Bu gün

Sülhün, dialoqun və həmrəyliyin ünvanı: Azərbaycan - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində müşahidə olunan çoxsaylı dəyişikliklər fonunda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi daha mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Artıq aydın görünür ki, qlobal miqyasda dini, etnik və mədəni müxtəlifliklərin dərinləşdiyi bir dövrdə dialoq və əməkdaşlıq mexanizmlərinin qurulması bəşəriyyətin davamlı inkişafı üçün əsas şərtlərdən biridir.

Bu baxımdan təsadüfi deyil ki, Azərbaycan həm milli, həm də beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir və donor dövlət kimi bu sahəyə xüsusi töhfələr verir. Ölkəmizin bu istiqamətdəki fəaliyyəti dünya miqyasında da diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Bu məsələyə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında növbəti dəfə xüsusi diqqət yetirilib.

Xarici işlər naziri Ceyhun Bayramov sessiyada çıxışı zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verdiyini bildirib. O, 2008-ci ildə Bakıda irəli sürülən və UNESCO tərəfindən dəstəklənən “Bakı Prosesi”nin bu istiqamətdə uğurlu nümunə kimi beynəlxalq səviyyədə tanındığını qeyd edib. Nazir həmçinin vurğulayıb ki, BMT Nizamnaməsi və UNESCO-nun Konstitusiyasının 80 illik yubileyi çoxtərəflilik və sülh prinsiplərinə sadiqliyin, eləcə də birgə dəyərlərə əsaslanan qlobal həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələdir.

Ceyhun Bayramov əlavə edib ki, Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irs, müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslanır. Ölkəmiz donor dövlət kimi mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq sahələrində təşəbbüsləri dəstəkləyir.

Nəzərə almaq vacibdir ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu bir məkan olub. Qədim dövrlərdən bu torpaqlarda tolerantlıq, qarşılıqlı hörmət və birgəyaşayış ənənələri formalaşıb. Məhz bu zəngin irs müasir dövrdə Azərbaycanın multikultural və humanist dövlət siyasətinin ideoloji əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu siyasəti beynəlxalq səviyyədə yeni mərhələyə yüksəldib.

Bu prosesdə Heydər Əliyev Fondunun, xüsusilə də Fondun prezidenti Mehriban Əliyevanın rolu mühümdür. Nəticə etibarilə Azərbaycan artıq yalnız multikultural dəyərləri qoruyan deyil, həm də onları dünyaya təqdim edən və təşviq edən donor dövlət kimi çıxış edir. Birinci vitse-prezident Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca son rəsmi səfəri çərçivəsində keçirilən tədbirlər də bunun bariz nümunəsidir.

Roma Papası XIV Leo birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşündə qeyd edib ki, Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər və Azərbaycanla Vatikan arasında əməkdaşlıq dinlərarası və sivilizasiyalararası dialoqa böyük təkan verir. Azərbaycanın bu sahədə dünya miqyasında aparıcı mövqe tutması da Roma Papası tərəfindən xüsusi vurğulanıb.

Qeyd edək ki, sözügedən səfər zamanı Azərbaycanın birinci vitse-prezidenti Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilən bərpa işləri ilə tanış olub. Daha əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihə – Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpası da uğurla reallaşdırılmışdı. Bütün bunlar Azərbaycanın mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafına verdiyi növbəti töhfədir.

Şübhəsiz ki, Azərbaycanın bu sahədəki ən mühüm təşəbbüslərindən biri 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi”dir. Bu proses Qərb və İslam dünyası arasında mədəni əməkdaşlıq körpüsünün yaradılmasına xidmət edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar — Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər təşəbbüslər — Azərbaycanı mədəniyyətlərarası dialoqun qlobal platformasına çevirib.

Xüsusilə, 2011-ci ildən etibarən UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının tərəfdaşlığı ilə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu sahədə beynəlxalq donor və təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirib. Forumun məqsədi müxtəlif dinlərə, etnik qruplara və mədəniyyətlərə mənsub xalqlar arasında qarşılıqlı anlayışı, etimadı və əməkdaşlığı dərinləşdirməkdir.

Azərbaycan həm də dini müxtəlifliyin harmonik şəkildə qorunduğu nadir ölkələrdəndir. Burada islam dini ilə yanaşı, xristianlıq və yəhudilik kimi dinlər də sərbəst şəkildə fəaliyyət göstərir. Bakıdakı pravoslav və katolik kilsələri, dağ yəhudilərinin sinaqoqu, eləcə də alban-udi icmasının dini məbədləri Azərbaycanın dini tolerantlığının canlı nümunələridir. Dövlət bütün dini icmalara bərabər münasibət göstərir və onların fəaliyyətinə şərait yaradır. Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası, Dağ Yəhudiləri Dini İcması və digər qurumlar arasında əməkdaşlıq dinlərarası dialoqun möhkəmlənməsinə xidmət edir.

Bütün bunlar fonunda təsadüfi deyil ki, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi önəm artıq qlobal miqyasda qəbul olunmuş bir nümunəyə çevrilib. Azərbaycan modeli sübut edir ki, dini və mədəni müxtəliflik cəmiyyətin parçalanmasına deyil, onun zənginliyinə xidmət edə bilər. Bu model qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır və qlobal sülhün möhkəmlənməsi üçün praktik mexanizm rolunu oynayır.

Məhz bu prinsiplərə sadiq qalmaqla Azərbaycan XXI əsrdə mədəniyyətlərarası və dinlərarası dialoqun aparıcı təşəbbüskarlarından biri kimi çıxış edir. Azərbaycan modelinin uğuru həm də ondan ibarətdir ki, ölkəmiz mədəniyyətlərarası və dinlərarası dialoqu dövlət siyasətinin tərkib hissəsinə çevirərək, həm milli kimliyini qoruyur, həm də qlobal dəyərlərin inkişafına xidmət edir. Bu yanaşma sayəsində Azərbaycan beynəlxalq humanitar diplomatiya müstəvisində nümunəvi donor dövlət kimi öz mövqeyini möhkəmləndirməkdə davam edir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?