayişi kimi dəyərləndirilir. Son illərdə KTMT ilə münasibətləri “dayandırılmış, lakin qoparılmamış” formatda saxlayan Ermənistan hökuməti bu dəfə də təşkilatın tədbirinə qatılmayaraq Qərbə inteqrasiya xəttini bir qədər də dərinləşdirdi. Bununla belə, diqqət çəkən məqam odur ki, İrəvan sammitlərdə iştirak etməsə də, KTMT-nin qəbul etdiyi qərarları bloklamağa cəhd göstərmir və təşkilatdakı formal mövqeyini qorumaqda davam edir. Bu isə Ermənistanın hələlik KTMT-ni rəsmi şəkildə tərk etməyə hazır olmadığını göstərir.

Ermənistanın KTMT-dən çıxmaqla bağlı radikal addım atmamasının başlıca səbəbi regionda gedən həssas proseslər, xüsusilə Azərbaycanla sülh danışıqlarının həlledici mərhələyə daxil olmasıdır. Nikol Paşinyan hakimiyyəti anlayır ki, Azərbaycanla sülh sazişi imzalanmadan KTMT-ni tərk etmək Qərb–Rusiya münasibətləri fonunda yeni balanssızlıq yarada, Moskva ilə əlaqələrin tam qırılması isə Ermənistanı Cənubi Qafqazda daha zəif mövqeyə sala bilər. Bundan əlavə, KTMT-ni rəsmən tərk etmək Ermənistan üçün iqtisadi və təhlükəsizlik baxımından müəyyən risklər doğura bilər. Bu səbəbdən İrəvan hazırda “passiv iştirak, aktiv məsafə” strategiyasını seçib: sammitlərə qatılmır, lakin qərarları bloklamır. Rəsmi İrəvan bunu “üzvük, amma iştirak etmirik” formulu ilə əsaslandırır.

Qırğızıstan səfərindən sonra keçirilən mətbuat konfransında Vladimir Putinin səsləndirdiyi fikirlər Moskvanın Ermənistanı hələ də KTMT çərçivəsində təsir dairəsində saxladığını göstərir. Putin açıq şəkildə bildirdi ki, Ermənistan özünü KTMT üzvü hesab edir, iclaslarda iştirak etmir, amma təşkilatı tərk etdiyini də bəyan etməyib. Bundan başqa, Rusiya KTMT-yə sədrliyi dövründə qəbul ediləcək qərarları Ermənistanla razılaşdıracağını açıqlayıb. Bu bəyanatlar Kremlin iki məqsəd güddüyünü göstərir: birincisi, Rusiya Ermənistanın təşkilatdan çıxmasını istəmir, çünki bu, Moskvanın Cənubi Qafqazdakı geosiyasi çəkisini azalda bilər; ikincisi, Putin Paşinyana “sammitə gəlməsən də, hələ bizim orbitdəsən” mesajı verir. Bu, həm İrəvana, həm də Qərbə ünvanlanmış siyasi siqnaldır.

Digər tərəfdən, Ermənistan son illərdə Qərblə, xüsusilə Avropa İttifaqı, Fransa və ABŞ-la hərbi-siyasi əməkdaşlığını xeyli dərəcədə genişləndirib. Fransa ilə böyük silah müqavilələri imzalanıb, ABŞ ilə təhlükəsizlik dialoquna start verilib, Aİ-nin mülki missiyası Ermənistan–Azərbaycan sərhədində yerləşdirilib, Rusiya hərbi bazasının fəaliyyəti ilə bağlı narazılıqlar artıb. Bu fon fonunda KTMT-dəki passivlik İrəvanın Qərbə yaxınlaşması üçün zaman qazanmaq strategiyası təsiri bağışlayır. Paşinyan hökuməti KTMT-dən uzaqlaşma prosesini Azərbaycanla sülh danışıqları paralelində idarə edir və yaxşı anlayır ki, sülh sazişindən sonra Ermənistanın Rusiya asılılığı daha da azalacaq. Azərbaycanla münasibətlərin normallaşması KTMT-yə olan ehtiyacı demək olar ki, aradan qaldıracaq.

Beləliklə, regionda yaranan yeni balans artıq Qərb–Ermənistan–Azərbaycan xəttində formalaşır. Rusiya isə əvvəlki qədər dominant deyil. Bu səbəbdən Ermənistan KTMT-ni rəsmən tərk etmək üçün ən optimal vaxtın sülh sazişindən sonrakı dövr olduğunu düşünür.

MTM Analitik Qrupu

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?