Azərbaycanın hərbi sənaye gücü sərhədləri aşır - ARAŞDIRMA

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qazandığı şanlı qələbə regionun geosiyasi balansında dəyişikliklərə səbəb oldu. Postmüharibə dövründə hərbi sənayeyə xüsusi diqqət ayıran Azərbaycan bir sıra sahələrdə də ciddi islahatlara start verdi. Bunun sayəsində də rəsmi Bakının nüfuzu Qafqaz regionunun sərhədlərini aşaraq dünyanın bir sıra ölkələrinə yayıldı. Artıq Azərbaycan qloballaşan dünyada bir oyunçu kimi öz şərtlərini və hədəflərini diqtə etməyə başlayıb. Hökumət ölkəni beynəlxalq səhnədə müstəqil, öz siyasətini yürüdə bilən aktor kimi təqdim etməyə diqqət yetirməyə başlayıb. Afrika Azərbaycan hakimiyyətinin yeni xarici siyasət mövqeyini nümayiş etdirməyə çalışdığı əsas ərazilərdən birinə çevrilib.
Rəsmi Bakı Afrikanın bir sıra ölkələri ilə hərbi sahədə əməkdaşlığa daha çox diqqət yetirir. Bu, əsasən Azərbaycan istehsalı olan silahların ixracı ilə əlaqədardır. Düzdür, hələ 2015-ci ildə Azərbaycan silahları Afrika qitəsinə ixrac edilib. Məsələn, sözügedən ildə Konqo Azərbaycandan külli miqdarda hərbi sursat alıb. 2020-ci il müharibəsindən sonra isə üzərinə “Made in Azerbaijan” yazılan silahlara Keniya, Nigeriya, Somali, Sudan və Efiopiya ilə yanaşı başqa ölkələrdə də rast gəlmək mümkündür. Bakı və Moqadişu hakimiyyəti 2025-ci ildə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqaviləyə təkcə silah təchizatı deyil, həm də Azərbaycan hərbi mütəxəssisləri tərəfindən Somali ordusuna təlim daxildir. Eyni zamanda, qeyd etmək lazımdır ki, rəsmi Bakı da Afrika ölkələrinin hərbi nailiyyətləri ilə maraqlanır. Məsələn, Cənubi Afrika Respublikasının istehsalı olan zirehli “Marauder” hərbi maşını Azərbaycan Ordusunun inventarındadır.
Bundan əlavə, Asiya və Yaxın Şərq ölkələri də Azərbaycan silahını alan ölkələr siyahısındadır. Azərbaycanın hərbi sənayeyə diqqəti onun müdafiə qabiliyyətini artırmaqla izah edilir. Ordu quruculuğunun vacib elementlərindən biri onun müasir silah-sursat və hərbi texnika ilə yüksək səviyyədə təchiz edilməsidir. Eyni zamanda, bu sənayenin gələcəkdəki inkişafı ilə Azərbaycan Ordusunun hərbi təminatında digər ölkələrdən asılığı minimuma endirmək ən böyük hədəflərdən biridir. Hərbi güc Azərbaycanın beynəlxalq aləmdəki təsirini artırır. İstehsal olunan hərbi texnikalar, eyni zamanda xarici dövlətlərlə həyata keçirilən hərbi əməkdaşlıqlar, Azərbaycanın müdafiə sənayesinin sürətlə inkişaf etməsinə imkan yaradır.
2024-cü ildə Azərbaycan “Fire Power” nəşriyyatının məlumatına görə, 145 ölkə arasında 59-cu, ABŞ-nin “U.S. News & World Report” nəşrinin təqdim etdiyi statistikaya əsasən isə dünya sıralamasında 29-cu yerdə qərarlaşıb. Bu, müstəqilliyini 33 ildir bərpa edən bir dövlət üçün əhəmiyyətli bir göstəricidir. Bu göstəricilər yalnız xarici hərbi əməkdaşlıqların deyil, həm də istehsal edilən yerli silahların nəticəsidir. Belə ki, ölkəmizdə “TR-107”, “TRB-107”, “Şimşək” iri kalibrli snayper pulemyotu, “Gürzə” hərbi maşını, “İstiqlal-14,5” anti-materiya tüfəngi və 2024-cü ildə “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən “Turan-1” silahları istehsal edilir.
Yerli silah istehsalının artması ölkənin müstəqilliyini möhkəmləndirmək və strateji tərəfdaşlarla olan əməkdaşlıqlarını genişləndirmək baxımından önəmlidir. Eyni zamanda, Azərbaycanın istehsal etdiyi müasir hərbi texnologiyalar onu regionda təsirli aktora çevirir.
Hikmət Həsənov