Səfirliyimizə edilən hücum beynəlxalq hüquqa və dövlət suverenliyinə təhdiddir - TƏHLİL

Beynəlxalq münasibətlərin sülh və sabitlik əsasında davam etməsi üçün zəruri olan institutlar funksiyasını yerinə yetirən səfirliklərin, eləcə də digər diplomatik nümayəndəliklərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi 1961-ci ildə qəbul olunan “Diplomatik Əlaqələr haqqında” Vyana Konvensiyasına qoşulan bütün ölkələrin hüquqi öhdəliyidir.
Lakin təəssüf ki, dünyada müharibələrin və toqquşmaların artdığı bir şəraitdə diplomatik korpusların üzləşdiyi təhdidlər də çoxalır. Bu baxımdan Rusiya və Ukrayna arasında gedən müharibə zamanı ən çox zərbə alanlardan biri məhz diplomatik nümayəndəliklərdir. Bu hal, şübhəsiz ki, beynəlxalq hüququn birbaşa pozulmasıdır.
Səfirliklərə və digər diplomatik nümayəndəliklərə qarşı istənilən hücum, onların fəaliyyətinə müdaxilə və ya təhlükəsizliyinin pozulması beynəlxalq hüquq normaları ilə ciddi şəkildə qadağan olunub. Bu qadağanın hüquqi əsası, ilk növbədə, “Diplomatik Əlaqələr haqqında” Vyana Konvensiyası, BMT Nizamnaməsi, eləcə də dövlətlərin ikitərəfli və çoxtərəfli öhdəliklərindən irəli gəlir.
Vyana Konvensiyası diplomatik münasibətlərin hüquqi çərçivəsini müəyyən edən əsas beynəlxalq sənəddir. Konvensiyanın 22-ci maddəsinə əsasən, diplomatik nümayəndəliyin binası toxunulmazdır. Hətta nümayəndəliyin yerləşdiyi ölkənin təmsilçiləri belə, binaya icazəsiz daxil ola bilməz. Eyni zamanda, qəbul edən dövlət diplomatik nümayəndəliklərin hər cür təcavüz və zədələnmədən qorunması üçün bütün lazımi tədbirləri görməyə borcludur. Bu müddəa həm rəsmi orqanların, həm də üçüncü tərəflərin mümkün hücum və ya müdaxilə cəhdlərinin qarşısını almaq öhdəliyini əhatə edir.
Bu baxımdan Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycanın səfirliyinin binasına zərər dəyməsi faktiki olaraq rəsmi Moskva tərəfindən beynəlxalq hüququn və müvafiq öhdəliklərin pozulmasıdır. Azərbaycan bu hadisəni ən yüksək səviyyədə pisləyib. Məsələ, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı zamanı da xüsusi müzakirə mövzusu olub.
Zelenski Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və ciddi narahatlığını bildirib. Öz növbəsində Prezident İlham Əliyev də bu hadisəni pisləyərək, beynəlxalq hüquq normalarına əsasən diplomatik nümayəndəliklərə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Hadisə ilə bağlı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlikdən verilən məlumata görə, görüşdə Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və səfirə müvafiq nota təqdim olunub.
Partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsi dağılıb, inzibati bina və konsulluq şöbəsi zədələnib, xidməti avtomobillərə ciddi zərər dəyib. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb.
Xarici İşlər Nazirliyi xatırladıb ki, bu kimi hücumlar daha əvvəl də baş verib. 2022-ci il martın 10-da Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binasına aviazərbə nəticəsində inzibati bina ciddi dağıntılara məruz qalıb. 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin binasından 35 metr məsafədə krater yaranıb. 2025-ci il avqustun 28-də isə səfirliyə yaxın məsafədə endirilən hava zərbəsi nəticəsində inzibati bina və iqamətgah zədələnib.
Eyni zamanda, 2025-ci il avqustun 8–18-də Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edilib, nəticədə işçilər xəsarət alıb və infrastruktura böyük zərər dəyib.
Bütün bu faktlar hücumların məqsədli xarakter daşıdığı barədə suallar yaradır. Azərbaycan tərəfi dəfələrlə Rusiyaya rəsmi notalarla müraciət edib və diplomatik təmsilçiliklərin yerləşdiyi binaların koordinatlarını təqdim edib.
Qarşı tərəfdən məsələyə aydınlıq gətirilməsi və araşdırma aparılması tələb olunub.
Rusiya hərbi rəhbərliyinin Ukraynaya hücum zamanı “yüksək dəqiqlikli silahlar” istifadə etdiyini bəyan etməsi fonunda Azərbaycanın diplomatik obyektlərinin hədəfə alınması ciddi suallar doğurur. Bu, təkcə iki ölkə arasındakı münasibətlərə zərbə vurmur, həm də BMT Nizamnaməsinin prinsiplərinin pozulması deməkdir.
BMT Nizamnaməsi dövlətlər arasında münasibətlərin sülh və əməkdaşlıq prinsipləri əsasında qurulmasını nəzərdə tutur. Diplomatik nümayəndəliklərə qarşı hücumlar isə dövlət suverenliyinə və beynəlxalq nizamın əsas prinsiplərinə zərbə vurur.
Nizamnamənin 2-ci maddəsinə əsasən, dövlətlər bir-birinin suverenliyinə hörmət etməli, münaqişələri sülh yolu ilə həll etməli və güc tətbiqindən çəkinməlidirlər. Diplomatik nümayəndəliklər müəyyən mənada göndərən dövlətin ərazisi hesab olunur. Bu səbəbdən, onlara hücumlar dövlət suverenliyinin pozulması və beynəlxalq təhlükəsizliyə birbaşa təhdid kimi qiymətləndirilir.
Bütün bunlar bir daha göstərir ki, səfirliklərə yönəlmiş istənilən hücum beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və dövlətlərarası münasibətlərə ciddi zərbə vurur. Bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət prinsipial mövqe nümayiş etdirməli, dövlətlər isə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdırlar.
Azərbaycan belə pozuntulara qarşı çıxır və bütün tərəflərdən eyni məsuliyyətli yanaşma gözləyir.
MTM Analitik Qrupu