Azərbaycanın Mərkəzi Asiyanın tərəqqisinə töhfələri artır - MƏQALƏ

Coğrafi mövqeyi, resursları, Avrasiyada artan əhəmiyyəti kontekstində dünyanın xüsusi diqqət mərkəzində olan Mərkəzi Asiya öz inkişafında yeni, tarixi əhəmiyyətli mərhələyə qədəm qoyub. Regionda etimad, mehriban qonşuluq və qarşılıqlı hörmət mühitinin, birgə tərəqqi üçün zəminin formalaşması Mərkəzi Asiya qarşısında yeni üfüqlər açır. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, Mərkəzi Asiyada yaşanan bu inkişaf prosesinə Azərbaycan da getdikcə daha mühüm töhfələr verir. Ümumiyyətlə, Azərbaycanın yürütdüyü siyasət ona gətirib çıxarıb ki, hazırda Mərkəzi Asiya və Cənubi Qafqaz biri-birini tamamlayan, dünya üçün önəmi davamlı şəkildə yüksələn regionlara çevrilib.
Qeyd edilənlər kontekstində təsadüfi deyil ki, son illərdə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan liderinin iştirakı mütəmadi xarakter alıb. Növbəti dəfə belə görüş Daşkənddə keçriləcək və burada yenə Azərbaycan ən yüksək səviyyədə iştirak edəcək. Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafdan danışarkən bu məqama toxunan Prezident İlham Əliyev qeyd edib: “Əvvəlcə qeyd etmək istəyirəm ki, bu, mənim Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakım olacaq. Dəvət aldığım ilk görüş 2023-cü ildə Düşənbədə, ikincisi isə 2024-cü ildə Astanada keçirilib və qarşıdakı görüşün Daşkənddə keçirilməsi gözlənilir. Mən dəvətə, həmçinin Azərbaycanın bu mühüm tədbirdə iştirakına göstərilən dəstəyə görə bütün həmkarlarıma, ilk növbədə isə qardaşım Şavkat Mirziyoyevə səmimi təşəkkürümü bildirirəm.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir”.
Proseslərin inkişaf axarı göstərir ki, qarşıdakı dövr ərzində Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər daha da dərinləşəcək. Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni mərhələsi isə bu prosesin daha rəvan getməsinə olduqca əlverişli zəmin yaradır. Artıq faktdır ki, sözügedən coğrafiyada əməkdaşlığı regional konsolidasiyanın yeni mərhələsinə çıxarmaq üçün dövlətlər səviyyəsində zəruri addımlar atılır. Strateji məqsəd əldə edilmiş razılaşmaları konkret nəticələrə çevirməkdir. Ümumiyyətlə, Mərkəzi Asiya vahid imkanlar məkanına çevrilir. Davam edən dəyişikliklərin parlaq simvolu Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşüləridir. Artıq bu görüşlər qısa müddət ərzində regional qarşılıqlı fəaliyyət və etimad dialoqu üçün effektiv mexanizmə çevrilib. Təhlillər göstərir ki, artıq bu görüşlər Mərkəzi Asiyanın bu günü və gələcəyinə təsir edən strateji məsələlərə ümumi yanaşmaların işlənib hazırlanması üçün əsas platforma kimi çıxış edirlər.
Dünya nizamının kütləvi şəkildə transformasiyası, qlobal iqtisadiyyatın parçalanma təhlükəsi, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi ilə bağlı artan çağırışlar fonunda Mərkəzi Asiya ölkələrinin vahid mövqe sərgiləmələri çoxsaylı üstünlüklər əldə edilməsinə gətirib çıxarır. Real vəziyyət də göstərir ki, region ölkələrinin əməkdaşlıqlarını gücləndirməsi sadəcə, siyasi məqsəd deyil, həm də strateji zərurətdir. Onu da xatırlatmaq lazım gəlir ki, regional əməkdaşlıq tarixində dönüş nöqtəsi hesab edilən məşvərət görüşlərinə 2017-ci ildən start verilib. Məhz həmin vaxt sözügedən regionun liderləri uzun illər ərzində ilk dəfə olaraq xarici vasitəçilik olmadan sistemli və müntəzəm dialoqa başladılar. Elə məşvərət görüşləri çərçivəsində aparılan dialoqlar sayəsində uzun illərdir mövcud olan bir sıra ziddiyyətlər aradan qaldırıldı və inamsızlıqdan həqiqi əməkdaşlığa keçidə nail olundu.
