III Şuşa Qlobal Media Forumu: Haqlı mövqeyimizin dünyaya çatdırılması baxımından səmərəli platforma - TƏHLİL

Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu Azərbaycanın postmüharibə dövründə çevik diplomatiyasını, özünü qabarıq göstərən informasiya təhdidlərinə, dezinformasiyalara qarşı səmərəli əks-hücumunu təsdiqləyən uğurlu platforma kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Forum çərçivəsində dolğun çıxışı, verilən suallara peşəkar cavabları regionun yeni siyasi reallıqlarının obyektiv mənzərəsini yaratmaqla yanaşı, ölkəmizin Ermənistan üzərində təbliğati-siyasi üstünlüyünü bir daha təsdiqləyib.
III Şuşa Qlobal Media Forumunda iştirak edən müxtəlif ölkələrin tanınmış media nümayəndələri, nüfuzlu ekspertlər bölgənin yeni reallıqları ilə bilavasitə tanış olmaq imkanı qazanırlar və bu da tədbirin əhəmiyyətinin başlıca göstəricisidir. Forumun ilk dəfə olaraq Xankəndi şəhərində keçirilməsi isə son 30 ildə separatçıların işğalında olmuş bu şəhərin tarixən Azərbaycanın ayrılmaz ərazisi olması, habelə Ermənistanın işğalçılığa, milli-dini zəmində nifrət ideologiyasına söykənən destruktiv siyasətinin iflasa uğraması ilə əlaqədar dünyaya verilən açıq mesajdır. Sülhdən dəm vuran qarşı tərəfin müxtəlif beynəlxalq platformalarda hələ də dezinformasiyalar yaymaqla məşğul olmasını hazırkı şəraitdə rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə ifşa edir.
Forumda müzakirə olunan məsələlər Azərbaycanın informasiya siyasətinin güclü və koordinasiyalı şəkildə həyata keçirilməsinin göstəricisidir. Forum zamanı əcnəbi media nümayəndələrinin sual və rəyləri deməyə əsas verir ki, beynəlxalq ictimaiyyət artıq ölkəmizin haqlı və ədalətli mövqeyini tam başa düşür, Ermənistanın münaqişədə haqsız tərəf olduğunu bilir. Rəsmi Bakı faktiki olaraq qarşı tərəfi hibrid müharibədə tam şəkildə sıxışdırıb, ölkəmizə qarşı aparılan məkrli kampaniyaları zərərsizləşdirib.
Dövlət başçısının səsləndirdiyi fikirlər Ermənistanın uzun illər ərzində davam etdirdiyi destruktiv işğalçı siyasətin, sülhə maneə olmaq cəhdlərinin ifşası ilə yanaşı, ölkəmizin ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına xidmət edir. Prezident İlham Əliyev Forumda bir daha xatırladıb ki, ölkəmizin beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanan mövqeyi heç vaxt dəyişməyib, xalqımız işğal faktı ilə barışmayıb. Ermənistanın 30 il ərzində işğalçı siyasət yürütməsi, etnik zəmində separatçılığı dəstəkləməsi, beynəlxalq hüquqa qarşı hörmətsizlik etməsi faktları çıxış zamanı açıq dillə ifadə olunub. Forumda iştirak edən əcnəbi media nümayəndələri və qonaqlar Prezident İlham Əliyevin mövqeyi ilə tanışlıq fonunda regiondakı süh gündəliyini də dolğun şəkildə anlamaq imkanı əldə ediblər.
Ermənistan ağır hərbi-siyasi, diplomatik məğlubiyyət fonunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımağa məcbur olsa da, radikal-revanşist düşüncənin hələ də erməni cəmiyyətinin şüurunda yer alması fonunda bu ölkənin mövqeyinin dəyişməyəcəyinə təminat yoxdur. Bu da rəsmi Bakının yekun sülh sazişinin imzalanması məsələsinə təmkinli, ölçülü-biçili yanaşmaqda, prinsipial tələblərindən geri çəkilməməkdə nə qədər haqlı olduğunu sübut edir. Sülh sazişinin mətni razılaşdırılsa da, imzalanacaq sənəd bütün mübahisəli məqamlara son qoymalı, gələcəkdə hansısa ziddiyyət və gərginliyə yer saxlamamalıdır. Sülh sənədi elə təminatlı prinsiplər əsasında imzalanmalıdır ki, Ermənistanın yenidən mövqeyini dəyişmək, revanşist düşüncələrə qayıtmaq imkanı olmasın.
Rəsmi İrəvan həqiqətən də münaqişənin başa çatdığını, sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu iddia edirsə, bunu hüquqi və siyasi zəmində sübuta yetirməlidir. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması, münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verilməsi rəsmi Bakının dəyişməz tələbləri olaraq qalır.
Prezident İlham Əliyevin çıxışında yer alan “Tabutun üzərini dəmir-betonla qapatmaq” metaforası Azərbaycanın bölgədə separatçılığa birdəfəlik son qoymaq əzminin göstəricisidir: “Beynəlxalq hüququn normaları və Əbu-Dabidə dediyim kimi, separatçılığın tabutunun üzərini dəmir-betonla qapadacaq sənədlər zəmanət olmalıdır. Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur”.
Bu açıqlama bütövlükdə regionda separatizm təhdidlərinə qarşı aydın və sərt mesajdır: bölgədə separatizmə yer yoxdur və hər hansı revanşist cəhdlər Azərbaycan tərəfindən qətiyyətlə aradan qaldırılacaq. Bunun əksinə olaraq Ermənistan revanşist düşüncələrdən birdəfəlik imtina edərsə, bölgədə dayanıqlı sülh üçün şərait yarana bilər. Rəsmi Bakı regionda sabitlik, sülh və tərəqqinin tərəfdarı olsa da, bunun üçün hüquqi-siyasi zəmanətlər tələb olunur.
Ümumiyyətlə, Prezident İlham Əliyevin tədbirdəki dərin məzmunlu çıxışı həm də Cənubi Qafqazın gələcəyi ilə bağlı strateji baxışı, yol xəritəsini müəyyən edir. Ölkəmizin mövqeyi bundan ibarətdir ki, bölgə sülh, sabitlik və əməkdaşlıq mərkəzinə çevrilməlidir. Ölkəmizin bu hədəfini istənilən vasitə ilə təmin etmək imkanları olsa da, rəsmi Bakı hər zaman olduğu kimi, konstruktiv vasitələrə üstünlük verir.
MTM Analitik Qrupu