Bu gün

Azərbaycan “Avronest”dən imtina etdi – Qərbin ikiüzlü diplomatiyası iflasa uğrayır - MƏQALƏ

Azərbaycanın Milli Məclisinin nümayəndələri Avronest Parlament Assambleyasının 28–30 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək. Bu qərar geosiyasi və diplomatik reallıqlardan doğan zəruri mövqe kimi qiymətləndirilməlidir.

Assambleyanın təsis aktı 2011-ci il mayın 3-də imzalanıb. Onun ilk təşəbbüslərindən biri 2012-ci ilin aprelində qəbul edilən və Kiyevə ünvanlanan qətnamə idi. Bu ilki oktyabr sessiyasının İrəvanda keçirilməsi isə təsadüfi deyil. Ermənistan hökuməti 2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin VIII Zirvə Toplantısına ev sahibliyi edəcək. Paşinyan administrasiyası ümid edir ki, həmin dövrə qədər Ermənistanın Şengen ölkələrinə vizasız giriş imkanı əldə etməsi daxili siyasətdə mühüm təbliğat üstünlüyü yaradacaq. Bu, 7 iyun 2026-cı il parlament seçkiləri öncəsi “Avropaya inteqrasiya uğuru” kimi təqdim edilə bilər. Lakin bu, Ermənistanı Aİ-yə üzvlüyə yaxınlaşdırmayacaq. Çünki artıq Serbiya, Şimali Makedoniya, Gürcüstan, Moldova və Ukrayna kimi “Avropa inteqrasiyasının veteranları” mövcuddur.

Diqqətçəkəndir ki, Cənubi Qafqaz ölkələri artıq Avropa platformalarına əvvəlki kimi maraq göstərmirlər. Gürcüstan da İrəvan sessiyasında iştirakdan imtina edib. Parlamentin spikeri Şalva Papuaşvili bildirib ki, “Avropa Yuvası” formatı artıq ilkin məqsədlərinə uyğun gəlmir. Beləliklə, Avronestin İrəvanda keçirilən toplantısında yalnız iki ölkə – ev sahibi Ermənistan və Ukrayna təmsil olunacaq. Bu isə Avropa Parlamentinin region siyasətində uğursuz yanaşmasını nümayiş etdirir. Papuaşvilinin də işarə etdiyi kimi, Avropa İttifaqına qoşulmaq üçün “hazırlıq sinfi” rolunu daşıyan Şərq Tərəfdaşlığı təşəbbüsünün bir çox iştirakçı ölkəsi artıq bu forumlardan uzaq durur. Sessiyada nə Belarus, nə Gürcüstan, nə də Azərbaycan iştirak edəcək.

Avropa Parlamenti Gürcüstandakı seçkilərin nəticələrini tanımadığı üçün rəsmi Tbilisini deyil, müxalifət nümayəndələrini İrəvana dəvət edib. Bu, Qərbin uzun illərdir davam edən seçici və ikili standartlı siyasətinin bariz nümunəsidir. Azərbaycan nümayəndə heyətinin də Avronest sessiyasına qatılmaması bu qərəzli siyasətə etiraz xarakteri daşıyır. Eyni zamanda, Avropa Parlamentinin son dövrlərdə Azərbaycanla bağlı “sülh prosesinə xələl gətirən” açıqlamaları da bu qərarın əsas səbəblərindəndir. Avropa Parlamenti təkcə Qarabağ məsələsində deyil, həm də ölkəmizin daxili siyasi proseslərinə dair əsassız və müdaxilə xarakterli qətnamələr qəbul edib.

Bəzi media orqanlarında Azərbaycanın tədbirdən İrəvanda keçirildiyinə görə imtina etdiyi barədə yayılan xəbərlər isə tamamilə əsassızdır. Son aylarda İrəvana enən AZAL çarter reysi və Azərbaycan vətəndaş cəmiyyətinin İrəvanda keçirilən görüşlərdə iştirakı bunun əksini sübut edir.

Azərbaycanın qərarına təsir edən əsas amillərdən biri də 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və Anlaşma Memorandumu ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatıdır. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları tərəfindən sülh və əməkdaşlıq üçün mühüm addım kimi qarşılanan bu sənədlərə Avropa Parlamentinin soyuq və qərəzli münasibəti rəsmi Bakının haqlı narazılığına səbəb olub.

Azərbaycan və Gürcüstanın Avronest sessiyasından imtina etməsi nəticəsində Cənubi Qafqaz regionu İrəvanda yalnız ev sahibi Ermənistanla təmsil olunacaq. Bu fakt Avropa Parlamentinə öz yanaşmasını yenidən nəzərdən keçirməyə və qərəzli siyasətdən imtina etməyə məcbur etməlidir.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?