Regional əməkdaşlığın yeni mərhələsinin ən mühüm nailiyyətlərindən biri sərhəd məsələlərinin yekun həlli ilə bağlı oldu. Son vaxtlara kimi çözümü qeyri-mümkün görünən bu məsələ dialoq sayəsində konkret nəticələrin əldə edilməsinə gətirib çıxardı. 2025-ci ilin martında Özbəkistan, Qırğızıstan və Tacikistan arasında “Üç dövlətin qovuşması haqqında” Müqavilənin və Xucənd Bəyannaməsinin imzalanması bu mənada tarixi əhəmiyyət kəsb edir. Regionun müstəqillik tarixində ilk dəfə olaraq qarşılıqlı sərhədlərin bütün perimetri hüquqi cəhətdən rəsmiləşdirildi, onilliklər ərzində gərginlik mənbəyi olan məsələ həll olundu. Əvvəllər kəskin fikir ayrılıqlarının və münaqişələrin mənbəyi olan su və enerji sektorunda da əsaslı müsbət dəyişikliklər baş verir. Qardaşlıq əməkdaşlığının bariz nümunəsi Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında “Kambarata-1” Su Elektrik Stansiyasının birgə həyata keçirilməsinə dair sazişi göstərmək olar ki, bu da regionun su və enerji ehtiyatlarının birgə istifadəsində yeni səhifə açır.
Bütün bunlar fonunda regionda yeni iqtisadi reallıq formalaşır. Son səkkiz il ərzində Mərkəzi Asiya ölkələrinin ümumi ÜDM-si 2,5 artaraq 520 milyard dollara, xarici ticarət isə iki dəfədən çox artaraq 253 milyard dollara çatıb. Regionun əhalisi artıq 80 milyon nəfəri keçib və BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər 100 milyonu keçəcək. Mərkəzi Asiya həm də dünyanın ən gənc regionlarından biridir və orta yaş cəmi 29-dur. Belə bir güclü regionla Azərbaycan arasında dərinləşən əməkdaşlıq bütün iştirakçı tərəflərin maraqlarına cavab verir.
Ölkəmizin coğrafi mövqeyi, çoxşaxəli xarici siyasəti və iqtisadi diplomatiyası Mərkəzi Asiyanın dövlətləri üçün həm sabit tərəfdaş, həm də strateji körpü rolunu oynayır. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının əsas sütununu nəqliyyat-logistika şəbəkələrinin inkişafı təşkil edir. XXI əsrin ən mühüm geoiqtisadi təşəbbüslərindən sayılan Orta Dəhliz region ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir. Bu dəhlizin əsas halqalarından biri olan Azərbaycan həm Xəzər dənizi üzərindən, həm də Cənubi Qafqaz boyunca uzanan infrastrukturla Mərkəzi Asiyanın Avropa ilə əlaqələrini təmin edir.
Azərbaycan həm də regionda enerji əməkdaşlığının yeni formatlarının formalaşmasına təkan verir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında enerji siyasətinin uzlaşdırılması, hasilat və nəql mexanizmlərinin koordinasiyası, eləcə də dayanıqlı enerji layihələrinin təşviqi bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində diqqət çəkən digər amil Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi və institusional əməkdaşlıqdır. Bu platforma təkcə mədəni deyil, həm də iqtisadi, ticarət, energetika, rəqəmsallaşma və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq imkanları yaradır.
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında mədəni-humanitar əlaqələr də strateji əhəmiyyət daşıyır. Ortaq dil, tarix və mədəni köklər bu münasibətlərin sosial bazasını genişləndirir. Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan Mərkəzi Asiyanın əməkdaşlıq modelinin transformasiyasında aparıcı rol oynayır. Ölkə həm özünün geostrateji imkanlarını səmərəli şəkildə reallaşdırır, həm də region dövlətlərinin qlobal iqtisadi sistemə daha fəal inteqrasiyasına təkan verir.
MTM Analitik Qrupu