Azərbaycan müstəmləkəçiliyə qarşı qlobal mübarizənin önündədir - MƏQALƏ

Yaşadığımız əsrdə müstəmləkəçilik rəsmi olaraq keçmişin bir qalığı kimi görünsə də, bu fenomenin müxtəlif formalarda davam etdiyi danılmaz həqiqətdir. Burada mühüm məqamlardan biri odur ki, müstəmləkəçilik indi təkcə ərazilərin işğalı ilə deyil, həm də iqtisadi, siyasi, informasiya və mədəni asılılıq formalarında təzahür edir.
Bununla belə, hazırda müstəmləkəçiliyə qarşı qlobal miqyasda yeni bir mübarizə mərhələsinin başlandığı da faktdır. Azərbaycan bu prosesdə lider ölkələrdən biri kimi çıxış edir. Ölkəmizin beynəlxalq səviyyədə müstəmləkəçiliyin bütün formalarına qarşı qəti mövqeyi və prinsipial mübarizəsi Azərbaycanın qlobal ədalət və beynəlxalq hüququn bərqərar olmasına verdiyi mühüm töhfələrin bariz göstəricisidir.
Bu kontekstdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun bu günə qədər davam edən fəsadlarına həsr edilmiş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransın keçirilməsi beynəlxalq miqyasda böyük diqqət çəkib.
Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələrin, diplomatların və rəsmi şəxslərin iştirak etdiyi tədbir müstəmləkəçiliyin ağır nəticələrinin yenidən qlobal gündəmə çıxarılmasında mühüm addım hesab olunur. Belçikanın Afrika qitəsində, xüsusilə də qeyd olunan ölkələrdə yerli xalqlara qarşı həyata keçirdiyi vəhşiliklər — etnik bölünmə siyasəti, kütləvi qətllər və mədəni irsin talan edilməsi — uzun illər diqqətdən kənarda qalmışdı. Lakin Azərbaycan sayəsində bu məsələyə artıq fərqli bir baxış formalaşır.
Eyni zamanda, Belçikanın keçmiş müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət nəticəsində həmin ölkələrin resurslarının bu gün də istismar olunması, vurulan ziyana görə kompensasiya tələbinin beynəlxalq səviyyəyə çıxarılması baxımından da bu konfransın əhəmiyyəti böyükdür.
Konqolu tədqiqatçı Dieudonne Kvebe-Kimpele vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətin indiyədək müzakirə etmədiyi bir mövzunu — Konqo Demokratik Respublikasının müstəmləkəyə çevrilməsi tarixini gündəmə gətirib:
“Bizi hələ də əyalət səviyyəsində idarə edirlər, ölkəmiz xammal bazasına çevrilib və xalq olaraq özümüzü konqolu kimi hiss edə bilmirik”.
Braziliyalı alim, fəlsəfə doktoru Lui Filipp Patrik de Jonq Filyonun sözlərinə görə, Afrika xalqlarına vurulan ziyana görə təzminat ödənilməsi zəruridir, çünki Belçika müstəmləkə rejimi zamanı milyonlarla konqolu öldürülüb və işgəncələrə məruz qalıb.
Xatırladaq ki, BMT-nin Afrika Mənşəli Şəxslərin İşçi Qrupunun 2019-cu ildə hazırladığı hesabatda Belçikanın müstəmləkə dövründə Konqo Demokratik Respublikası, Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on minlərlə insanın əllərinin kəsildiyi, etnik bölgü siyasətinin tətbiq olunduğu və minlərlə uşağın zorla ailələrindən ayrıldığı qeyd olunur.
Bu ədalətsizliklərə qarşı beynəlxalq səviyyədə ən qətiyyətli mövqelərdən birini Azərbaycan nümayiş etdirir.
Azərbaycan bu gün beynəlxalq münasibətlərdə neokolonializm adlandırılan yeni müstəmləkəçilik formalarına qarşı çıxır. Xüsusilə bəzi Qərb dövlətlərinin və beynəlxalq institutların inkişaf etməkdə olan ölkələrin daxili işlərinə qarışmaq, sanksiyalarla təzyiq göstərmək və ikili standartlı siyasət yürütmək cəhdləri Azərbaycanın prinsipial mövqeyi ilə tənqid olunur.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bu davranışlar beynəlxalq hüququn prinsiplərinə ziddir və müstəqil dövlətlərin suverenliyini pozur. Dövlət başçısının cari ilin aprelində Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində dediyi kimi:
“Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüf ki, bu gün bir sıra Qlobal Cənub ölkələri hələ də bəzi Qərb dövlətlərinin neokolonial siyasətindən əziyyət çəkir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik və iztirab gətirən bu davranışları qəbuledilməz hesab edirik”.
Azərbaycanın BMT-dəki fəaliyyəti də müstəmləkəçiliyə qarşı beynəlxalq mübarizənin mühüm hissəsidir. Ölkəmiz BMT-nin Dekolonizasiya Komitəsində fəal iştirak edir, hələ də öz müqəddəratını təyin edə bilməyən xalqların azadlıq hüququnu müdafiə edir.
Eyni zamanda Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli dünya düzəninin formalaşması üçün təşəbbüslərlə çıxış edir. Bu ilin sentyabrında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı konfrans bunun bariz nümunəsidir.
Tədbirin yekun bəyanatında BMT Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il tarixli 1514 saylı qətnaməsinə istinad edilərək, müstəmləkəçiliyin bütün formalarının dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Müasir dövrdə Azərbaycanın müstəmləkəçiliyə qarşı beynəlxalq mübarizəsi yalnız tarixi ədalətin bərpasına deyil, həm də yeni, ədalətli və bərabərhüquqlu beynəlxalq sistemin formalaşmasına xidmət edir.
Bu istiqamətdə Azərbaycanın ardıcıl və prinsipial mövqeyi ölkəmizi təkcə regional lider deyil, həm də qlobal ədalət və azadlıq uğrunda mübarizənin aparıcı simalarından birinə çevirib.
MTM Analitik Qrupu
 
			
			 
			 
    			