Bu gün

Yeni mərhələ: Azərbaycan-BMT əməkdaşlığı 2030-a doğru - MƏQALƏ

1945-ci ildə İkinci Dünya müharibəsinin dəhşətlərindən sonra qlobal sülhü və təhlükəsizliyi qorumaq, xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün də ən universal beynəlxalq qurum statusunu özündə saxlayır. Təbii ki, qlobal idarəetmə sisteminin mərkəzi dayağı hesab edilən BMT-nin müasir dünyada rolu təkcə sülh və təhlükəsizliklə məhdudlaşmır. Təşkilat eyni zamanda iqlim dəyişikliklərindən tutmuş rəqəmsal bərabərliyə qədər bütün sahələrdə fəaliyyət göstərir.

Düzdür, BMT-nin təsir gücü bəzən məhdud görünür və burada ikili standartların tətbiqi halları da müşahidə olunur. Lakin qurumun yaratdığı dialoq, diplomatiya və qarşılıqlı etimad mühiti olmasaydı, dünya bu gün daha qeyri-sabit olardı. Müasir çağırışlar – xüsusən də iqlim böhranı, silahlı münaqişələr, yoxsulluq və qeyri-bərabərlik kimi hallar – göstərir ki, multilateralizm, yəni beynəlxalq əməkdaşlıq prinsipi hələ də aktuallığını qoruyur.

Məhz bu kontekstdə Azərbaycan BMT-nin aparıcı üzvlərindən biri kimi qurumla münasibətlərinə hər zaman xüsusi diqqət yetirir. BMT ilə Azərbaycan hökuməti arasında 2026–2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanması da bunun bariz nümunəsidir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, BMT-nin yaradılmasının 80-ci ildönümünə həsr edilmiş tədbirdə imzalanan bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin qorunması, iqlimə davamlılığın və səmərəli yaşıl keçidin təşviqi kimi strateji prioritetləri ehtiva edir.

Həmin tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəfli diplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu vurğulayaraq bildirib ki, Azərbaycan fəal və məsuliyyətli üzv kimi qurumun əsas orqanlarında – o cümlədən 2012–2013-cü illərdə Təhlükəsizlik Şurasında, həmçinin üç dəfə İqtisadi və Sosial Şurada təmsil olunub. Nazir Azərbaycanın qlobal arenada artan nüfuzunun və liderliyinin BMT-nin əsas təşəbbüslərinə verdiyi töhfələrlə daha da möhkəmləndiyini diqqətə çatdırıb.

Bu kontekstdə Azərbaycanın 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2016-cı ildə Sivilizasiyalar Alyansının Qlobal Forumuna və 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməsi xüsusi qeyd olunub. Xarici işlər naziri həmçinin 2026-cı ildə Azərbaycanın BMT-nin iki mühüm tədbirinə – Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcəyini xatırladıb.

O, bu tədbirlər vasitəsilə iqlim fəaliyyəti və davamlı urbanizasiya arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq, Azərbaycanın yaşıl enerji keçidinə və qlobal iqlim diplomatiyasındakı aparıcı roluna sadiqliyini bir daha ifadə edib. Bundan əlavə, Ceyhun Bayramov Azərbaycanın BMT-nin Qlobal Gündəliyi ilə tam uzlaşaraq Dayanıqlı İnkişaf Məqsədlərinin irəlilədilməsi, rəqəmsal innovasiyaların tətbiqi, qadınların və gənclərin hüquq və imkanlarının artırılması, humanitar təşəbbüslər və mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyini qeyd edib.

Nazir bildirib ki, 2021–2025-ci illəri əhatə edən Azərbaycan–BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası uğurla yekunlaşdırılıb, imzalanan 2026–2030-cu illər üzrə yeni sənəd isə Azərbaycan–BMT tərəfdaşlığında yeni mərhələnin başlanğıcını qoyacaq.

