Bu gün

“Əziz Şuşa, sən azadsan! – 5 illik tarix”

“Əziz Şuşa, sən azadsan!” - düz 5 il əvvəl bugün – noyabr ayının 8-də Ali Baş Komandan İlham Əliyev xalqımıza Şuşanın azad edilməsi müjdəsini məhz bu təsirli sözlərlə verdi. Bu müjdə eyni zamanda müharibənin taleyindən də xəbər verirdi. Çünki, Şuşa həmin zaman düşmən üçün strateji şəhər sayılırdı. Şəhər təbii istehkam olduğundan ora tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi.

Ermənilər də bunu əsas götürərək Azərbaycan Ordusunun Şuşaya qalxa biləcəyini heç zaman ehtimal etmirdilər. Lakin düşmənin unutduğu bir məsələ var idi, Vətən üçün burunlarının ucu göynəyən, 30 ilə yaxın həsrətini çəkən igid oğullarımızın qarşısında “irəli!” əmrindən sonra heç bir maneə dura bilməzdi.

Qarabağın tacı, döyünən ürəyi olan Şuşanı düşməndən geri almağın həmin zaman iki yolu vardı. Birincisi şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək idi. Lakin komandanlıq buna razı olmadı. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara, şəhərin qədim tarixinin məhvinə səbəb olacaqdı. Buna görə də ikinci və daha təhlükəli variant seçildi - əlbəyaxa döyüş!

Erməni komandanlığı Azərbaycan qoşunlarının iki istiqamətdən gələcəyini ehtimal edirdi. Buna görə də hər iki istiqamətdə müqavimət göstərmək üçün ciddi hazırlıqlar aparılmışdı. İstiqamətlərdən biri Qırmızı Bazar ətrafı idi. Çünki, oradan Şuşakəndə yol gedir və həmin yol daha sonra Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi.

Azərbaycan ordusunun komandanlığı öz miqyasına və ardıcıllığına görə misli görülməmiş qərar qəbul etdi. Düşmənin belə ağlına gəlməyəcək bir plan hazırlandı və sıx Qarabağ meşələrindən Şuşaya istiqamət götürüldü. Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada irəliləməli oldu.

Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz olunan və hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dörd tərəfdən Şuşanın sıldırımlarına dırmaşaraq səhər saatlarında şəhərə daxil oldu. Dərhal hücuma keçən qəhrəman əsgər və zabitlərimiz, düşməni üzbəüz döyüşə məcbur etdi. Gözlənilməz hücum qarşısında aciz qalan erməni silahlıları yüzlərlə itki verərək günün ikinci yarısından sonra şəhərdən tam çıxarıldı. Onlar şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə Şuşaya yenidən hücum etsələr də bütün cəhdlər boşa çıxdı.

Məğlub vəziyyətə düşən Ermənistan Ordusu növbəti gün, yəni noyabr ayının 7-də son şansını da yoxlayaraq Şuşaya qadağan olunmuş İsgəndər-M ballistik raketləri atmağa başladı. Lakin bu cəhd də döyüşün taleyini dəyişə bilmədi.
Azərbaycan Ordusu düşməni elə gizləndiyi zirvədə məhv edərək dünyada görünməyən bir peşəkarlıq nümayiş etdirdi. Bu, yüksək hazırlıq tələb edən unikal əməliyyatlardan biri idi. Buna görə də Şuşanın işğaldan azad edilməsi əməliyyatı əbədi olaraq dünya hərb tarixinə yazıldı.

Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi.

Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadığı üçün Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.

Azərbaycanın Şuşanı geri qaytarması hərbi balansı ciddi şəkildə dəyişdirdi. Təbii ki, bu da münaqişənin həlli üçün təklif edilən baza prinsipləri üzrə danışıqlara öz təsirini göstərdi. Bu qələbə məcburi köçkünlərin Şuşaya qayıtması baxımından Azərbaycanın mövqeyini də gücləndirdi. Həll üçün son razılaşmada Azərbaycan cəmiyyətinin hüquqları ilə bağlı öz şərtlərini diktə etmək baxımdan statusunu yüksəldə bildi.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir.

Babək Zeynalov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?