Tramp Putini təəccübləndirdi: Vaşinqton sülh prosesində Moskvanı qabaqladı - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyada keçirdiyi brifinqdə Ermənistan və Azərbaycan arasında baş vermiş müharibəyə toxunması həm siyasi, həm də diplomatik baxımdan diqqətçəkici hadisədir. Onun bu bəyanatı təkcə keçmiş münaqişəyə istinad deyil, həm də ABŞ-nin regional siyasətdə öz rolunu vurğulamağa yönəlib. “Biz bu münaqişəni aradan qaldıra bildik” ifadəsi də məhz bu kontekstdə səslənib. Tramp, prezidentliyi dövründə uzun illər davam edən münaqişələrə son qoymaq bacarığı ilə fəxr edir və bunu haqlı olaraq siyasi karyerasının əsas uğurlarından biri kimi təqdim edir.
Xatırladaq ki, Tramp administrasiyası dövründə-2020-ci il Qarabağ müharibəsi zamanı Vaşinqtonun aktiv diplomatik cəhdləri olmuşdu. ABŞ dövlət katibi Mayk Pompeo həmin vaxt hər iki tərəfin xarici işlər nazirlərini danışıqlar üçün bir araya gətirmişdi. Baxmayaraq ki, müharibənin dayandırılmasında əsas vasitəçi Rusiya idi, Tramp dəfələrlə bəyan etmişdi ki, ABŞ regionda sülhün bərqərar olması üçün öz payını verib.
Trampın son açıqlamasında Vladimir Putinin adını çəkməsi də təsadüfi deyil. “Putin mənə zəng edib təəccübləndiyini dedi” ifadəsi ilə o, bir növ Vaşinqtonun sülh prosesində Moskvanı qabaqladığını göstərmək istəyir. Bu bəyanat həm də ABŞ–Rusiya münasibətlərində psixoloji üstünlük nümayişi kimi qiymətləndirilə bilər. Trampın ritorikasında Putinlə danışıqlar zamanı onun təəccübləndiyini vurğulaması liderlər arasında sülhə yanaşmadakı fərqləri də qabardır.
Eyni zamanda bu bəyanat ABŞ-nin Cənubi Qafqaz, xüsusilə də Azərbaycan–Ermənistan münasibətlərindəki rolunu gündəmə gətirir. Əvvəllər Vaşinqton Avropa İttifaqı ilə birgə Ermənistanın Qərbə inteqrasiyasını dəstəkləyirdi. Lakin Tramp administrasiyası fərqli bir kurs seçərək şəxsi diplomatiyaya əsaslanan balanslı siyasət yürütməyə başladı. Artıq Amerika da Azərbaycanın 2020-ci ildə qazandığı qələbə və sonrakı sülh prosesinin regional status-kvonu köklü şəkildə dəyişdirdiyinin fərqindədir.
Trampın bəyanatı Azərbaycan üçün bir neçə baxımdan əhəmiyyətlidir. Əvvəla, Qarabağ məsələsi ABŞ tərəfindən artıq “tam həll olunmuş” kimi qəbul edilir. Bu, Vaşinqtonun bölgədə yeni separatizm və revanşizm meyillərini legitim saymadığı anlamına gəlir. Digər tərəfdən, ABŞ-Azərbaycan münasibətlərinin gələcək formatı da diqqət mərkəzindədir. Tramp dövründə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdi. Bu ritorikanın yenidən səsləndirilməsi Bakıya ünvanlanmış siyasi jest kimi qiymətləndirilə bilər.
Hazırda beynəlxalq səhnədə sülh diplomatiyasında liderlik yarışı başlayıb. ABŞ, Avropa İttifaqı və Rusiya arasında vasitəçilik rəqabəti yenidən qızışır. Trampın çıxışı bu yarışda “biz də varıq” mesajıdır.
Trampın “tarixi hadisə” ifadəsi isə İrəvanda bəzi siyasi dairələrdə narahatlıq doğurub. Ermənistan cəmiyyəti 2020-ci ilin müharibəsini “məğlubiyyət və sarsıntı” kimi xatırlayır. ABŞ prezidentinin həmin hadisəni “sülhün qələbəsi” kimi təqdim etməsi Rusiyada da xoş qarşılanmayıb. Moskva uzun illər davam edən münaqişənin qısa zamanda sülh razılaşması ilə nəticələnməsindən narahatdır və prosesdən kənarda qalmaq onun xoşuna gəlmir.
Lakin Kremlin mövqeyindən asılı olmayaraq, ABŞ artıq Cənubi Qafqazda əsas oyunçulardan birinə çevrilir. Trampın son bəyanatı da bölgədə diplomatik mübarizənin yeni mərhələsinə işarə edir. Reallıq budur ki, Vaşinqton bu regionu nə Rusiyanın, nə də Avropanın tam təsir dairəsinə buraxmaq niyyətində deyil. Çünki Qarabağ sülhü təkcə bir regionun gələcəyi deyil, həm də böyük güclər arasında nüfuz savaşı anlamına gəlir.
MTM Analitik Qrupu