Xatırlatmaq lazımdır ki, 2021–2025-ci illəri əhatə edən əvvəlki Çərçivə Sənədi Azərbaycan hökuməti ilə BMT-nin ölkə üzrə nümayəndəliyinin birgə əməkdaşlığına dair strateji istiqamətləri özündə ehtiva edib. Bu sənəd həm BMT sisteminin Azərbaycanla fəaliyyətinin planlaşdırılması üçün əsas alət, həm də ölkənin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nə töhfə vermək üçün yol xəritəsi rolunu oynayıb.

Azərbaycan 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilmiş BMT-nin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş və 2016-cı ilin yanvarında qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri adlanan 17 məqsədi və onlara uyğun 169 hədəfi özündə birləşdirən “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” razılaşmasına qoşulub.

Sənəd üzrə müəyyən edilmiş dörd prioritet sahə mövcuddur: dayanıqlılığı təmin edən inklüziv artım; dövlət və sosial xidmətlərin daha keyfiyyətli göstərilməsi üçün güclü institutlar; ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə; eləcə də qadın və qızların səlahiyyətlərini artıran, gender bərabərliyinə əsaslanan cəmiyyətin formalaşdırılması.

Qarşıya qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə 2030-cu ilədək olan dövr üçün dünyanın qlobal inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu məqsədlər “universallıq”, “inteqrasiyalı yanaşma” və “heç kimi geridə buraxmamaq” prinsiplərinə əsaslandığından sülhə xidmət edir və iqtisadiyyatın dinamik inkişafını, sosial və ekoloji problemlərin həllini təmin etməklə əhalinin rifahını yüksəldir.

Ötən dövr ərzində qeyd edilən istiqamətlərdə mühüm nailiyyətlər əldə edən ölkələrdən biri məhz Azərbaycan olub. Çərçivə sənədinin icrası sayəsində ölkəmiz iqtisadiyyatın diversifikasiyası, inklüziv və davamlı artımın təmin edilməsi baxımından əhəmiyyətli nəticələrə nail olub. Bundan əlavə, Azərbaycanda güclü institutların və keyfiyyətli sosial xidmətlərin yaradılması, dövlət idarəçiliyi, səhiyyə, təhsil və sosial müdafiə sistemlərinin inkişafı istiqamətində də mühüm uğurlar əldə olunub.

Ekologiya və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində strategiyaların və proqramların hazırlanması, icrası baxımından Azərbaycan nümunəvi ölkələr sırasında yer alır. Gender bərabərliyinin təşviqi və sosial inklüzivliyin artırılması kontekstində də ölkəmiz çoxsaylı nailiyyətlərin müəllifidir. Beləliklə, 2021–2025-ci illər üçün çərçivə sənədi Azərbaycanın milli inkişaf strategiyaları ilə beynəlxalq gündəlik arasında körpü rolunu oynayıb və milli prioritetləri BMT sistemi ilə əlaqələndirib.

Bu mənada yeni imzalanan 2026–2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi həm Azərbaycan, həm də BMT üçün mühüm nəticələrə gətirib çıxaracaq. Sənədin əhatə etdiyi sahələr də bunu təsdiqləyir.

Bütün bunlar onu göstərir ki, ötən dövr ərzində Azərbaycan–BMT əməkdaşlığı humanitar yardımdan inkişaf tərəfdaşlığına keçid edib. Bu münasibətlər indi bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı öhdəlik və ortaq məqsədlər prinsiplərinə əsaslanır.

BMT-nin Azərbaycan üçün prioritetləri artıq dayanıqlı iqtisadi inkişaf, idarəetmə, gender bərabərliyi və ekoloji sabitlik kimi strateji istiqamətləri əhatə edir. Məhz bu fonda aydın görünür ki, Azərbaycan–BMT əməkdaşlığı ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, regional sabitliyə və qlobal məqsədlərə töhfə verir. Bu əməkdaşlıq davamlı sülh, rifah və inklüziv inkişaf naminə BMT sistemində həyati önəm kəsb edən tərəfdaşlıq kimi dəyərləndirilir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?