Ali Məhkəmədən nikahla bağlı mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası etibarsız nikahın sonradan etibarlı hesab olunması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, iş materiallarına əsasən, iddiaçı atası ilə cavabdeh arasında 3 aprel 1976-cı ildə bağlanmış nikahın etibarsız sayılmasını tələb edib. O bildirib ki, atası həmin tarixdə onun anası ilə 15 sentyabr 1974-cü ildə bağlanmış və hüquqi qüvvədə olan nikahda olub. İddiaçının valideynlərinin nikahı isə yalnız 19 iyun 2004-cü ildə pozulub.
Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası həmin qərarı ləğv edərək iddianı rədd edib. Apellyasiya məhkəməsi qərarında göstərib ki, həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinə əsasən, nikahın bağlanmasına mane olan hal sonradan aradan qalxarsa, məhkəmə həmin nikahı etibarlı hesab edə bilər.
Məhkəmə qeyd edib ki, iddiaçının valideynlərinin nikahı 2004-cü ildə pozulduqdan sonra mübahisələndirilən nikahın qarşısındakı hüquqi maneə aradan qalxıb. Bu səbəbdən də 1976-cı ildə bağlanmış nikah sonradan etibarlı hesab olunub.
Qərarda həmçinin vurğulanıb ki, nikahın etibarsız sayılması uşaqların hüquqlarına, o cümlədən vərəsəlik hüququna təsir göstərmir.
Kassasiya instansiyası da apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşıb və iddiaçının kassasiya şikayətini təmin etməyərək qərarı qüvvədə saxlayıb.