Döyüşsüz azad olunan Laçın – Azərbaycanın strateji zəfərinin simvolu - MƏQALƏ

Laçının 1 dekabr 2020-ci ildə bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin, diplomatik çevikliyinin və hərbi üstünlüyünün birgə nəticəsi kimi tarixə düşdü. Vətən müharibəsində əldə olunan qələbə, ardınca imzalanan üçtərəfli bəyanat və Ermənistan ordusunun Laçını heç bir qarşıdurma olmadan tərk etməyə məcbur qalması Azərbaycanın regionda müəyyənedici aktora çevrildiyini açıq şəkildə göstərdi. Bu hadisə həm də beynəlxalq hüququn bərpası baxımından xüsusi əhəmiyyət daşıyırdı, çünki Laçının azad olunması ölkənin ərazi bütövlüyünün tam təmin edilməsi yolunda strateji mərhələ idi.
Laçının döyüşsüz qaytarılması, ilk növbədə, Azərbaycanın illərlə qurduğu güclü siyasi xəttin və müasir, çevik ordusunun təsirinin nəticəsi idi. Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət həm hərbi, həm də diplomatik cəbhədə Azərbaycanın mövqelərini gücləndirdi. Ermənistan isə hər keçən gün daha əlverişsiz vəziyyətlə üz-üzə qaldı. Bu proses Azərbaycanın regionda güc balansını dəyişdirən ölkəyə çevrildiyini və öz milli maraqlarını beynəlxalq müstəvidə daha inamla müdafiə etdiyini təsdiqlədi. Laçının təhvil verilməsi məhz bu yeni reallığın məntiqi nəticəsi idi.
2020-ci ildən etibarən Laçında genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. İşğal dövründə tamamilə dağıdılmış şəhər və kəndlər müasir yanaşmalar əsasında yenidən qurulur. Laçın şəhərinin baş planına uyğun olaraq yol, enerji və su infrastrukturunun yenilənməsi, sosial obyektlərin inşası və mühəndis-kommunikasiya xətlərinin bərpası bölgənin gələcək inkişafı üçün möhkəm baza yaradır. Mərhələli şəkildə aparılan köç prosesi, sakinlərin yeni tikilmiş evlərə yerləşdirilməsi və iqtisadi həyatın canlandırılması Qarabağ və Şərqi Zəngəzur üçün müəyyən edilmiş uzunmüddətli strategiyanın mühüm tərkib hissəsidir. Laçının həm təhlükəsizlik baxımından, həm də iqtisadi potensialı ilə strateji əhəmiyyət kəsb etməsi burada həyata keçirilən işləri daha da vacib edir.
Bu gün Laçında reallaşdırılan layihələr yalnız fiziki infrastrukturun bərpasını deyil, dayanıqlı inkişaf modelinin tətbiqini də hədəfləyir. Yaşıl enerji imkanlarının istifadəsi, təbiətin və ekosistemin bərpası, rəqəmsal xidmətlərin genişləndirilməsi regionun gələcəkdə turizm, kənd təsərrüfatı və logistika baxımından mühüm mərkəzə çevrilməsi üçün mühüm zəmin yaradır. Azərbaycanın quruculuq siyasəti işğaldan əvvəlki vəziyyətin sadəcə bərpası ilə kifayətlənmir, eyni zamanda bölgəyə yeni şəhərsalma konseptləri və inkişaf yanaşmaları gətirir.
Laçının 1 dekabrda döyüşsüz azad olunması və bu gün bölgədə ardıcıl şəkildə həyata keçirilən quruculuq prosesləri Azərbaycanın milli gücünün, siyasi uzaqgörənliyinin və tarixi ədaləti bərpa etmək iradəsinin simvolu kimi dəyərləndirilir. Bu model postmünaqişə dövrünün ən uğurlu nümunələrindən biri hesab olunur. Dövlətin məqsədyönlü siyasəti nəticəsində Laçında həyat yenidən canlanır, bölgə müasir Azərbaycanın inkişaf xəritəsində layiqli yerini tutur və qarşıya qoyulan strateji məqsədlərə uyğun şəkildə formalaşır.
Hikmət Həsənov