Türkiyə ilə sərhədlərin açılması gündəmdə – Ermənistan real addım atacaq? - TƏHLİL

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Sülh Forumunda bəyan edib ki, “Türkiyə ilə diplomatik münasibətlərin bərpası və sərhədlərin açılması artıq zaman məsələsidir”. Ermənistanın baş nazirinin bu bəyanatı regionda yenidən diplomatik dinamikanın yaranmasına səbəb olub. Bu ifadə bir tərəfdən Paşinyanın Qərbə inteqrasiya istiqamətində davamlı səylərinin göstəricisidir, digər tərəfdən isə Ermənistanın daxili və regional təzyiqlər qarşısında manevr cəhdidir.
Türkiyə və Ermənistan arasında sərhədlər 1993-cü ildə bağlanıb. Bunun əsas səbəbi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi idi. Həmin il Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Ankaranın bu addımı atmasını şərtləndirdi. O vaxtdan etibarən Ankara İrəvan arasında diplomatik münasibətlərə də son qoyuldu. Baxmayaraq ki, illər ərzində bir sıra normallaşma təşəbbüsləri irəli sürüldü, xüsusilə 2009-cu ildə İsveçrənin vasitəçiliyi ilə imzalanan, lakin ratifikasiya edilməyən “Sürix protokolları” bu istiqamətdə ən ciddi cəhd idi. Lakin həmin sənədlər həyata keçmədi, çünki Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməkdən imtina edirdi.
İkinci Qarabağ müharibəsindən sonra regionda geosiyasi tarazlıq dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bu, Türkiyə-Ermənistan münasibətlərinə də təsirsiz qalmadı. Ankara artıq əvvəlki kimi sərhədlərin açılmasını Qarabağ məsələsinin həlli ilə əlaqələndirmir. Çünki münaqişə faktiki olaraq başa çatıb. Bununla belə, Türkiyə üçün əsas prinsip dəyişməyib: sülhün və regional əməkdaşlığın əsas şərti Ermənistanın revanşist iddialardan və ritorikadan imtina etməsidir.
Paşinyanın son bəyanatı təkcə regiona deyil, həm də daxili auditoriyaya ünvanlanıb. Ermənistan hazırda Rusiya ilə münasibətlərdə gərginlik yaşayır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki uzaqlaşma, Qərb strukturları ilə əməkdaşlığın artması, ABŞ və Fransa ilə hərbi dialoqun dərinləşməsi və digər məsələlər İrəvanın xarici siyasət kursunu dəyişdirdiyini göstərir.
Bu kontekstdə Paşinyan üçün Türkiyə ilə sərhədlərin açılması iki məqsədə xidmət edir. Birincisi, Ermənistanı regional təcriddən çıxmalıdır. İkincisi, Rusiya təsirindən qurtularaq iqtisadi alternativlər qazanmalıdır. Belə ki, sərhədin açılması Ermənistan üçün iqtisadi baxımdan ciddi üstünlüklər yarada bilər. Bu halda Türkiyə bazarlarına çıxış, tranzit və turizm gəlirləri, enerji və logistika imkanlarının genişlənməsi labüddür. Lakin bu, yalnız sülh müqaviləsinin imzalanması və Azərbaycanın maraqlarının nəzərə alınması ilə mümkündür. Türkiyə tərəfi Paşinyanın nikbin bəyanatına baxmayaraq, münasibətlərin normallaşmasının Ermənistanın real addımlarından asılı olduğunu açıq şəkildə bildirir. Bu məsələdə Ankara üçün üç əsas istiqamət var: Ermənistanın Azərbaycanın suverenliyinə tam hörmət göstərməsi; yekun sülh müqaviləsinin imzalanması; Ermənistan ərazisindən Azərbaycana qarşı fəaliyyət göstərən anti-Azərbaycan qrupların neytrallaşdırılması. Yəni Ermənistan sülh prosesində konstruktiv davransa sərhədin açılması reallaşa bilər.
Sərhədlərin açılması yalnız iki ölkə arasında deyil, bütövlükdə Cənubi Qafqazda yeni iqtisadi və siyasi dinamikaya səbəb ola bilər. Əgər bu proses baş tutarsa, Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri ilə sinxron şəkildə regionda iqtisadi körpülərin qurulması mərhələsi başlaya bilər. Lakin bunun üçün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla etimad yaradan real addımlar atması vacibdir.
MTM Analitik Qrupu
 
			
			 
			 
    			