“Avronest qətnaməsinə qarşı səs vermək İrəvanın Bakıya sülh mesajıdır” - AÇIQLAMA

“Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının nümayəndələrinin İrəvanda keçirilən “Avronest” sessiyasında Qarabağı könüllü tərk etmiş ermənilərin bu əraziyə geri qayıtmaq “hüququnun təmin olunmasını” tələb edən qətnamə layihəsinə qarşı səs verməsi, İrəvanın Bakı ilə sülh sazişi imzalamaqda maraqlı olduğunu göstərir”.
Bu fikirləri təhlil.az saytına “Xəzər Məkan Analizi Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadə açıqlamasında deyib.
O xatırladıb ki, üç ay əvvəl Ermənistan Azərbaycanla sülh sazişinin layihəsini paraflayıb və bu sənəddə tərəflərin bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiq qalmaq öhdəliyi təsbit olunub:
“Əgər Ermənistan tərəfi ‘Avronest’in bu təşəbbüsünü dəstəkləsəydi, bu, Bakı ilə paraflanmış sülh sazişinin mahiyyətinə zidd olardı. Çünki həmin sənəddə hər iki tərəf bir-birinin daxili işlərinə müdaxilə etməməyə razılaşıb. Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin geri qayıtması tələbi isə Azərbaycanın daxili işlərinə kobud müdaxilə deməkdir”.
Onun sözlərinə görə, bu reallığı “Avronest”də qətnamə layihəsinin müəllifləri, xüsusilə erməni müxalifəti və onu dəstəkləyən dairələr anlamır:
“Bu, onların problemidir. Ona görə də Azərbaycan belə bir siyasi şouda iştirakdan imtina etdi. Ermənistan hökumət nümayəndələrinin də 8 avqustda Vaşinqtonda imzalanmış sənədlərə hörmət edərək bu təxribatdan kənarda qalması müsbət haldır. Lakin görünür, ‘Avronest’in bəzi siyasi çevrələri tamamilə fərqli prinsiplərlə hərəkət edir”.
Politoloq Ermənistandakı daxili vəziyyətə, Paşinyanla Kilsə rəhbərliyi arasındakı gərginliyə və Gümrü merinin həbsi məsələsinə də toxunub.
O qeyd edib ki, Gümrü Ermənistanda həmişə etirazların mərkəzi kimi tanınıb:
“Əgər burada yenidən iğtişaşlar başlasa, bu, digər bölgələrə də yayıla bilər. Ermənistan daxilində Paşinyanın sülh siyasətindən narazı olan qüvvələr çoxdur. Onlar cəmiyyətdə gərginlik yaratmağa, Paşinyanın mövqelərini sarsıtmağa çalışırlar. Gümrü meri Vardan Qukasyan da bu prosesdə provokator rolunu oynayır, şübhəli geosiyasi təşəbbüslərlə çıxış edir və Rusiyanın diqqətini cəlb etməyə çalışırdı. Onun fəaliyyəti açıq şəkildə xarici qüvvələrə yönəlmişdi və bu, Ermənistan hakimiyyəti üçün təhlükə yaradırdı. Belə vəziyyətdə hökumət onun yaratdığı potensial qarşıdurma ocağını neytrallaşdırmaq üçün məcburi addım atdı”.
Ekspertin fikrincə, Hazırda Ermənistan Apostol Kilsəsi müxalifət qüvvələrinin əsas dayağına çevrilib:
“Erməni kilsəsinin həm ölkə daxilində, həm də xaricdə böyük maliyyə resursları var. Bu vəsaitlər indi Paşinyana qarşı istifadə olunur. Hökumət isə kilsə rəhbərliyini ictimaiyyət qarşısında nüfuzdan salmağa çalışır, çünki bu struktur artıq dini təşkilatdan çox, mafioz sxemlərlə fəaliyyət göstərən siyasi mərkəzə çevrilib. Bundan başqa, bu gün erməni ruhaniləri arasında da ciddi parçalanma və böhran hökm sürür. Erməni kilsəsi daxilində fikir ayrılığı dərinləşib və bu, həm siyasi, həm də ictimai proseslərə birbaşa təsir göstərir”.
İ.Vəlizadə əlavə edib ki, Erməni Kilsəsinin kilsələr və ərazi torpaqları şəklində böyük maddi aktivləri var:
“Onların təkcə Ermənistanın daxilində deyil, həm də xaricində pulları var və bu maliyyə resursları Paşinyana qarşı istifadə olunacaq. Buna görə də, Ermənistan hakimiyyəti bu gün mafiya təşkilatının sxemi ilə fəaliyyət göstərən kilsənin bu liderlərini nüfuzdan salmağa çalışır”.
Rasim Babayev
 
			
			 
			 
    			