Bu gün

"Böyük Qayıdış" 5 il sonra: Azad edilmiş ərazilərin bərpasında real nəticələr - TƏHLİL

Son illərdə müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir tərəfdən keçdiyi sürətli tərəqqi yolu, əldə etdiyi makroiqtisadi nailiyyətlər barədə beynəlxalq ictimaiyyətdə dolğun təsəvvür yaradır, digər tərəfdən isə dünya təsərrüfat sistemində xüsusi yeri olan transmilli şirkətləri və biznes qurumlarını ölkədəki əlverişli biznes mühiti barədə məlumatlandırır.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə postmünaqişə dövründə həyata keçirilən tədbirlər və aparılan sistemli siyasət azad edilmiş ərazilərin real bərpa modelinə çevrilməsini təmin edib. Bu ərazilərin zəngin iqtisadi potensialının müxtəlif tədbirlər, forumlar, sərgilər vasitəsilə dünyaya təqdim edilməsi, qlobal şirkətlərin investisiya qoyuluşlarına təşviq olunması xüsusilə diqqətdə saxlanılır. “Böyük Qayıdış” Proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan infrastruktur layihələri – yollar, dəmir yolu xətləri, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası bu ərazilərin sürətli dirçəlişinə zəmin yaradıb.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyəti ilə əlaqədar Zəngilan şəhərində keçirilən tədbirdə açıqlanan faktlar postmünaqişə dövründə görülmüş işlərin miqyasını aydın şəkildə göstərir. Tədbir həm görülmüş işlərin konseptual hesabatı, həm də azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasına dair dövlət siyasətinin davamlı və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu model regional dirçəlişin planlaşdırılması, icrası və monitorinqində mərkəzləşdirilmiş, eyni zamanda çevik koordinasiya mexanizmlərinə əsaslanır.

Tədbirdə vurğulandığı kimi, “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən işlər yalnız fiziki infrastrukturun bərpası deyil, strateji inkişafın bütün komponentlərini əhatə edən kompleks yanaşmadır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən yenidənqurma modeli postsovet məkanında analoqu olmayan, beynəlxalq ekspertlərin marağına səbəb olan yeni təcrübədir. Burada fiziki infrastrukturla yanaşı, sosial struktur, iqtisadi həyat, təhlükəsizlik və mədəni irsin paralel şəkildə bərpası əsas prinsip kimi götürülüb. Bu paralel yanaşma zaman itkisini azaldır, reinteqrasiyanı sürətləndirir və əhalinin qayıdışını real prosesə çevirir.

İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərdə keçirilən 569 tədbirdə iştirak, 177 layihənin təməlinin qoyulması və 167 obyektin açılışında Prezident İlham Əliyevin şəxsən iştirak etməsi dövlət başçısının “Böyük Qayıdış” Proqramına xüsusi əhəmiyyət verdiyini göstərir. Ötən 5 ildə “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı və 3 şəhərin müfəssəl planı təsdiqlənib, Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları hazırlanma mərhələsindədir.

Minatəmizləmə fəaliyyəti üzrə 240 min hektardan çox ərazinin təhlükələrdən təmizlənməsi, üç beynəlxalq hava limanının istifadəyə verilməsi, ümumi uzunluğu 3 501,6 kilometr olan avtomobil yolları üzrə 60 layihədən 16-nın tam, 1-nin isə qismən icra olunması görülən işlərin intensivliyini və davamlılığını göstərir. Bu dinamika dövlətin azad edilmiş əraziləri təkcə iqtisadi zona deyil, milli identikliyin bərpası, regional təhlükəsizliyin gücləndirilməsi və strateji nəqliyyat mərkəzi kimi qiymətləndirdiyini təsdiqləyir.

Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurun bərpasını həm də siyasi-kommunikativ əhəmiyyətli məsələ kimi dəyərləndirir. Bu ərazilərdə həyata keçirilən layihələrə cəlb olunan ölkələrin sayının çoxalması Azərbaycanın haqq mübarizəsinin geniş beynəlxalq dəstək qazandığını göstərir, bölgədə etibarlı təhlükəsizlik mühitinin formalaşmasına töhfə verir. Burada fəaliyyət göstərən dövlətlər ərazinin reallıqları ilə yaxından tanış olur, sülh və sabitliyin möhkəmlənməsinə töhfə verir, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə edirlər.

Bu tədbirlər həm də yerli və xarici sahibkarlar üçün əlverişli biznes mühiti yaradır. Xüsusi azad zonalarda stimullaşdırıcı güzəştlərin tətbiqi, qlobal infrastruktur layihələrinin icrası biznes və sərmayə qoyuluşu üçün yeni imkanlar formalaşdırır. “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” konseptləri üzrə yenidən qurulan iqtisadi rayonlar yerli və xarici investorların marağını artırır. Ağdam və Cəbrayılda yaradılan sənaye parkları bərpa prosesinin güclü iqtisadi dayaqları kimi çıxış edir.

Prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixli sərəncamı ilə azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi üçün vergi güzəştlərinin tətbiqi həmin bölgələrin investisiya cəlbediciliyini artırıb. Bu çərçivədə rezidentlər 10 il müddətinə bir sıra vergilərdən azad olunublar.

Son 5 ildə 38 su elektrik stansiyasının istifadəyə verilməsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi konsepsiyasına tam uyğun gəlir və regionun enerji baxımından özünü təmin edən məkana çevrilməsinə xidmət edir.

Nəticə olaraq, azad edilmiş ərazilər qısa müddət ərzində Azərbaycanın dinamik iqtisadi inkişafında mühüm həlqələrdən birinə çevrilib, ölkənin strateji inkişaf xəritəsində xüsusi yer tutub.

MTM Analitik Qrupu 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?