Tramp–Putin görüşü öncəsi gərginlik artır: razılaşma, yoxsa yeni qarşıdurma? - ŞƏRH

Rusiya ilə ABŞ arasında Ukrayna məsələsinə görə artan gərginlik artıq yeni mərhələyə keçib. Ağ Evin sahibi Donald Trampın münaqişəni həll etmək, sülh və ya atəşkəsə nail olmaq cəhdləri Kreml tərəfindən hər dəfə müxtəlif bəhanələrlə rədd edilir. Trampın Putinlə Avropada planlaşdırılan görüşünün ləğvi isə Vaşinqtonun danışıqlardan nəticə əldə etməyin çətin olduğunu anlaması kimi qiymətləndirilir. Prezident də bunu dolayı yolla etiraf edərək, görüşü “nəticəsiz olacağı” üçün təxirə saldığını bildirib.
Bununla yanaşı, rəsmi Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edib. ABŞ Maliyyə Nazirliyinin açıqladığı siyahıya Rusiyanın nəhəng enerji şirkətləri də daxil edilib. Bu addım, Trampın hakimiyyətə qayıdışından sonra Moskva siyasətində ilk ciddi dönüş kimi dəyərləndirilir.
Trampın ikinci prezidentlik dövründə müşahidə edilən yeniliklərdən biri də Böyük Britaniya və Avropa İttifaqı ilə koordinasiyanın bərpasıdır. Əgər bu sanksiyalar Vaşinqton, London və Brüssel arasında həqiqətən razılaşdırılmış şəkildə həyata keçirilibsə, deməli, Rusiyaya qarşı transatlantik birliyin yenidən formalaşması prosesinə start verilib.
Əslində, Donald Tramp taktikasını dəyişir, lakin ilkin məqsədindən Ukrayna üzrə razılaşmanın qısa müddətdə əldə edilməsindən – imtina etmir. Tramp üçün əsas prioritet atəşkəsin təmin olunması və münaqişənin dayandırılmasıdır. Kreml isə fərqli düşünür və milli maraqları önə çəkərək “güc dili”ndən imtina etmədiyini göstərir.
Buna baxmayaraq, ABŞ vəziyyəti kəskinləşdirməkdən çəkinir. Məsələn, Vaşinqton “Tomahavk” raketlərini Kiyevə verməməklə eskalasiya riskini minimuma endirib və bu yolla sülhə daha meylli mövqe nümayiş etdirib. Yeni sanksiyalar isə Rusiyanı danışıqlara və kompromisə məcbur etmə məqsədi daşıyır.
Əgər ABŞ Ukraynaya “Tomahavk” raketlərini təhvil vermək qərarına gəlsəydi, bu, Ankoricdə əldə olunan razılaşmaların sual altına düşməsinə və dövlət başçıları səviyyəsində planlaşdırılan ikinci ABŞ–Rusiya sammitinin qeyri-mümkün olmasına gətirib çıxarardı. Hazırda söhbət görüşün ləğvindən deyil, təxirə salınmasından gedir.
Tramp administrasiyasının sanksiyaları bununla bitməyəcək. Moskva üzərində artan təzyiq həm Avropanın, həm də Ukraynanın mövqeyini sarsıtmaq məqsədi güdür. Əgər Rusiya yeni sanksiyalara tab gətirə və onlara uyğunlaşa bilsə, Tramp diqqətini yenidən Ukrayna və Avropa istiqamətinə yönəltməli olacaq.
Eyni zamanda, danışıqlarda ilk güzəştə gedən tərəf zəif mövqedə görünəcək. Bu isə o deməkdir ki, Vaşinqton nəticə əldə etsə belə, təzyiq siyasətini dayandırmayacaq.
Hazırda bütün diqqət Tramp və Putin arasında keçiriləcək ikinci görüşə yönəlib. Məhz bu görüş iki ölkə arasındakı münasibətlərin gələcək trayektoriyasını və Ukrayna böhranının mümkün həll mexanizmini müəyyən edəcək.
Hikmət Həsənov