Bu gün

Qəhrəmanlıq ruhu xalqımızın yaddaşından silinməyib - MƏQALƏ

Faşizm üzərində qələbə təkcə keçmiş sovet məkanının deyil, bütün bəşəriyyətin tarixində xüsusi yer tutan əlamətdar gündür. Bu tarix milyonlarla insanın canı, qanı və əzmi hesabına qazanılmış böyük zəfərin rəmzidir. Çünki İkinci Dünya müharibəsi insanlıq tarixinin ən qanlı savaşlarından biri oldu. Dünyanı əsarət altına almağa çalışan faşizm ideologiyası milyonlarla insanın həyatına son qoydu, şəhərlər viran oldu, xalqlar böyük faciələrlə üzləşdi. Belə bir ağır dövrdə Azərbaycan xalqı da öz igid oğul və qızları ilə ön və arxa cəbhələrdə misilsiz qəhrəmanlıq nümunələri göstərərək qələbəyə mühüm töhfələr verdi.

Azərbaycanın müharibədə rolu təkcə sovet ordusunun tərkibində döyüşən yüz minlərlə əsgərlə məhdudlaşmırdı. Respublikamız həm də müharibənin taleyini həll edən əsas strateji mərkəzlərdən biri idi. O dövrdə Sovet İttifaqında hasil olunan neftin böyük hissəsi Bakının payına düşürdü. Məhz Azərbaycan nefti sovet tanklarını, təyyarələrini və hərbi texnikasını hərəkətə gətirirdi. Təsadüfi deyil ki, tarixçilər “Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də çətin olardı” fikrini tez-tez vurğulayırlar.

Müharibə illərində Azərbaycandan cəbhəyə 600 mindən çox insan yollandı. Onların yarıdan çoxu döyüş meydanlarında həlak oldu. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarusiya, Pribaltika cəbhələrində cəsarətlə vuruşdular. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli dviziyalar Simfirepolun, Odessanın, 77-ci dviziya Polşa və Çexislovakiyanın, 223-cü dviziya isə Yuqoslaviyanın azadlığı uğrunda fəal iştirak etdilər. Azərbaycan oğulları Moskva, Leninqrad, Stalinqrad, Kursk, Berlin və digər şəhərlər uğrunda gedən ağır döyüşlərdə xüsusi igidlik göstərdilər. Onların arasında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən yüzlərlə azərbaycanlı var. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanov tank qoşunlarının mahir sərkərdəsi kimi tarixə düşdü. Onun rəhbərlik etdiyi hərbi hissələr bir çox mühüm əməliyyatlarda həlledici rol oynadı. Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Ziya Bünyadov və başqa qəhrəmanlarımız faşizmə qarşı savaşda əsl şücaət nümunəsi göstərdilər. Xüsusilə Mehdi Hüseynzadənin adı xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayır. “Mixaylo” ləqəbi ilə Yuqoslaviya və İtaliya ərazilərində fəaliyyət göstərən bu cəsur partizan faşistlərə ağır zərbələr vurmuşdu. Onun keçirdiyi əməliyyatlar düşmən ordusunda böyük təşviş yaradırdı. Mehdi Hüseynzadə təkcə azərbaycanlıların deyil, bütün antifaşist müqavimət hərəkatının simvollarından birinə çevrilmişdi.

Azərbaycan qadınları da müharibə illərində böyük fədakarlıq göstərdilər. Onlar hospitallarda çalışır, yaralılara yardım edir, zavod və fabriklərdə gecə-gündüz çalışaraq cəbhənin ehtiyaclarını ödəyirdilər. Bakı zavodlarında istehsal olunan hərbi texnika və sursat faşizmə qarşı mübarizədə mühüm rol oynayırdı.

Müharibə yalnız cəbhədə deyil, mənəvi müstəvidə də aparılırdı. Azərbaycan ziyalıları, şairləri və bəstəkarları xalqın ruhunu yüksək tutmaq üçün mühüm işlər gördülər. Üzeyir Hacıbəyli, Səməd Vurğun və digər sənət adamları öz yaradıcılıqları ilə insanlarda qələbə əzmini gücləndirirdilər.

Faşizm üzərində qələbədən 80 ildən artıq vaxt keçsə də, Azərbaycan xalqı həmin müharibədə canından keçən oğul və qızlarının xatirəsini böyük ehtiramla yad edir. Çünki onlar təkcə bir dövlətin deyil, bütün insanlığın xilası uğrunda döyüşmüşdülər. Ona görə də müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi, onları “xalqımızın qızıl fondu” adlandırdı. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır, hər il 9 may ərəfəsində onlara maddi yardımlar göstərilir.

Tarix göstərdi ki, qəhrəmanlıq ruhu xalqımızın yaddaşından silinməyib. İkinci Dünya müharibəsində faşizmə qarşı vuruşan qəhrəmanların davamçıları illər sonra başqa bir təhlükəni – erməni faşizmini dəf etdilər. Azərbaycan Ordusu və xalqı 44 günlük Vətən müharibəsində böyük birlik və iradə nümayiş etdirərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu tarixi zəfər Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsinə çevrildi. Şuşanın azad olunması, üçrəngli bayrağımızın Qarabağda dalğalanması xalqımızın milli qürurunu yenidən dünyaya göstərdi. Vətən müharibəsində şəhid olan qəhrəmanlarımız sübut etdilər ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmır və öz torpaqları uğrunda sonadək mübarizə aparmağa qadirdir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?