Bu gün

Ermənistanın dövlət borcu iki dəfə artıb - ŞƏRH

Ermənistanın siyasi mühitində ən çox müzakirə olunan məsələlərdən biri də dövlət borcunda qeydə alınan artımdır. Bu mövzu müxalifətlə iqtidar arasında söz savaşına qədər böyüyüb. Məsələ burasındadır ki, hökumətin təqdim etdiyi rəqəmlər reallığı əks etdirmir. Ermənistanın dövlət maliyyəsinə cavabdeh olan maliyyə naziri Vahe Ovannisyanın Ermənistan Respublikası Milli Məclisində dövlət borcu ilə bağlı verdiyi açıqlamalar, ən azı yanlışdır. Nazir "borc ikiqat yox, sadəcə 80% artıb" deyəndə ya əsas hesablamaları bilmir, ya da sadəcə ictimaiyyəti aldatmağa çalışır. Əslində isə dövlət borcu dollarla ikiqat, dramla isə 66% artıb.

Rəqəmlərə müraciət edək: 2017-ci ildə dövlət borcu 3,28 trilyon dram (6,77 milyard ABŞ dolları), 2025-ci ilin sentyabr ayında isə 5,43 trilyon dram (14,20 milyard ABŞ dolları) təşkil edib. Yəni, dramla ifadədə artım 66%, dollarla ifadədə isə artım 2,1 dəfədir ki, bu da dramın möhkəmlənməsi sayəsində baş verib. Beləliklə, borc nəinki ikiqat artıb, həm də Ermənistan büdcəsinin əsas "nəfəs alma aparatı"na çevrilib. Son iki ildə daxili borc 630 milyard dramdan çox artıb və onun payı ilk dəfə olaraq xarici borcdan çox olub: Daxili borc ümumi borcun 51,4%-ni, xarici borc isə 48,6%-ni təşkil edib. Bu, uğur deyil, Ermənistan üçün xarici kredit bazarlarının bağlanması və hökumətin "öz banklarından, ölkə daxilində" borc almağa başlaması faktının sadə bir ifadəsidir.

İllərdir xarici kreditlər illik 2-3% ilə cəlb olunurdu. Bu gün xəzinə istiqrazları 8-10% gəlirliliklə cəlb olunur. Nazirin "sabitləşdirmə" adlandırdığı şey əslində dövlətin vətəndaşlarından ikiqat qiymətə borc alması deməkdir. Bu gün büdcə öz kəsirini ödəmək üçün daha çox pul ödəyir. Nazir deyir ki, xarici borc azalıb. Lakin bu, onun ödənildiyi anlamına gəlmir. Sadəcə olaraq, artıq yeni kreditlər cəlb edilmir. Ermənistanın kredit qabiliyyəti aşağı düşüb və beynəlxalq maliyyə qurumlarının etimadı azalıb. Başqa sözlə, borcun azaldılması uğur deyil, kredit təcridi deməkdir. Son iki il ərzində dolların dəyəri 522 dramdan 382 drama düşüb. Buna görə də, borcu dollarla təqdim edərkən rəqəmlər süni şəkildə kiçik olur. Xarici kreditlər əlçatan deyil, daxili bazar dövlət istiqrazları ilə həddindən artıq yüklənib, bizneslər kredit resurslarından məhrum görünür və dövlət yaşamaq üçün borc alır. Bu fonda nazirin "sabit borc" haqqında dedikləri hesabatdan daha çox özünü doğrultmaq cəhdi kimi səslənir. Milli borc yalnız milyardlarla ölçülə bilməz. O, məsuliyyət, etibar və gələcək qarşısında öhdəliklə ölçülür. Əgər bu hökumət borcu yaşamaq vasitəsinə çeviribsə, deməli, borcu “sabitləşdirməyib”, əksinə öz məsuliyyətsizliyini sabitləşdirib.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?